Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü il sentyabrın 19-20-də antiterror əməliyyatları ilə ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Postsovet məkanında separatizmə son qoyan, ərazi bütövlüyünü təmin edən ilk ölkə kimi Azərbaycan indi də Ermənistanla yekun sülh sazişinin imzalanmasına çalışır. Rəsmi Bakı hesab edir ki, Cənubi Qafqazda sabitlik, əmin-amanlıq, həmçinin əməkdaşlıq mühitinin təmin olunmasının yolu sülh sazişinin imzalanmasından keçir. Onun atdığı bütün addımlar, ən yüksək səviyyədə səslənən bəyanatlar da məhz bu istiqamətdədir.
Dəfələrlə bəyan edilib ki, Ermənistanın rifahı sülh sazişini imzalamaqdan keçir. Bu sazişi də üçüncü tərəfin iştirakı olmadan, vasitəçilərsiz həll etmək mümkündür. Lakin, təəssüflər olsun ki, rəsmi İrəvan yeni bəhanələr gətirməklə sülh sazişinin imzalanması prosesini uzadır. Ermənistan havadarlarının istəyinə uyğun olaraq sülh müqaviləsinin imzalanması məsələsini delimitasiya və demarkasiya prosesləri ilə bağlamağa çalışır.
Dünyanın müxtəlif bölgələrində yaşanan proseslər də onu deməyə əsas verir ki, sülh sazişinin imzalanması birinci dərəcəli məsələdir. Çünki sərhədlərin müəyyən olunması uzun illər davam edən bir prosesdir.
Ortada beynəlxalq təcrübə də var, onlardan bəzilərinə nəzər salaq; məsələn, sülh şəraitində yaşayan iki qardaş ölkə - Qazaxıstanla Özbəkistan arasında delimitasiya haqqında danışıqlar 2000-2002-ci illərdə start götürüb. 2003-cü ildə demarkasiya prosesi başlasa da, prosesin yaxın zamanda yekunlaşması və müvafiq sənədlərin imzalanması nəzərdə tutulur. O cümlədən, Qazaxıstanın Türkmənistanla sərhədlərinin delimitasiya və demarkasiya prosesi də 2001-ci ildə başlanıb. 2017-ci ildə tərəflər arasında sərhədlərin delimitasiya və demarkasiyası haqqında saziş imzalanıb. Eyni zamanda Qazaxıstanın Qırğızıstanla sərhədlərinin delimitasiyası üzrə danışıqlar 1999-2001-ci ildə aparılıb və nəticədə yalnız 2008-ci ildə dövlət sərhədi haqqında saziş imzalanıb. Eləcə də, Qazaxıstanın Rusiya ilə sərhədlərinin delimitasiyası üzrə danışıqlar 1999-2005-ci ildə başlayıb və 2005-ci ildə iki ölkə arasında dövlət sərhədi haqqında saziş imzalanıb. Demarkasiya prosesi isə 2007-ci ildə başlayıb və hələ də davam edir.
Strateji tərəfdaşımız Özbəkistana gəldikdə, onun da Qırğızıstanla sərhədlərinin delimitasiya və demarkasiya prosesi 2000-ci ildə başlasa da, reallıqda bu iş aktiv şəkildə 2017-ci ildə başlayıb və 2023-cü ildə delimitasiya ilə bitib. Hazırda da tərəflər demarkasiya prosesinə başlayıb. Onunla Türkmənistan arasında 2000-ci ildə dövlət sərhədi haqqında imzalanmış müqaviləyə sərhədin 10 müxtəlif sahəsi daxil edilməyib. Həmin ildən başlamış delimitasiya və demarkasiya prosesi fasilələrlə hələ də davam edir. O cümlədən, 2000-ci ildə Özbəkistan və Tacikistan arasında da sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiya yaradılıb. Delimitasiya prosesi 2019-cu ildə bitsə də, demarkasiya prosesi hələ də davam edir.
Bundan başqa, Qırğızıstan və Tacikistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi 2002-ci ildə başlayıb və hələ də davam edir. 2023-cü ilin sonuna olan məlumata görə, 90% sərhədin delimitasiyası razılaşdırılıb.
Tək Mərkəzi Asiyada deyil, eyni proses digər postsovet ölkələrində də yaşanır. Məsələn, Rusiya ilə müharibə aparan Ukraynanın Belarusla sərhədinin delimitasiyası 1992-ci ildə başlansa da, 1997-ci ildə dövlət sərhədi haqqında müqavilə imzalanıb. Belarus onu yalnız 2010-cu ildə ratifikasiya edib. Demarkasiya işləri isə 2013-cü ildə başlayıb. Ukraynanın Moldova ilə sərhədi də delimitasiya və demarkasiya edilməyib. 2018-ci ildə bəyan edilib ki, Moldova ilə sərhədlər həmin ilin sonunadək demarkasiya ediləcək. Prosesə isə 2009-cu ildə başlayıb.
Eyni proses Cənubi Qafqazın iki dövləti - Ermənistanla Gürcüstan arasında da yaşanır. Tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyası baş verməyib. 2019-cu ilin məlumatına görə sərhədlərin delimitasiyasında 29 faiz razılığa gəlmək hələ mümkün deyil. Məsələn, sərhəddə yerləşən Hudcabi monastırının kimə məxsus olacağı hələ məlum deyil.
Yekunda bütün məlumatları ümumiləşdirib bu qənətə gəlmək olur ki, postsovet ölkələri arasında delimitasiya prosesi ən azı 3-5 il, delimitasiya və demarkasiya prosesi bir yerdə ən azı 10-15 il çəkə bilər. Təsadüfi deyil ki, bir çox postsovet ölkələri arasında sərhədlər hələ də delimitasiya və demarkasiya edilməyib.
Azərbaycanla Ermənistan arasında çərçivə sülh sazişi imzalansa da, delimitasiya və demarkasiya prosesi illərlə uzana bilər. Bunu nəzərə alaraq, sülh və sərhədlərin müəyyənləşdirilməsi proseslərini ayrılıqda və ya paralel şəkildə aparmaq daha məqsədəuyğundur. Yaxud ilk növbədə sülh sazişi imzalanmalı, sonra isə digər proseslər həll edilməlidir. Əks təqdirdə, regiondakı problemlər davamlı həllini tapmayacaq.
Report.az
Paylaş: