Şarl Mişelin gedişi ilə Brüssel formatı da tarixə qovuşa bilər. Azərbaycan və Ermənistan arasındakı sülh prosesinin uğurlu nəticələnməsi üçün ikitərəfli danışıqlar formatının əhəmiyyəti getdikcə daha da artır.
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir. O, iyulun ortalarında vəzifəsindən gedəcək. Şarl Mişelin səlahiyyət müddəti 2024-cü ilin noyabrında başa çatır, seçkilər isə bu ilin iyulunda keçiriləcək.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin təhlilini təqdim edirik.
İttifaq ölkələri çətin seçim qarşısında
Onun bu addımı Aİ ölkələrini çətin vəziyyətə salıb. Səbəb isə son illərdə müstəqil və ölkəsinin maraqlarına uyğun siyasət yürütməklə ad çıxarmış Macarıstanın Baş naziri Viktor Orbandır. Viktor Orban Aİ Şurasının rəhbəri Şarl Mişel istefa verəcəyi təqdirdə, müvəqqəti olaraq təşkilata rəhbərlik edə bilər. Belə ki, Aİ liderləri Mişelin vəzifəsini doldurmaq üçün tez razılığa gəlməli olacaqlar. Əks təqdirdə, görüşlərə Macarıstanın baş naziri rəhbərlik edəcək, onun ölkəsi iyul ayında Aİ Şurasının rotasiya nümayəndəliyini qəbul edəcək. Adətən Aİ Şurasının rəhbəri bu rolu öz üzərinə götürür.
İşin içində yenə də Paris var
Əslində Aİ daxilində baş verən bu dəyişikliklər Azərbaycanı da yaxından maraqlandırır. Səbəb isə Bakı ilə İrəvan arasındakı sülh danışıqlarında əsas platformalardan sayılan Brüssel formatıdır. Heç kimə sirr deyil ki, bu formatda danışıqların əsas fiquru məhz Şarl Mişel olub. İlkin mərhələdə Azərbaycan Şarl Mişelin sülh səylərinə loyal yanaşıb. Hətta ən ali səviyyədə bu təşəbbüslər təqdirlə qarşılanıb. Lakin proseslərin sonrakı gedişi rəsmi Bakının Brüssel formatına olan inamını sarsıdıb.
Səbəb 2020-ci il müharibəsindən sonra özünün əsl simasını dünyaya nümayiş etdirən Fransanın birtərəfli qaydada Azərbaycanın maraqlarına zərbə vurmaq cəhdləridir. Paris bütün imkanlarından istifadə edərək Brüssel formatının uğursuzluğa düçar olması, daha çox bu prosesin onun nəzarəti altında və Ermənistanın dəstəklənməsi fonunda aparılmasına səylər göstərib. Nəticə isə bəllidir. Brüssel formatı artıq əvvəlki etimadını itirib.
Şarl Mişel bacarmadı
Bu amil həm də Şarl Mişelin Fransa Prezidenti Emmanuel Makronun siyasi təzyiqləri, bəlkə də gələcək siyasi karyerasında ona vəd etdikləri qarşısında əvvəlki bitərəf mövqeyindən geri çəkilməsindən qaynaqlanır. Aİ Şurasının prezidenti onun sülh təşəbbüslərinin Makron Fransasının təxribatları nəticəsində necə puç olduğuna nəinki reaksiya verib, heç buna ciddi cəhd də göstərməyib. Yalnız Azərbaycanın uğurlu siyasi gedişləri və diplomatik manevrləri Brüssel formatına yeni nəfəs verib. Həmçinin, Aİ-nin digər strukturlarının ölkəmizin “qoca qitə” üçün nə dərəcədə strateji əhəmiyyətə malik olduğunu bağlı qapılar arxasında Şarl Mişelə təkidlə xatırlatması da istisna edilmir.
Açıq qalan suallar
Əldə edilmiş razılaşmalar fonunda Brüsseldə yeni danışıqlar raundunun keçirilə biləcəyinin anonsları da verilib. İndi isə vəziyyət dəyişib. Formatın əsas təşəbbüskarı öz postunu tərk edir. Avropanın başı qarşıdakı aylar ərzində daxili siyasi müzakirələrə qarışacaq. Bu müzakirələr nəticəsində kimin bu postu tutacağı, Şarl Mişelin xələfinin Bakı ilə İrəvan arasındakı sülh prosesində pozitiv, yoxsa pozucu istiqamətdə mövqe sərgiləyəcəyi açıq qalan suallardandır. Yalnız bölgədəki reallıq onu deməyə əsas verir ki, Aİ-nin daxili siyasi intriqaları fonunda qarşıdakı aylar Azərbaycanla Ermənistan arasında sülh prosesinin uğurla yekunlaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Tərəflərin müsbət bəyanatları sülh sazişinin imzalanması ehtimalını artırıb. Belə bir vəziyyətdə Brüssel formatı yenidən öz əhəmiyyətini itirmiş sayıla bilər.
Bakını narahat edən məqamlar
Lakin rəsmi Bakını bu proseslər fonunda başqa bir məqam da narahat etməkdədir. O da Ermənistanın yenidən sülh prosesindən yayınmaq üçün müxtəlif bəhanələr və təxribatlara əl atması ehtimalıdır. Məlumdur ki, baş nazir Nikol Paşinyanın əsas dayağı həm də Aİ-nin bir sıra qurumları və üzvləri sayılır. Yenidən Paşinyanın ağası sayılan Makronun ortaya çıxmayacağının, Parisdən Aİ-dəki məsələləri həll edənə qədər sülh danışıqlarından yayınmaqla bağlı İrəvana göstərişlər gəlməyəcəyinin zəmanəti yoxdur.
Orban Mişeli əvəzləyərsə...
Azərbaycan üçün Macarıstanın Baş naziri Viktor Orban amili də mühüm məqamdır. Sirr deyil ki, Aİ ölkələri içərisində Bakı və Ankaranın əsas strateji tərəfdaşlarından biri, bəlkə də birincisi Macarıstandır. Bu ölkənin türk dövlətləri ilə sıx əməkdaşlıq kursu, həmçinin Aİ daxilində ölkəmizə qarşı ikili standartlara söykənən qərarların qəbuluna gücü çatdıqca mane olması da Cənubi Qafqazda təxribatların, münaqişənin davamlı olmasını arzulayan Makron Fransası üçün ciddi başağrısına çevrilə bilər. Orbanın Mişelin səlahiyyətlərini ələ alması Brüssel formatının yenidən ədalətli və bitərəf danışıqlar masasına çevriləcəyinə dair Bakının ümidlərini artırsa da, İrəvan və Parisin bu ehtimalı zədələmək üçün əlindən gələni edəcəyi heç kimə sirr deyil. Bütün bu sadalananlar onu deməyə əsas verir ki, Şarl Mişelin gedişi ilə Brüssel formatı da tarixə qovuşmaqdadır. Sülh prosesinin uğurlu nəticələnməsi üçün ikitərəfli danışıqlar formatının əhəmiyyəti isə getdikcə artmaqdadır.
Paylaş: