Ermənistanla Rusiya arasında siyasi münasibətlərin pisləşməsinə baxmayaraq, ikitərəfli ticarət inkişaf edir.
Musavat.com xəbər verir ki, bu barədə Avropanın “EurActiv” xəbər saytı yazıb.
Sayt qeyd edir ki, Moskvaya qarşı sanksiyalardan sonra Ermənistanın Rusiyaya ixracı 2022-ci ildə üç dəfə, 2023-cü ilin yanvar-avqust ayları arasında isə iki dəfə artıb. 2023-cü ildə Rusiya ilə ticarət ölkənin xarici ticarətinin 35 faizdən çoxunu təşkil edib, Aİ-nin ümumi ticarətdəki payı isə cəmi 13 faizdir.
Saytın yazdığına görə, Ermənistan iqtisadiyyatının Rusiya ilə ticarətdən ciddi asılılığı ölkənin görünməmiş iqtisadi tənəzzül riski olmadan Moskvaya qarşı sanksiyalara qoşulmasını faktiki olaraq qeyri-mümkün edib. Lakin Rusiya bazarından artan iqtisadi asılılıq Ermənistan hökumətinin ölkənin geosiyasi oriyentasiyasını tədricən Qərbə yönəltmək cəhdlərinə mane olmur.
Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi təxminən iki dəfə artaraq 5,3 milyard dollara çatıb. Bu tendensiya 2023-cü ildə və 2024-cü ilin ilk aylarında da yüksək templə davam edib. Ermənistanın Rusiyaya ixracının artması daha çox üçüncü ölkələrin məhsullarının təkrar ixracı ilə bağlıdır.
BMT-nin “Comtrade” məlumat bazasına əsasən, son iki ildə Ermənistandan Rusiyaya ixrac edilən malların siyahısına mobil telefonlar, kompüterlər, qulaqlıqlar və digər avadanlıqlar daxildir. Son aylarda almaz və qızılın təkrar ixracı da artmaqdadır.
Ermənistanda qeydiyyatdan keçmiş şirkətlərin mümkün sanksiyalardan yayınmasına nəzarəti gücləndirmək üçün ölkə hakimiyyəti 2023-cü ildən Rusiyaya mikroçiplər, transformatorlar, videokameralar, antenalar və digər elektron avadanlıqların tədarükü üçün məcburi dövlət lisenziyaları tətbiq edib.
Noyabrda ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen Ermənistan hökumətinin ABŞ administrasiyasına Rusiya ilə ticarətə nəzarət etməyə imkan verən islahatlarını yüksək qiymətləndirib.
2024-cü ilin martında Avropa Parlamenti də Ermənistanın sanksiyalar çərçivəsində ümumi əməkdaşlıq təcrübəsini müsbət qiymətləndirib.
Avropa Parlamenti qeyd edib ki, Rusiyaya ixracın artmasına baxmayaraq, Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi sanksiyalardan yayınmanın qarşısının alınmasında Ermənistan hakimiyyətinin Avropa İttifaqıyla əməkdaşlığı ilə bağlı narahatlıq ifadə etməyib.
Göründüyü kimi, ABŞ və Avropa Ermənistanın Rusiyaya sanksiyalı malların çatdırılmasında platsdarm rolunu oynamasını açıq-aşkar görməzdən gəlir və bu, “EurActiv”in hazırladığı materialda üstüörtülü də olsa, diqqətə çatdırılır.
Sanksiyasız malları Rusiya özü də rahatlıqla əldə edə bildiyi halda, Ermənistanın bu ölkəyə ixracının 10 dəfəyə yaxın artımı hansı malların hesabınadır? Avropa Parlamenti və ABŞ bunu yaxşı bilir, lakin onlar üçün əsas erməni təəssübkeşliyidir, nəinki Ermənistanın Rusiyaya ötürdüyü komponentlərdən hazırlanan silahların Ukraynada öldürdüyü minlərlə insanın həyatı...
Paylaş: