Xəbər lenti

Krımda təkcə “Novoçerkassk” gəmisi məhv edilməyib, “UTS-150" gəmisi də batıb; donanmanın 20 faizi sıradan çıxarılıb, Şoyqu Kreml liderinə məruzə etməli oldu - təhlil 

Dekabrın 26-da Ukrayna Silahlı Qüvvələrinin işğal altındakı Krım yarımadasının Feodosiya limanına endirdiyi uğurlu zərbələr nəticəsində təkcə “Novoçerkassk” gəmisi məhv edilməyib.

“Yeni Müsavat” xəbər verir ki, “Novoçerkassk”la birgə limanda lövbər salan Rusiya Qara Dəniz Hərbi Donanmasına aid T-43 sinifli “UTS-150" təlim gəmisi də batıb. "AzadlıqRadiosu"nun jurnalisti Mark Krutov dekabrın 26-da Ukrayna Silahlı Qüvvələrinin yerli limana raket hücumundan sonra “Planet Labs” tərəfindən çəkilmiş Krımdakı Feodosiya şəhərinin peyk şəkillərini dərc edib. Həmin şəkillərdən limanda məhv edilən “Novoçerkassk”la yanaşı digər bir gəminin də batdığı görünür.

Müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə bu haqda məruzə edib. Son bir həftədə Rusiya ordusunun 5 qırıcı təyyarə (4 "Su-34", 1 "Su-30"), Qara Dəniz Donanmasının ən böyük desant gəmisi “Novorossiysk”in məhv edildiyi günlərə təsadüf edir. Ukrayna aviasiyası sözügedən gəmini Krımın Feodosiya limanında vurub. Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 790 hərbçisini itirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 355 750 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 14 tank, 17 zirehli döyüş maşını, 10 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

“Rusiyanın Qara dənizdəki donanmasının 20%-i artıq məhv edilib”. Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov "Amerikanın Səsi"nə bildirib. “Əlbəttə, ərazilərimizin azad edilməsi üçün vəziyyətin daha yaxşı olmasını istərdik. Amma bu prosesə paralel olaraq Qara dənizdə çox böyük və mühüm hadisələr baş verdi. Bu vəziyyətə gəldikdə, Rusiya Federasiyası donanmasının 20% -i artıq yoxdur. Bu gün (dekabrın 26-da - red.) gecə baş verənlər isə bizim hərbçilərin Krım məsələsini başa düşdüyünün əyani təsdiqidir. Digər ərazilərimiz kimi, Krım bizim üçün son dərəcə vacibdir”, - deyə Danilov qeyd edib. Dekabrın 26-da səhər saat 3 radələrində işğal olunmuş Krımın Feodosiya bölgəsində partlayışlar baş verib. Bildirilib ki, İran istehsallı döyüş sursatı daşıdığı iddia edilən gəmi partladılıb və limanda yanğın başlayıb. Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Nikolay Oleşşuk təsdiqləyib ki, ukraynalı müdafiəçilər işğal olunmuş Feodosiyada Rusiyanın iri desant gəmisi “Novoçerkassk”ı partladıblar. Sonradan məlum olub ki, “Novoçerkassk” desant gəmisi Hərbi Hava Qüvvələrinin taktiki aviasiyasının qanadlı raketləri ilə məhv edilib.

Bu arada, Ukrayna qoşunları Marinka şəhərindən geri çəkilib. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib. “Qoşunlarımız şəhərdən geri çəkilib. Marinkanın ətrafında, digər yerlərdə səngər qazıblar. Marinka daha yoxdur”, - deyə Zalujnı bildirib. “Gələn il daha çətin ola bilər”. Ukraynanın “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandanı Tarnavski BBC-yə müsahibəsində deyib. O qeyd edib ki, ölkə öz sərhədlərinə çatmaq məqsədini həyata keçirməyə nə qədər yaxındırsa, vəziyyət bir o qədər çətinləşir. “Düşünürəm ki, gələn il yəqin daha çətin olacaq. Çünki biz hərbi əməliyyatlara ərazilərimizin azad edilməsi ilə son qoymalıyıq... Düşmən bunu bilir və bu tapşırığı yerinə yetirməməyimiz üçün hər şeyi edəcək”, - komandan əlavə edib. "F-16"ların tədarükünün cəbhədəki vəziyyəti yaxşılaşdıra biləcəyindən danışan general qırıcıların və PUA-ların alınması ilə Hərbi Hava Qüvvələrinin daha da güclənəcəyini və onların dəstəyi ilə döyüş əməliyyatlarının daha da aktivləşəcəyini vurğulayıb. O əlavə edib ki, havada heç bir üstünlük "F-16"ların olmadığı üçün yox, bir sıra digər amillərə görə olmayıb. “Ukrayna hakimiyyəti atəşkəsə nail ola bilsə, çox güman ki, bəzi ərazilərin itirilməsi ilə barışmalı olacaq”. Almaniyanın Saksoniya federal ərazisinin baş naziri Mixail Kreçmer deyib. “Ukrayna böhranının daimi həllinin tapılması vaxt aparacaq. Almaniya rəhbərliyi Kiyev və Moskva arasındakı münaqişə ilə bağlı diplomatik təşəbbüslərlə çıxış etməlidir”.

“Yeni Müsavat”a danışan siyasi ekspert Ramiyə Məmmədova müharibədə yeni dövr başladığını proqnozlaşdırır. Onun sözlərinə görə, resursların tükəndirilməsi savaşı getməkdədir. Ekspertin fikrincə, Ukrayna müdafiə qüvvələri qurudan zərbələrə dənizdə cavab verməkdədir: “Ukrayna Krım yarımadasını davamlı təzyiq altında saxlamaqdadır. Krım körpüsünün partladılması, PUA-larla hücumlar, Krımdakı hərbi obyektlərə hücumlar, indi isə rus gəmilərinin batırılması göstərir ki, bu ərazilər uğrunda mübarizə dayanmayacaq. Gələn ildən isə Ukrayna yeni silahlarla zərbələri gücləndirəcək. "F-16" qırıcıları təhvil veriləcəyi halda daha amansız bombardman başlayacaq. Sadəcə, Rusiya da ağır zərbələrlə cavabsız qoymayacaq. Rusiya Marinka uğrunda uzun zamandır gedən savaşda böyük itkilər hesabına şəhəri ələ keçirməklə özünə təsəlli tapır. Amma Qərb strateqləri hesablayırlar ki, ruslar nə qədər qan itirdi, nə qədər taqətdən düşdü. Açığı, Rusiya müharibədən yorulub, amma gözləyir ki, Qərbdən yardımlar tam kəsilsin. Yəni kim-kimi yordu müharibəsi gedir”. 




Ana səhifəyə qayıt        Baxış: 3 250          Tarix: 28-12-2023, 10:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma