İranda “seçki sobası”nın qızdırılması dövlət daxilindəki hərbi-siyasi və ruhani elita arasındakı mübarizə halını qatılaşdırır.
Artıq İran Prezidenti İbrahim Rəisi Ekspert Assambleyasına (Məclisi) keçiriləcək seçkinin prosedur mərhələlərindən qalib kimi çıxır.
Bir daha xatırladaq ki, Məclis Konstitusiyaya əsasən ali dini rəhbərin təyin edilməsinə, onun fəaliyyətinə nəzarət və vəzifədən azad edilməsinə cavabdeh olan 88 ixtisaslı islam hüquqşünası və din xadimindən ibarətdir.
Rəisinin Ekspertlər Məclisinin üzvü olması üçün yolu açan əsas məqamlardan biri ona meydan oxuyan namizədlərin prosesdən “qovulması”dır.
Bir neçə mötədil namizədin, o cümlədən keçmiş prezident Həsən Ruhaninin Ekspertlər Məclisi üçün təyin edilən seçki prosesindən diskvalifikasiya edilməsi Rəisinin Məclisdə mövqeyinin təminini asanlaşdırır.
Namizədləri yoxlamaq vəzifəsini həyata keçirən Mühafizə Şurası elə mühafizəkar kəsimin daxilində də kəskin qınanılır.
Məsələn, keçmiş prezident Mahmud Əhmədinejadın müşaviri olmuş Abdulreza Davari Mühafizə Şurasını İbrahim Rəisinin xeyrinə kurs diktə etməkdə təqsirləndirib.
İranda seçkiöncəsi situasiya ali rəhbər Seyid Əli Xameneinin xələfinin təyin edilməsi hallarını əhatə edir. Görünür ki, bu məsələdə liberallar mühafizəkarlara açıq fərqlə uduzurlar.
Belə bir anda mötədillərin siyasi meydanda itirilmiş mövqelərini bərpa etməsi üçün alternativlər yox deyil.
Çünki İranda seçkiöncəsi iqtisadi böhranın tüğyan etməsi, milli valyuta rialın növbəti şoka məruz qalması liberalları mühafizəkarlar qarşısında bir qədər irəli çəkmək potensialına malikdir. Üstəgəl, Rəisinin özünün Xameneinin oğlu Müctəba Xamanei ilə rəqabəti var, bunun özü prezidentin proseslərdəki rolunu zəiflədə bilər.
Təbii ki, liberalların bu potensialı necə dəyərləndirmələri İran siyasi isteblişmentindəki bir-birinə paralel olan güclərin iradəsindən daha çox asılıdır.
Bununla belə, onları başqa mənbələr ruhlandırmağa həvəsli ola bilərlər, söhbət, sözsüz ki, İrana rəqib olan dövlətlərin ölkədəki kəşfiyyat fəaliyyətindən gedir.
“Düyünlü nöqtə”də dövriyyəyə SEPAH girərək prosesləri idarə etməyə çalışır - həm xarici, həm də daxili cəbhə xəttində.
Misal üçün, İranın Yaxın Şərqdə ABŞ, Böyük Britaniya və onların müttəfiqləri ilə gərginliyinin artması SEPAH-a daxildəki günahları xarici müdaxilələrin üzərinə yıxmağa imkan verir.
SEPAH burada öz informasiya aparatlarından istifadə edərək proseslərdəki kölgəsini hiss etdirir.
Belə deməyə səbəb verən açıqlamaya diqqət etməkdə fayda var. İran hökumətinin İnformasiya Şurasının rəisi Sepehr Xələci iqtisadiyyatın sabitliyinin pozulmasının arxasında “Qərbdəki düşmənlərin” dayandığı tezisini irəli sürüb.
Ultramühafizəkar siyasətçi Hüseyn Şəriətmədari də eyni iddiaları təkrarlayıb və valyuta bazarında dəyişiklikləri elan edən internet saytlarının, sosial media platformalarının dalğalanmalara səbəb olduğunu bildirib.
SEPAH-ın özünün də İbrahim Rəisi ilə problemləri az deyil, lakin islam inqilabını mühafizə edən ali qanadın prezidentlə sövdələşmə vitrinində dayandığını görmək elə də çətin olmamalıdır. SEPAH bu kartı aşkar bir surətdə Müctəba Xamenei ilə əvəzləməyə də qadirdir.
Bu, SEPAH-a seçki fonunda ölkə daxilindəki problemlərə və xaricdəki eskalasiyalara ölçülmüş yanaşmasının açarı kimi təqdim oluna bilər.
Yəni İranın seçki teatrı Tehranın Yaxın Şərqdəki imperativləri ilə uyğunlaşdırılmalıdır - bu, SEPAH-ın əsas məqsədlərindən biri kimi görünür.
SEPAH-ın cilalama metodları post-Xamenei dövrünə hazırlıq məşqidir və bu xətti ölkə daxilində və xarici siyasətdə şiddətlənən gərginlik izləyəcək.
SEPAH hər vəchlə özünü İranın təhlükəsizliyini qoruyan zəmanətli qüdrət olduğuna inandırmaq üçün ölkə daxilində də iğtişaşlara yön verə bilər.
Deməli, seçki ərəfəsində və ondan sonrakı dövrdə İranda cərəyan edə biləcək hadisələr ölkə hüdudları ilə yanaşı, Yaxın Şərqdəki güc balansına dərin təsir ölçüsünü qazanacaq.
Oxu.az
Aqşin Kərimov
Paylaş: