İranın İsrailə birbaşa zərbə endirəcəyi ilə bağlı yayılan xəbərlər Yaxın Şərqdəki vəziyyəti daha da gərginləşdirib. Bir müddət əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə istinadən Tehranın 48 saat ərzində İsrailə zərbə endirəcəyinə dair məlumatlar yayılmışdı. Bu, müddət ötüb. Bununla belə, tərəflərin qarşılıqlı ittihamı və hazırlığı davam edir.
İranın Suriyadakı baş konsulluğu kimi təqdim edilən binaya hava zərbələrinin endirilməsi nəticəsində iranlı zabitlərin ölməsi tərəflərin İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei başda olmaqla ölkə rəsmilərinn sərt açıqlama verməsinə səbəb olub. Ölkənin lideri bu hücumda İsraili ittiham edərək “sionistləri məyus edəcəklərini” bildirmişdi.
İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri isə bildirib ki, İsrailin hücumu cavabsız qalmayacaq: “Bu, İsrailin intihardır”. Baş Qərargah rəisi vurğulayıb ki, proses İsrailin məhvini sürətləndirəcək: “Dəməşqə hücumun məsuliyyəti ABŞ-nin üzərinə düşür”. İran hərbçisi İsrailə qarşı əməliyyatın vaxtını, tipini və üsulunu təyin edəcəklərini söyləyib: “Bunlar mütləq dərindən araşdırlacaq və biz düşməni (burada İsraili nəzərdə tutur - red.) əməlinə görə məyus olmağa məcbur edəcəyik”.
Yeri gəlmişkən, M.Baqeri 1979-cu ilin payızında tələbə ikən ABŞ-nin Tehrandakı səfirliyinə hücumda və diplomatik missiyanın əməkdaşlarının girov götürülməsində iştirak edib. Deməli, Baqerinin çıxışından belə nəticəyə gəlmək olar ki, hücumun vaxtı, forması və yeri hələ dəqiqləşdirilir. Bu isə hücumla bağlı yayılan xəbərin doğru olmadığını təsdiqləyir.
ABŞ və İsrail isə İranın ehtimal olunan mümkün hücumuna qarşı döyüş hazırlığı vəziyyətini artırıb. ABŞ-nin CNN telekanalı bildirib ki, ABŞ və İsrail İranın cavab zərbəsini “qaçılmaz”, “gözlənilən” sayır. Məlumata görə, bu iki ölkənin obyektləri Tehranın zərbə hədəfi ola bilər.
Bəs görəsən İran İsraili vuracaq? Bu baş versə, nəticə necə olar? İsrail dövləti yaranandan İran hakimiyyətinin ona münasibəti birmənalı olmayıb. Məhəmmədrza şah Pəhləvi İsraillə hərtərəfli əməkdaşlıq edib. Həmin illərdə İranda yəhudilərin sayı 200 mindən çox olub. 1961-ci ildə İsrailin Baş naziri David Ben-Qurion İrana səfər edib. O, İrana ərəb olmayan Yaxın Şərq dövlətləri koalisiyasının mühüm tərkib hissəsi kimi baxıb. Bu koalisiyaya İsrail və İrandan başqa Türkiyə və Efiopiya da daxil idi. Bu münasibət o qədər yaxın olub ki, İsrailin Məhəmmədrza şaha qonşu İraqa qarşı çəkindirici vasitə sayılan nüvə proqramının inkişafında köməklik göstərdiyinə dair məlumatlar yayılmışdı.
Ancaq iki ölkə arasında qurulmuş 30 illik münasibət 1979-cu ildə ayətullah Xomeyninin gəlişi ilə dağıldı. Onlar “İsrailə ölüm!” şüarını irəli sürərək yəhudi dövlətini düşmən elan etdilər. Xomeyni və onun tərəfdarları islam dininə və hakim təriqətə əsaslanaraq yəhudi dövlətinin xəritədən silinməsini əsas hədəf seçiblər. İran hakimiyyəti Holokostu hələ də tanımır. Tehran 45 ildir İsrailə qarşı davamlı mübarizə aparır. İnqilab Keşikçiləri Korpusunun (Sepah) Qüds qolu İsrailin ətrafındakı, habelə onunla tərəfkeş olanlara qarşı da müxtəlif formada mübarizə aparır. Tehran hakimiyyəti ABŞ-ni də “böyük şeytan” adlandıraraq “Amerikaya ölüm!” şüarını irəli sürməklə İsrailin arxasında onun durduğunu iddia edir.
İslam Respublikası düşmən saydığı hər iki ölkəyə, onların regional maraqlarına qarşı “müqavimət hərəkatı” adı altında silahlı-siyasi qruplar hazırlayır. Həmin dəstələr özlərini Sepahın üzvləri sayırlar. Məsələn, 1982-ci ildə Livanda Hizbullah yaradıb. Bu silahlı-siyasi qruplaşma parlament və hökumətdə təmsil olunur. Deməli, Livanda hakimiyyətdə İran təmsil olunur. Hizbullahın əsas hədəfi İsraili narahat etməkdir. İki ölkə arasında indiyədək sərhəd müəyyənləşməyib. Hizbullahın İsrailə raket zərbələri endirməsi də İranın tapşırığı ilə reallaşır. Çünki bu qruplaşmanı hərbi texnika və silahla İran təchiz edir. Ötən illərdə İsraillə müharibədə Hizbullahın istifadə etdiyi İran istehsalı olan hərbi texnika və s. bunu təsdiqləyir.
Sonrakı dövrdə Suriya və İraqda mərkəzi hakimiyyət zəifləyəndən və ABŞ orada hərbi bazalar yaradandan sonra İran bu yerlərdə kök salmağa başlayıb. Sepah hər iki ölkənin ərazisində müxtəlif silahlı qruplaşmalar yaradıb. Onlardan hazırda İsrailə qarşı hücumda istifadə edilir. HƏMAS İsrailə hücum edəndən sonra Tehranın regional maraqları və hədəfləri daha aydn görünməyə başladı. Müharibə getdiyi bir halda HƏMAS və "İslami Cihad" kimi silahlı qruplaşmaların liderləri İrana səfər edərək ayətullah Seyid Əli Xamənei ilə görüşüblər. İran lideri həmin görüşdə onları tamamilə dəstəklədiklərini bildirib. Yəməndəki husilər də Səudiyyə Ərəbistanı üzərindən İsraili raket atəşinə tuturlar. Bu o deməkdir ki, İran hakimiyyəti İsrailə qarşı bu qüvvələr vasitəsilə müharibə aparır. Özü isə kölgədə qalaraq mövcud toqquşma ilə əlaqəsinin olmadığını iddia edir.
Bundan başqa, Tehran yəhudi dövlətinə son zamanlar sınaqdan çıxardığı uzaqmənzilli ballistik raketlərlə də zərbə endirə bilər. O, İsrailin müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərinə hücumları təşkil etməklə Dəməşqdəki hadisənin əvəzini çıxmağa səy göstərər. Ancaq bütün hallarda Tehranın öz ərazisindən İsraili vurması ehtimalı yox dərəcəsindədir. Bu, HƏMAS-la qarşıdurmada özünü göstərməyən İranın İsrailə savaş elan etməsi, yaxud müharibədə iştirakı kimi dəyərləndirilər. Tehranın belə bir addım atması isə ona qarşı daha sərt addımların atılması ilə müşayiət olunar.
Bu da əvvəllər İrana qarşı sanksiyalarda qeyri-müəyyən mövqedə olan ABŞ-nin müttəfiqlərinin anti-Tehran koalisiyasına qoşulmasına səbəb olar. İranın İsraillə müharibəsi Sepahın terrorçu təşkilatlar siyahısına daxil edilməsini sürətləndirər, tərəddüdləri aradan qaldırar. Belə bir vəziyyət regionda müharibənin miqyasının genişlənməsinə səbəb olar. Bu isə dünyada yeni konfiqurasiyanın yaranmasına təsir göstərər. Nəticədə Rusiyanın Ukraynada apardığı müharibəni ikinci plana keçirə bilər. Belə olan halda İranın Rusiyaya hərbi texniki yardımları da azalar, hətta kəsilər. Vəziyyətin mürəkkəbləşməməsi üçün ABŞ İrana belə bir addımı atmaqdan çəkinməyi məsləhət görüb.
Beləliklə, Tehran rəsmilərinin İsrailə qarşı ritorik çıxışları əvvəlki illərdə verilən açıqlamaların təkrarına oxşayır, onları xatırladır. Çünki belə bir addım İran hakimiyyətinin də aqibətini həll edər. Nəzərə almaq lazımdır ki, son illər ölkədə etiraz aksiyalarında hakimiyyətin başında duran şəxs əsas hədəf olub. Ona görə də İranın İsrailə birbaşa zərbə endirəcəyi əməliyyatı bu dəfə də müxtəlif bəhanələrlə təxirə salına bilər.
Report.az
Paylaş: