Xəbər lenti

Avropa İttifaqının xarici işlər üzrə baş sözçüsü Peter Stano “Armenpress” agentliyinə müsahibəsində Azərbaycan-Ermənistan sülh prosesini şərh edib.

Peter Stano təmsil etdiyi İttifaqın sülhə yanaşmasını ifadə edərkən guya Azərbaycanın Ermənistana ərazi iddiasında olduğunu diplomatik formada dilə gətirib və bununla da o, baş nazir Nikol Paşinyanın tezisinə qahmar çıxıb.

Avropa İttifaqı daxilində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair fikir müxtəlifliyinin olduğu şübhə doğurmur və bu müxtəlifliyi Fransa daha da şiddətləndirmək niyyətindədir.

Çünki Fransa üçün sülh gündəliyi üzrə provakativ diversifikasiya məqbuldur, bununla Paris Cənubi Qafqaz regionundakı iddialı gündəliyinə çatmağı hədəfləyir.

Bu yeni bir trend deyil və Fransanın regional markasını təqdim edir. Lakin məsələ burasındadır ki, Aİ Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı xatırladığı tarixi proseslərə və Zəngəzur dəhlizi kontekstindəki bəyanatlarına cavab vermək missiyası ilə çıxış etmək istəyir. 

Bu, Avropa İttifaqının bitərəf vasitəçi olmasını kölgə altına alır və onu göstərir ki, İttifaq Fransanın gündəliyini əldə rəhbər tutur.

Hərçənd ki, Azərbaycan özü belə vaxtilə Avropa İttifaqının etibarlı moderatorluğuna işarələr verib. Lakin Fransanın regional ambisiyaları fonunda Avropa İttifaqının vasitəçilik mozaikası tədricən dağılmağa doğru getdi. İndi də Avropa İttifaqı dağılmış mənzərəsini Ermənistana can yandırmaqla bərpa etmək istəyir, lakin bu, vasitəçi üçün lazım olan bitərəflilik prinsiplərinin kobud şəkildə pozulmasıdır. Belə bir vəziyyət təbii ki, Azərbaycana uyğun deyil.

Azərbaycanın gündəliyinə gəlincə, bunu Ermənistanın sərsəm fikri olan ərazi iddiaları kontekstində deyil, strateji müdafiə siyasəti və onun perspektiv şəkilləndirməsi çərçivəsində qiymətləndirmək daha mənalı olardı.

Birincisi, Azərbaycan strateji müdafiə siyasətini qurmaq üçün Ermənistan üzərində qələbə ruhunu danışıqlardan və şərtlər seriyasından kənarlaşdıra bilməz. 

İkincisi, Ermənistan sülh formatına sadiqdirsə, regional kommunikasiyaların açılmasını, Zəngəzurdan Naxçıvana keçidin dəhliz məntiqi ilə reallaşmasına razılıq verməlidir.

Üçüncüsü, Ermənistan regional konyunkturaya uyğun olan açıqlamalarının məntiqi davamını işğalçılıq ritorikasını sonlandıran sənədlərlə rəsmiləşdirməlidir.

Dördüncüsü, Ermənistan tarixi demoqrafik tərkibi nəzərə alıb Qərbi azərbaycanlıların geri dönüşünə razılıq verməli və onların təhlükəsizliyi üçün zəmanət təqdim etməlidir.

Bunlar sülh müqaviləsi üzrə müzakirə oluna biləcək əsas aspektlərdir, hələ bura ayrı fazada tutulan sərhədlərin delimitasiyasını da əlavə etsək, prosesin nə qədər mürəkkəb olduğu canlanar.

Delimitasiya istiqaməti üzrə Ermənistan Qazaxın yeddi kəndini və Naxçıvandakı Kərki kəndini sərhədlərin müəyyənləşdirilməsi fazasında dinc yolla geri qaytarmalıdır.

Ermənistanın qeyri-adekvat reaksiyaları və ona Qərbdən verilən dəstəklərin mahiyyətini nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan müdafiə qabiliyyətinin strateji əsaslarını yeniləmək üçün alternativ yollar axtarışında haqlıdır.

Oxu.az

Aqşin Kərimov




Ana səhifəyə qayıt        Baxış: 3 476          Tarix: 17-01-2024, 22:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma