Xəbər lenti
Dünən, 19:25
 
Hesab edirik ki, Alparslan Türkeş də aşağı-yuxarı Türk-İslam məfkurəsini İslamçılığın içində ərimiş bir Türkçülük kimi baxmamış, hər ikisinin özünəməxsusluğunu və ayrtı-ayrılıqdakı dəyərini görə bilmişdir. Ancaq MHP-nin içinə sızan sözdə “islamçılar” zaman zaman türklüyü yalnız bir bədən kimi ortaya qoymaqla, Türk-İslam məfkurəsinin də mahiyyətini xeyli dərəcədə dəyişdirməyi başarmışlar. Çünki Türklüyü bir bədən, İslamiyyəti isə ruh kimi görənlər, Türkçülük davasına dini bir anlam verməklə, hər şeyi yalnız İslamçılıq çərçivəsinə salmağa çalışmışlar. Halbuki Türk, Türklük İslamdan öncə də vardı, deməli o zamanlarda da yalnız bədəndən ibarət olmamışdır və ola da bilməzdi!!! 
Bir şeyi yaxşı anlamalıyıq ki, Türkçülük ülküsü bütün dinlərin dövründə (Atəşpərəstlik, İudaizm, Xristian, Buddizm, İslam və b.) mövcud olmuş, bəlkə də doğma dinə olan Tanrıçılıqdan sonra özünü ən yaxşı formada İslamda əks etdirmişdir. Yəni İslam dinindəki Allah anlayışı Türkün ruhunda daima mövcud olan Tanrı inancını bir az da kamilləşdirmiş, ona görə də bu dini qəbul etməkdə çox tərəddüd etməmişlər. Ancaq bu heç də, Türkün nə İslam dini ortaya çıxana qədər ruhsuz bədən olması, nə də İslamı qəbul etməklə ruhsuz bədənin ruhlanması kimi yozula bilməz. Sadəcə, Türkün bədəninə öncədən hakim olan tək Tanrı inancıyla, İslam dinindəki tək Allah eyniliyi, onun ruhunu daha da zənginləşdirmişdir.
Demək istədiyimiz odur ki, İslam dininin ortaya çıxmasına qədər tək Tanrıya tapınan Türklərin, İslamın meydana çıxmasıyla yavaş-yavaş yeni dinə üz tutması səbəblərini doğru dəyərləndirmədikcə, Türkçülük davasını da istədiyimiz yerə apara bilməyəcəyik. Bir az dəqiqləşdirsək deyə bilərik ki, Türklüklə İslamlığın doğru anlaşdığı bir zamana qədər Türk dövlətləri yüksəlmiş, böyümüş və böyük dövlətlərə çevrilmişdir. Ancaq Türklük və İslamlıq yanlış yerlərə çəkildiyində də həmin böyük Türk dövlətləri çökmüş, çökərdilmiş və param-parça olmuşdur. 
Türklük və İslamlığın doğru anlaşılması yolunda iki əsrə yaxın verilən mücadilə isə hələlik, öz müsbət həllini tapmamışdır. Bizcə, bu məsələdə ən çox həqiqətə yaxınlaşan, din və milliyyət problemini həll etməyə yaxın olan Azərbaycan türk aydını Cəmaləddin Əfqani olmuşdur. Əfqani deyirdi ki, din və milliyyət biri-birinə qarışıq salınmamalı, İslam dininə tapınan xalqlar milli kimliklərini də bilməlidirlər. Ondan sonra Hüseynzadələr, Akçuralar, Kaspıralılar, Gökalplar, Rəsulzadələr, Ağaoğlular, Atatürklər kimi böyük türkçülər, türk aydınları da Türklük və İslamlığın hansı yöndə inkişafının doğru ola biləcəyi yönündə müxtəlif tezislər, mülahizələr ortaya atmışlar. Məsələn, Əhməd Ağaoğlu Türklüyü daha çox “İslam millətçiliyi” içində əritdiyi halda, Əli bəy Hüseynzadə “ət və dırnaq” kimi qiymətləndirdiyi İslamlıq və Türklük məsələsində bütünlüklə yanaşı, Türklüyün oyanışna daha çox yer vermişdi. 
M.Ə.Rəsulzadə ilə Atatürkün isə İslamlıq və Türklük məsələsində mövqeyi belə idi ki, din mövzusu yalnız evdə və məscidə oila bilər. Başqa sözlə, İslam dini dövlətin və siyasi təşkilatların siyasətində yer almamalıdır. Şübhəsiz, bu doğru addım olsa da, uzun müddət İslam dinini daima siyasətin içində görmüş xalqla, özəlliklə də həmin xalqın dəstəyinə arxalanan dini-siyasi təşkilatlarla mücadilə aparmaq heç də asan deyildi. Hesab etmək olar ki, İslamlıqla Türklük məsələsində Atatürkün apardığı siyasətin onun öılümündən sonra davam etdirilməməsi nəticəsində, İslamlığın siyasətə təsiri artmağa başladı. Xüsusilə, 20-ci əsrin ikinci yarısında Türkiyədə Türkçülük və Kommunuzm qədər olmasa da, İslamçılıq da yenidən güclənməyə başladı. Həmin dövrdə kommunuzə qarşı ölüm-qalım mücadilsəi verən Türk milliyyətçiliyinin yenidən İslamlığı da üstlənməsi, bir az da zamanın şərtlərinin diqtəsi idi. 
Beləliklə, Türkeşin Türk-İslam məfkursinə əsaslaması, istər-istəməz islamçıların qarşısında müəyyən yol açdı. Yəni Türk milliyyətçiliyi qılığına girmiş sözdə islamçılar Türk-İslam ülküsünü dini yönə çəkməyə başladılar. Doğrudur, Türkeş MHP-nin lideri olduğu dönəmdə islamçılar öz üstünlüklərini tam hiss etdirə bilmədilər. Üstəlik, Sovetler Birliyinin dağılmasıyla ön plana çıxan Türkçülük hisləri İslamçılığın ağır basmasını bir müddət də əngələyə bildi.
Hər halda Alparslan Türkeşin "Dış türklər" ya da Türk birliyi ideyaları Türkiyədə islamçılar və digər qüvvələr tətəfindən uzun illər tənqid olunsa da, Sovetlər Birliyi dağılan kimi bu böyük liderin nə qədər uzaqgörən olduğu dərhal üzə çıxdı. Türkiyə dövlətinin həmin zamanlarda SSRİ-dən qopan Türk dövlətləri, Türk topluluqları ilə bütün əlaqələr də ilk növbədə, MHP və onun lideri Alparsalan Türkeşin üzərindən oldu. 1990-cı illərin başında, yəni 1991-ci ilin oktyabrında Şimali Azərbaycan Türkləri müstəqil dövlətçiliyini yenidən bəyan etdiyi dövrdə Türkiyə ictimai-siyasi həyatında buna ən çox sevinən də məhz MHP və onun başqanı Türkeş olmuşdur. 
Burada ən önəmlisi odur ki, o dönəmdə Azərbaycan üçün kritik bir zamanda, yəni 1992-ci ilin mayın əvvəllərində MHP lideri Alparslan Türkeş Bakıya səfər etmişdir. Həmin ilin iyun ayında keçiriləcək seçkilərdə Azərbaycan Xalq Cəbhəsinin prezidentliyə namizədi Əbülfəz Elçibəyi dəstəkləyən Türkeşin Bakıda Azadlıq meydanında keçirilən mitinqdə Azərbaycan Cumhuriyyətinin banisi, milli ideoloq Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarını səsləndirməsi alqışlarla qarşılanmışdır. Türkeş mitinqində çıxışnda deyirdi ki, bu gün Azadlıq meydanında yüksələn Azərbaycan bayraqları bütün türklərin bayrağıdır və bir daha enməyəcəkdir. 
Beləliklə, bütün bunlar özəlliklə, Sovetlər Birliyinin çökməsi Türk-İslam məfkurəsində Türkçülüyün ön planda olmasına xidmət edirdi. Doğrudur, şimal imperiyasının çökməsi ilə İslamçılıq ideyaları da yayılmağa başlamış və bu yöndə də ciddi oyanış olmuşdur. Ancaq Sovetlər Birliyi tərkibində yaşayan müsəlmanların böyük çoxunun Türk kökənli olması Türkçülük ideyalarını daha cəlbedici edirdi. Bu anlamda Sovetlər Birliyindən ayrılmaq istəyən Türk topluluqlarında, o cümlədən Azərbaycan türklərində islamçılıqdan daha çox türkçülük tərəfdarları ağır basırdı. Alparslan Türkeşə olan sevgi də islamçılqdan daha çox onun türkçülük davaslıyla bağlı idi. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan Türkçülərinin çox qisminə görə, Türkeşin siyasi fəaliyyəti, milli ideyaları Türk xalqlarının vahid birliyinin yaranmasına, onların birliyinə köklənmişdir. Bu anlamda 20-ci əsrdə Türk Dünyasında Ənvər Paşa, Ə.Hüseynzadə, Y.Akçura, Atatürk, Rəsulzadə, Elçibəy və başqaları kimi Alparslan Türkeş də Türklər üçün öndər şəxsiyyətlərdən biri olmuşdur. 
Ancaq bir tərəfdən Türkiyə dövlətinin Sovetlər Birliyindən ayrılaraq müstəqillik əldə etmiş Türk dövlətləriylə (Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan) doğru siyasət qura bilməməsi, digər tərəfdən islamçılıq qılığına girmiş qüvvələrin bu dövlətlərə ayaq açması Türk-İslam məfkurəsinə də öz təsirini göstərməyə başladı. Əslində Türk-İslam məfkurəsində islamçılığı ön plana çıxaranların məqsədləri heç İslam dininə, İslam birliyinə də xidmət etmək deyildi. Türk və İslam düşməni olan bu qüvvələrin əsil məqsədi Türklüyü və İslamlığı qarşı-qarşıya qoymaqla yanaşı, burada zahirən islamçılığı ön çəkməklə mahiyyətcə Türk birliyini ənəglləmək idi. Biz bu gün görürük ki, Türk-İslam ülküsü içində türkçülüyün arxa plana keçirilməsi, onun daha çox zahiri xarakter daşıdılması (bozurd işarətləri göstərmək, populist şüarlarla kifayətlənmək və s.) kimi məsələləri ilk növbədə, Türk düşmənləri islamçılıq üzərindən aparmışlar. 
Çox yazıqlar olsun ki, Türkeşin dünyasını dəyişməsindən sonra (1997) MHP türkçülük davasından, Türk Birliyi dvasından daha çox uzaqlaşmağa başlamışdır. Sözün açığı bu gün MHP-nin, bütün siyasətində açıq-aşkar türkçülüyü arxa plana keçirən, hətta türklüyü digər milli azlıqlarla bir sıraya qoymaqla onun əhməiyyətini bilərəkdən azaltmaqla sözdə “islamçılıq” davası aparan AKP ilə yan-yana olması, həmin Türk-İslam məfkurəsində Türkçülüyün gəldiyi durumun sonucudur. Əgər AKP-nin liderləri dəfələrlə Türkçülüyü, Türk Milliyyətçiliyini ayaqlar altına atdıqlarını ifadə etdikıləri halda, bütün bunların müqabilində Türk milliyyətiçiliyi davası aparan MHP-nin müxtəlif səbəblər gətirərək onlarla yanaşı durmaları, aşağı-yuxarı MHP-nin bu gün AKP-dən çox da fərqli siyasət yürütmədiyini isbat etməkdədir. Bir Türk milliyyətçisinin davası şüarlar səsləndirmək-sloqanlar atmaq (məsələn, “nə mutluyam Türkəm deyənə” və s.), ya da bozqurd işarəti göstərməklə deyil, onun gerçək əməli ilə bağlıdır.
Hesab edirik ki, bu gün MHP-nin param-parça olmasının səbəbi də, ilk növbədə Türk milliyyətçilərinin şüurlarının sözdə “islamçılıq” adı altında həm İslam dininin mahiyyətindən uzaqlaşdırlması, həm də Türkçülüyün, Türk milliyyətçiliyinin tamamilə yanlış yerlərə yozulmasıyla bağlı olmuşdur. Türk milliyyətçiliyi demək, ilk növbədə Türk törəsinə əməl etmək deməkdir. Türk törəsini bilməyən Türk milliyyətçisi İslam dinini mənəvi inanc deyil, bir siyasət kimi görəcək ki, o zaman gəldiyi nöqtə də qalibiyyət deyil məğlubiyyət olacaqdır.
Görünür, bütün bunların nəticədir ki, Azərbaycan türkçülərinə görə, 21-ci əsrin başlarında özəlliklə, Türkiyə və Azərbaycan türkləri arasında həm Türk-İslam ülküsünün arınması, həm də əsil Türk milliyyətçisi lideri problemi yaranıb. Başqa sözlə, bu gün Türkiyə və Azərbaycan türkləri arasında Türkeş, Elçibəy kimi Türk liderlərinin dünyasını dəyişməsindən sonra bir tərəfdən onların yerinin boş qalması, digər tərəfdən Türkçülük davasının yeni bir mərhələyə qədəm qoya bilməməsi fikri daha geniş yayılmışdır. Ancaq bunun müvəqqəti oduğunu düşünən Türkçülərin inancına görə, böyük Türk milləti 20-ci əsrdə Ənvər Paşalar, Atatürklər, Səttarxanlar, Rəsulzadələr, Pişəvərilər, Türkeşlər, Elçibəylər və başqalarını yetişdirib, eyni zamanda onların şəxsində Türkçülük davasını irəli apardıqları kimi, 21-ci əsrdə də yeni yeni Türk aydınları, yeni Türk böyükləri ortaya çıxaraq Türkçülük davasına yeni bir şan qatacaqlar!!!
Dos., Dr. Faiq Ələkbərli



Ana səhifəyə qayıt        Baxış: 1 115          Tarix: 9-09-2017, 18:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma