Xəbər lenti




"29 oktyabr Türkiyə Cümhuriyyət Bayramı" günü qutlu olsun! 

Varlığın dosta qürür mənbəyi, düşmənə göz dağıdır.. Al-qırmızı bayrağın daima zirvələrdə dalğalansın, Türkiyəm! 


SALAM OLSUN


Çayır, çeşmə, meşə, dağ,

Arana salam olsun!

Təbriz, Dərbənd, Qarabağ,

Yarana salam olsun!

 

Çağır oğul-qızını,

Yağıdan al xıncını.

Qolu haqq qılıncını

Vurana salam olsun!

 

Qoşulsun yellərinə,

Bir olan dillərinə..

Üzü türk ellərinə

Durana salam olsun!

 

Qatma, Eşqi sevgilə,

Haqq sevgisi seçilər..

Tovrata, həm İncilə,

Qurana salam olsun!

 

Baxmasınlar kəc ilə,

Mərdlik olmaz mərc ilə..

Qaranlığı vəcd ilə

Yarana salam olsun!

 

İçindəki nurunan,

Qəlbindəki qorunan,

O uzaqdan görünən,

Turana salam olsun!

 

 

ŞUŞA 

 

Nə çox zirvən, yoxuşun var,

Nə çox naxoşun, xoşun var...

Ey otuz ilin itgini, ey məhzun üzlü şəhər, 

sən ey qəlbi yanıqlı, ey matəm yüklü şəhər...

 

Mən sənə gələnədək 

həsrətin qırıq-sökük körpüsündən keçmişəm.

Daşını, torpağını ələk-ələk ələyib 

Üç min gövhər seçmişəm…

 

Sənə gələnə qədər qələmi köhlən bilib

çapdım, dördnala çapdım, 

hey axtardım, nəhayət 

divarlarda, yollarda adlarından yadigar

neçə-neçə igidin itən izində tapdım…

 

Acı xatirələrin əzikliyi dolaşır 

görürəm ürəyində,

Kim bilir hansı sirlər yatır hələ dərində…

Qəhrəmanlar qırğı tək havalanıb dağlardan,

necə sıylırıb çıxdı o xırçın dalğalardan?!

Danış, neçə qəhrəman uğuruna verdi can?!

Yağış damlası qədər təmiz, saf səhərimsən,

Torpaq qədər vəfalı, 

başı cəfalar çəkən səfalı şəhərimsən.

 

İşıqlandı qaranlıq, zülmlər yavaşladı, 

Düşmən başın itirib, səfil bir uğraşdadı…

Sən fəht olunan gündən yeni bir çağ başladı...

Dünya tanıdı səni, 

soysuzu qarğışladı, 

Səni azad eləyən türk soylu oğulları 

birlikdə alqışladı.

 

Hər səmtin ayrı mahnı, hər yolun ayrı şeir,

Səni görən, görməyən hüsnünə tərif deyir.

Qaranlıq bir gecənin aydınlıq sabahında 

mən sənin iqlimində xarıbülbül görməyə,

qoynunda bircə hovur nəfəs dərməyə gəldim.

Adı dildə-dodaqda əzbərə dönən şəhər,

Ey gözəl, cazibəli, nağıl, əfsanə şəhər. 

Durub şeir deyərəm sənə o başdan, Şuşa, 

Dillərə dastan Şuşa! 

 

EY ŞƏHİDLƏR AĞACI

 

Ey Şəhidlər ağacı!

Neçə cavan asılıb sənin budaqlarından,

Neçə igid son məktub yazıb yarpaqlarına?..

O gizirin son sözü nə olub balasına,

Bəs o dörd aylıq əsgər,

nə vəsiyyət eləyib nakam nişanlısına?...

 

Ey Şəhidlər ağacı!

Bizə yuxarıdan bax,

Nə bəxtəvər ağacsan,

Səni neçə qəhrəman öz qanıyla suvarıb,

Səni neçə igidin mübarək ruhu sarıb...

 

Ey Şəhidlər ağacı!

Çağır, bu gecə barı, topla, dostlar görüşsün,

halallaşsın qardaşlar, narahat ruhlar gülsün.

Sən dəqiq bilirsənsə, dəvət elə ruhları,

biz itirmişik sayı, 

qoy təntənəli keçsin Şəhidlər qurultayı...

 

Ey Şəhidlər ağacı!

De, bütün ruhlara ki, 

hamı sizə duaçı, hamı sizə ağlayan, 

gözlərdə yaş, ürəkdə ağrı-acı, qəm-sızı,

Sizi tanımayan da indi ağlayır sizi...

 

Ey Şəhidlər ağacı!

Analar nalə çəkir,

Atalar fəryad edir...

..Bir söz soruşum səndən, 

qurban olum, düzün de...

Oğlunu tapmayanlar səndən xəbər alıbmı?... 

başqa adlar asmağa boş budağın qalıbmı?...

Sən bütün ağaclardan fərqlənirsən – qeyrisən...

Sən qiyamət yerisən...

Ey Şəhidlər ağacı!

 

 

ƏSGƏR MƏKTUBU

 

Payız gəlib, açıb dağın boz-bozalaq gülləri,

Verib Vətən borcumu mən, dönəcəyəm, anacan,

Budur gəlir buludların leysanları, selləri,

Yığ gözünə, mən gəlincə gözlət, saxla yolları.

 

Gözaltım var, qismət olsa sevdiyimə çataram,

Mən də bir ev-eşik qurar, başlara baş qataram,

Subaylığın daşını ta birdəfəlik ataram,

Gün sayıram, dua ilə keçirirəm illəri.

 

Savaş çıxdı, göz yummadıq, gecə oldu, dan keçdi,

Vaxt oldu ki, neçə saat sanki bircə an keçdi, 

Kimisindən mənim kimi, güllə gəlib yan keçdi,

Kimisinin qaldı yerdə yetimləri, dulları.

 

Hərdən axan bulaqlara qoşuluram, axıram,

Qoşa uçan qumrulara həsrət ilə baxıram, 

Xudafərin körpüsünə bir addımlıq yaxınam,

Ey Savalan küləkləri, sovur artıq külləri... 

 

Azad oldu yad əllərdən Qarabağın yaxası,

Ocaq yanır, kömək gözlər Səhənd dağın arxası,

El qovuşar, yenə gələr toy-düyünün dalğası,

Naxışlanar gül qızların o xınalı əlləri...

 

Yığ gözünə, mən gəlincə saxla, ana, yolları.

 

Adilə Nəzər

Filologiya üzrə fəlsəfə doktoru, şair-publisist




 




Ana səhifəyə qayıt        Baxış: 5 299          Tarix: 29-10-2022, 21:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma