Xəbər lenti

Dünən Xankəndi şəhərində keçirilən futbol matçından əvvəl və sonra çəkilən videogörüntülər və şəkillər xalqımızın vətənpərvər kəsiminin qəlbini gerçəkdən də riqqətə gətirmişdi. Onlar isə heç də az deyilmiş. Xalqın böyük hissəsi öz torpağını, vətənini səmimi duyğularla sevirmiş.

Bəlkə də “Qarabağ”-MOİK qarşılaşması Tofiq Bəhramov stadionunda keçirilsə, heç 600 azarkeş bu matçı izləmək üçün toplaşmayacaqdı. Bizdə stadionlar komandalarımızın Avropa klublarıyla qarşılaşarkən, bir də milli komandanın oyunları zamanı dolur. Daxili çempionatın azarkeşləri çox deyil. Amma dünən azarkeşlər yeddi rayondan keçərək Xankəndiyə getmişdilər.

Burada əsas məsələ Qarabağ azarkeşliyi idi. Zatən, 14 ildir yüzminlərlə vətəndaşımız “Qarabağ”ın azarkeşidir, onlardan 30 mindən çoxu bu komandanın oyunlarına baxmaqdan ötrü stadiona gəlir. Dünən isə insanlar əsasən Qarabağa, Xankəndiyə baxmağa getmişdilər.

Bu şəhərin qapıları 31 ildən çox idi üzümüzə bağlıydı. Axırıncı dəfə məmur soydaşlarımız Xankəndiyə rus əsgərlərin mühafizəsi, müşayiəti ilə girib-çıxmışdılar. Bir də hərbi əsirlərimizin, mülki girovlarımızın bəzilərinin yolu bu qan çanağından keçmişdi.

Dünən isə 6 mindən çox həmvətənimiz əmin-arxayın şəkildə Xankəndi şəhərinin stadionunda oturub futbola baxır, futboldan da çox, bu şəhərdə olmağın, bu torpağa qədəm basmağın zövqünü yaşayırdılar.

Xankəndidəki futbolu ölkə və region üçün maraqlı edən əsas amil isə Azərbaycanın dövlət başçısı İlham Əliyevin stadiona gəlməsi, meydançaya çıxması, topa ilk zərbəni vurmasıydı. Bunu öncədən təxmin edənlər də vardı, belə bir şey olacağına inanmayanlar da.

Əlbəttə ki, Prezidentin topa ilk zərbəni vurması rəmzi məna daşıyırdı. Bu gün Xankəndi stadionunda topa sərbəstcə təmas etmək üçün minlərlə soydaşımızı itirmişik. Bütün Qarabağ erməni hərbçilərinin top atəşləri ilə dağılmasının qarşısında bizimkilərin stadionda topa zərbə vurması da simvolikdir. Onların topu hara, bizimki hara? Onların topu öldürücüydü, bizim topun səsi artıq kimisə qorxudası deyil.

Bu oyunun qalibinin hansı tərəf olacağı yəqin ki, oyunçulardan, klub rəhbərlərindən və qatı azarkeşlərdən başqa heç kəsə maraqlı deyildi. Hamı dərk edirdi ki, bu gün burada, bu stadionda olmağın özü qələbədir. Elə Prezident İlham Əliyev də öz çıxışında belə demişdi: “Bakının MOİK və “Qarabağ” klubunun oyununun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması böyük rəmzi məna daşıyır”.

Daha bir simvolik jest Prezidentin stadionda futbola şəhid balaları ilə birlikdə tamaşa etməsiydi. Bu, təkcə həyatını vətən yolunda itirmiş müzəffər əsgərlərimizin xatirəsinə ehtiramın göstəricisi deyil, həm də onların əmanətlərinə dövlət qayğısının daimi olacağına dair mesajdır.

2020-ci ilin bu vaxtları Qarabağda qazanılmış böyük qələbəni gözardı edərək, Xankəndi və ətrafdakı rayonların separatçıların əlində qalmasına görə haray-həşir qoparanlar, “bura qədər idi, yerdə qalan rayonlar Ermənistana veriləcək” deyənlər üç ay bundan əvvəl - sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları işğalçılardan azad ediləndə susdular. Ancaq hələ üç il öncə də ən yüksək səviyyədə bildirilirdi ki, bu iş burada bitməyəcək, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunacaq.

Oktyabrın 15-də adı çəkilən şəhərlərdə Azərbaycanın üç rəngli müqəddəs bayrağı ucaldıldı, noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi, dünən də iki Azərbaycan klubu minlərlə vətənsevərin gözü qarşısında futbol oynadı. Ta nə olsun? Bunun adı Zəfərdir, bu, haqq-ədalətin bərpası deməkdir.

İnanaq ki, Prezident demişkən, “bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaq və azərbaycanlılar bu torpaqlarda əbədi yaşayacaq!”


Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 422          Tarix: 21-12-2023, 23:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma