Xəbər lenti

“Maraqlıdır ki, “Bir Kəmər, Bir Yol” layihəsinin cənub marşrutu uzun illərdən bəri Hindistanla Pakistan arasında əsas rəqabət poliqonuna çevrilən Kəşmirdən keçir...”

Hindistanla Pakistan arasında son silahlı qarşıdurmalar yalnız iki ölkə arasındakı ziddiyyətlərdən irəli gəlir, yoxsa burada hansısa dünya mərkəzləri maraqlıdır?

Moderator.az-ın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz iki Asiya ölkəsi arasında yaşanan gərginliyin qlobal güc mərkəzlərinin amansız rəqabətindən qaynaqlandığına inanır. Onun fikrincə, gərginliyin əsas səbəbi heç də Pakistanla Hindistan arasındakı əzəli düşmənçilikdən yox, Hindistanla Çinin iqtisadi rəqabətindən doğur və ABŞ-ın Çini çevrələmə strategiyasından irəli gəlir: “Məsələ burasındadır ki, Uzaq Şərqdə yerləşən Çinin yalnız Sakit okeana bağlı dənizlərə çıxışı var və bu çıxış ölkənin ətrafında yerləşən ada və yarımada dövlətləri tərəfindən çevrələnib. Həmin dövlətlər isə Çinin regiona yayılma siyasətindən, xüsusilə də Sarı, Şərqi və Cənubi Çin dənizlərində süni adalar yaradaraq öz dəniz sahəsini böyütməyə çalışmasından narahatdırlar. Bu narahatlıq isə əsassız deyil. Əvvəla, Çinin süni şəkildə öz dəniz sahəsini genişləndirməsi istər-istəməz qonşu ölkələrin akvatoriyasını daraldır. Nəticədə təbii sərvətlərlə zəngin bölgələr qonşuların nəzarətindən çıxıb Çinin nəzarətinə keçir. Bu isə az itki deyil. Çinin rəsmi statistikasına görə, bölgədə 213 milyard barel neft var. Beynəlxalq Enerji Agentliyinin iddialarına inansaq, bu rəqəm Çinin ehtiyatları ilə birləşdirildikdə Səudiyyə Ərəbistanından sonra neftlə zəngin ikinci ölkə ortaya çıxır. Bundan əlavə, Çin Milli Dəniz Neft Korporasiyasının (CNOOC) apardığı araşdırmalar yalnız Cənubi Çin dənizində 100 milyard kubmetrdən çox təbii qaz yatağı aşkar olunub. Enerji təchizatının böyük hissəsini Yaxın Şərq, Rusiya kimi xarici mənbələrdən təmin edən Çin və qonşuları üçün bu dənizlərə sahiblik əvəzolunmaz sərvətdir.

Digər tərəfdən, Cənubi Çin dənizi dünya dəniz ticarətinin üçdə ikisinin keçdiyi məkandır. Dünya ticarətinin 80 faizini dəniz ticarətinin təşkil etdiyini nəzərə alsaq, sözügedən su hövzələrində milli akvatoriyaya sahib olmağın digər həyati əhəmiyyətini anlaya bilərik. Ətraf dənizlərdə üstünlük qazanma savaşı nəticəsində Çinin bütün qonşuları ilə düşmən olması bu mənada təsadüfi deyil. 

Üstəlik, Çinin dəniz yolu ilə dünyaya açılması qarşısında da ciddi əngəllər var. Məlumdur ki, Sakit okeana bağlı dənizlərin sahilində yerləşən Çin Hind okeanına çıxmaq və burdan Avropaya açılmaq üçün bir sıra dar boğazları keçməlidir. Ən önəmli boğazlardan biri Malakkadır. Malakka boğazı Malayziya yarımadası (Qərbi Malayziya) ilə İndoneziyanın Sumatra adası arasında yerləşir. Uzunluğu 805 km olan bu boğazın eni bəzən bir neçə km-ə qədər daralır. Böyük çətinliklə keçilən bu əngəli aşan Çin ticarət gəmilərini Bab ül-Məndəb boğazı və Süveyş kanalı gözləyir. Bir sözlə, Çin çevrələndiyi təbii mühitdə böyük sınaqlardan keçərək Avropaya açıla bilər. Ən pisi isə odur ki, bu təbii əngəllərin başında Çini həm də düşmən olduğu qonşuları gözləyir. Məsələn, Malakka boğazında onun qarşısına çıxan ən böyük rəqibi Hindistandır. Eyni coğrafiyada yerləşən bu iki qonşu arasındakı rəqabət xüsusilə Trampın hakimiyyətə gəlməsi ilə daha qızışır. Trampın Çinə qarşı apardığı ticarət savaşı, bunun tərkib hissəsi olaraq gömrük rüsumlarını astronomik səviyyədə yüksəltməsi Yeni Dehlini Pekinə qarşı mübarizəyə daha da həvəsləndirmiş kimidir. Son zamanlar Çinin Hind okeanına artan marağı və bölgəyə təsiri səbəbindən Hindistan Çini tarazlaşdırmaq və öz təsirini şərq sahilindən Malakka boğazına qədər genişləndirmək üçün bəzi tədbirlər görməyə başladığı bildirilir. Bəzi Çin analitikləri Yeni Dehlini Pekin üçün potensial təhlükə kimi görürlər. Çünki iki regional güc arasında mümkün müharibə olacağı təqdirdə Hindistan Çinin Malakka boğazı vasitəsilə xammal və digər resursları idxal etmək imkanını əngəlləmək gücünə malikdir. Bu səbəbdən Çin son illərdə Malakka boğazında, xüsusilə Malayziya ilə müxtəlif hərbi manevrlər həyata keçirir...

Ən böyük təhlükə isə ciddi gərginlik anında Malakka boğazından keçən enerji resurslarının əngəllənməsi ehtimalıdır. Belə ki, Çin Səudiyyə Ərəbistanından idxal etdiyi nefti Malakka boğazından keçirir. Lakin bu ticarət yolu hərbi cəhətdən zəifdir və buna görə də Pekinin enerji təchizatını təhlükə altına qoya bilər. Çin Hərbi Dəniz Qüvvələri 2016-cı ildə özünün ilk təyyarədaşıyan gəmisi olan Liaoning-i, 2017-ci ildə isə ikinci təyyarədaşıyıcısını suya buraxıb. Çinin yüksək rütbəli hərbi rəsmiləri bildiriblər ki, 2030-cu ilə qədər Çinin hər biri xüsusi donanmalara malik ən azı dörd aktiv təyyarədaşıyıcısı olmalıdır. Çinin neft idxalının 75 faizinin bu dəniz yolu ilə daşınmasını nəzərə alsaq, Pekinin narahatlığını anlamaq mümkündür. Məhz bu təhlükələri nəzərə alan Çin alternativ layihə kimi “Bir Kəmər - Bir Yol” strategiyasına üstünlük verməyə başlayıb. “Bir Yol, Bir Kəmər” layihəsinin ən əsas marşrutu isə Pakistandan keçir. Faktiki olaraq bu layihəni reallaşdırmaq üçün Pakistana 60 milyard dollardan çox investisiya qoyan Çin yaxın illərdə öz yatırımlarını artırmaq niyyətindədir. Maraqlıdır ki, “Bir Kəmər, Bir Yol” layihəsinin cənub marşrutu uzun illərdən bəri Hindistanla Pakistan arasında əsas rəqabət poliqonuna çevrilən Kəşmirdən keçir. Kəşmirin Pakistanın nəzarətində olan hissəsi faktiki olaraq bu ölkə ilə Çinin arasında yeganə bağlantı nöqtəsidir. Kəşmirin bu hissəsi Pakistanın əlindən çıxarsa, Çinlə bu ölkə arasında hər hansı quru bağlantısı da qalmayacaq. Zənnimcə, Kəşmir gərginliyinin əsas səbəbi də budur. Məqsəd Çinin Hindistan əngəlinə ilişməmək üçün onun ətrafından dolaşaraq keçmək layihəsini də sıradan çıxarmaqdır”.

Heydər Oğuzun fikrincə, ABŞ prezidenti Donald Trampın Çinə aşırı gömrük rüsumu tətbiq etməsindən, ardınca peşmanlayıb öz mövqeyindən geri çəkilmək istəməsindən və Pekinin bu istəyə müsbət cavab verməməsindən sonra Kəşmir probleminin yenidən alovlanması təsadüfi olmaya bilər: “Bilirsiniz ki, hər bir ölkənin istənilən məqsədə çatması üçün A, B, C variantları olur. Trampın iqtisadi rəqabətdə Çinə uduzmamaq üçün ortaya atdığı yüksək gömrük rüsumları siyasəti onun A variant idi. Ticarət dövriyyəsində Çinə müsbət saldoda 33-34 faiz uduzan ABŞ öz “ticarət ortağı”na eyni nisbətdə gömrük rüsumu tətbiq etmişdi. Çin bununla razılaşmayıb eyni rüsumu ABŞ mallarına tətbiq edəndə qarşılıqlı inadlaşma başladı. Çinin ram olunmadığını görən Tramp administrasiyası özünün B planına keçdi. Yəni Hindistan vasitəsilə Çini çevrələmə siyasətini aktiv vəziyyətə gətirdi və onun Oman dənizinə açılan ticarət marşrutu üzərində hərbi gərginlik yaratdı. Söhbət, təbii ki, Kəşmir gərginliyindən gedir. Əgər bu ehtimalım doğrudursa, yaxın zamanlarda Çin yola gəlməsə, bənzər gərginliklər digər bölgələrə də yayılacaq. Əsas gərginlik mərkəzlərindən birinin Myanmarda çıxacağını gözləyirəm. Çünki Myanmar Çinin Hind dənizinə çıxan ikinci marşrutudur. Bu marşrutun qarşısını almaq üçün bəzi qlobal güc mərkəzləri Myanmarın Arakan bölgəsində bir neçə il əvvəl böyük gərginliklər çıxarmışdı. Arakan bölgəsinin müsəlmanları ilə Myanmarın hindu azlığı arasında böyük konfliktlər çıxardılar. Myanmar hakimiyyəti bu gərginliyin qarşısını müsəlmanların qətliamı ilə almağa çalışdı. Nəticədə 100 minlərlə Arakan müsəlmanı öz yurd-yuvalarından didərgin düşüb Malayziya, Banqladeş və Pakistan kimi ölkələrə sığındı. Beləliklə də, Arakan bölgəsi “maneələrdən” təmizləndi. Nəzərə alsaq ki, Arakan bölgəsi Myanmarın Hind okeanına bağlı Benqal körfəzinə açılan sahilləri boyunca uzanır, Arakan müsəlmanlarının başına gətirilən müsibətlərin əsl səbəbini anlaya bilərik. Məqsəd sözsüz ki, Çinin ticarət marşrutu üzərindəki təhlükələri müxtəlif bəhanələrlə ortadan qaldırmaq və Arakanın etnik-demoqrafik xarakterini dəyişdirərək “problem kökündən həll etmək” idi... 

Onu da unutmaq olmaz ki, Arakan vilayətinin Benqal körfəzi sahillərində böyük qaz yataqları yerləşir. Çinin statistik məlumatına görə, bu körfəzdəki Şiue yatağında 4.5 trilyon kub metr həcmində qaz ehtiyatı var və bu qazın böyük qismi çıxarılaraq Çinə nəql olunur. Hər il Myanmara 26 milyard dollarlıq gəlir qazandıran bu qaz yatağı da Çinlə Hindistan arasında əsas rəqabət sahələrindən biridir”.  

Heydər Oğuzun fikrincə, problem dərinləşdikcə, Myanmarda alovlanan bu münaqişənin qısa müddətdə Banqladeş, Nepal, Tayland, Laos kimi ətraf regionlara da sıçrama ehtimalı var: “Sözsüz ki, bu atəş sıçraması baş verərsə, Filippinlər, İndenoziya, Maleyziya, Vyetnam, Cənubi və Şimali Koreya, Yaponiya kimi dövlətlər də məsələyə seyrçi qalmayacaqlar”. 

Siyasi şərhçi sonda onu da vurğuladı ki, ABŞ prezidenti Donald Tramp qlobal ulusalçılara bağlı olduğundan Uzaq Şərq və Cənubi Asiyada hazırlanan bu dəhşətli “yanğın”da kimlərin maraqlı olduğunu aydınlaşdırmaq çətin deyil...

Sultan Laçın




Ana səhifəyə qayıt        Baxış: 5 383          Tarix: 30-04-2025, 18:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma