Rəsmi Bişkek və Ankara ikitərəfli ticarətin həcmini beş milyard dollara çatdırmaq niyyətində olduqlarını bəyan ediblər. Ankarada Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarovla Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz arasında aparılan danışıqlar zamanı bu barədə razılıq əldə olunub.
Türkiyə Yaxın Şərq, Şimali Afrika və Cənubi Qafqazda mövqelərini gücləndirməkdədir. Güc mərkəzinə çevrilən qardaş ölkənin diqqət yetirdiyi bölgələr sırasında Mərkəzi Asiya xüsusi yer tutur. Türkiyə və Mərkəzi Asiya ölkələrinin rəsmiləri arasında qarşılıqlı səfərlər, ikitərəfli münasibətlər güclənir, strateji önəm kəsb edir. SSRİ dağıldıqdan və müstəqillik əldə etdikdən sonra daha çox Rusiyanın təsiri altında olan Mərkəzi Asiya ölkələri son illər Türkiyə ilə də münasibətləri inkişaf etdirməkdədirlər. Bu əməkdaşlığın güclənməsində Azərbaycanın da əvəzsiz rolu var. Türk Dövlətləri Təşkilatı iki ölkə lideri sayəsində güc mərkəzinə çevrilməkdədir. Humanitar, mədəni əməkdaşlıq artıq siyasi, iqtisadi, hərbi əməkdaşlığa çevrilib. Zəngəzur dəhlizinin açılması ilə isə Türkiyə və Mərkəzi Asiya ölkələri ilə siyasi, iqtisadi bağlantı daha da güclənəcək. Ən ciddi nailiyyət ondan ibarətdir ki, Mərkəzi Asiya dövlətləri Türkiyənin iştirakı olmadan hər hansı bir problemin həllinin mümkünsüzlüyünü anlayırlar. Bir məsələni də qeyd etmək gərəkdir ki, Türkiyə bölgə uğrunda mübarizədə tək deyil. Artıq regionda oturuşmuş dövlətlər var - Rusiya və Çin. Bu sırada olmaq istəyənlər sırasında ABŞ və Avropa ölkələri də var. Görünən odur ki, region uğrunda mübarizə asan olmayacaq. Özbəkistanla sıx münasibətlər quran rəsmi Ankara artıq Bişkeklə də təmaslarını artırıb.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Beş milyard dollarlıq ticarət
Artıq rəsmi Bişkek və Ankara ikitərəfli ticarətin həcmini beş milyard dollara çatdırmaq niyyətində olduqlarını bəyan ediblər. Ankarada Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarovla Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz arasında aparılan danışıqlar zamanı bu barədə razılıq əldə olunub. Prezident Rəcəb Tayyib Ərdoğanın Bişkekə gözlənilən səfəri ilə əlaqədar təşkil olunan hökumətlərarası komissiyanın 11-ci iclası və biznes forumu da keçirilib. Akılbek Japarov Ankaraya rəsmi səfəri çərçivəsində 500-ə yaxın sahibkarın qatıldığı biznes forumda iştirak edib. O, çıxışında qeyd edib ki, Qırğızıstan-Türkiyə münasibətləri prezident Sadır Japarovun dövründə yeni səviyyəyə yüksəlib:
“2023-cü ilin yanvar-noyabr aylarında Qırğızıstan ilə Türkiyə arasında ticarət dövriyyəsi 560,5 milyon dollar təşkil edib. Eyni zamanda, Türkiyə 2022-ci ildə Qırğızıstan iqtisadiyyatına ən böyük sərmayə qoyan ölkə olub, Türkiyədən yatırılan investisiyaların ümumi həcmi 341,6 milyon dollar təşkil edib”.
Öz növbəsində Cevdet Yılmaz da qeyd edib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın yaxşı potensialı var. Qeyd edək ki, gələn il prezidentlər Sadır Japarov və Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Bişkekdə Strateji Tərəfdaşlıq üzrə Ali Şuranın iclasının keçirilməsi planlaşdırılır.
ABŞ ölkəyə nüfuz etməyə çalışır
Türkiyənin diqqət yetirdiyi bölgədə digər güc mərkəzlərinin fəallığı da səngimir. Xüsusilə Ukrayna müharibəsi səbəbindən Rusiyanı hər yerdə çətin duruma salmağa çalışan Qərbin, ən çox da ABŞ-nin Mərkəzi Asiyadakı fəaliyyəti diqqət çəkir. Lakin bu fəaliyyət gözlənildiyi kimi Türkiyənin yumşaq güc siyasətindən fərqli olaraq təhdid və şantaja əsaslanır.
Bu günlərdə Qırğızıstan rəhbərliyi ABŞ-nin ünvanına sərt bəyanat verib. Prezident Sadır Japarov ABŞ dövlət katibi Antoni Blinkenə cavab məktubunda Vaşinqtonu və digər ölkələrin hökumətlərini respublikanın daxili işlərinə qarışmamağa çağırıb. Bundan əvvəl Blinken Japarova mesaj göndərərək Qırğızıstan parlamentinin “Qeyri-kommersiya təşkilatları haqqında” qanuna dəyişikliklərə baxmasından narahatlığını ifadə edib.
Japarov məktubda Bişkekin bərabərhüquqlu əməkdaşlığın tərəfdarı olduğunu və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə birgə işləməyə hazır olduğunu vurğulayıb. “Mən həmçinin vurğulamaq istəyirəm ki, biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə birgə işləməyə hazırıq. Mənim yeganə xahişim ölkəmizin daxili işlərinə qarışmamaqdır”, - Qırğızıstan lideri qeyd edib. Japarov təəssüflə bildirib ki, ABŞ dövlət katibinin Qırğızıstanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı “obyektiv” fikirləri yoxdur.
Beləliklə, Qırğızıstan uğrunda fövqəldövlətlərin mübarizəsi qızışır. Bu mübarizədən kimin qalib çıxacağını söyləmək isə çətindir. Son seçimi təbii ki, qırğız xalqı edəcək.
Paylaş: