Əziz Rzazadə
Strateq.az
Bir çox müşahidəçilər, “hər bir şərin sonucunda xeyir də var” prinsipinə istinadla, bir mülahizədə haqlıdırlar ki, Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması özü-özlüyündə çoxdan bəlli həqiqətləri gün işığına çıxardı. Bu şəffaf həqiqətlərə əsaslanan ən azı 10 siyasi tənlik var.
Birinci tənlik: İsrail-Fələstin qarşıdurmasında Ağ Ev tərəfsiz vasitəçi ola bilməz. Ən azı indiki dövrdə. Çünki 1995-ci ildən bəri hər 6 aydan bir sabiq ABŞ administrasiyalarının təxirə saldığı Konqres qərarını Tramp bir imza ilə təsdiqlədi.
Beləliklə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın “qırmızı xətt” adlandırdığı sədd aşıldı.
BMT Təhlükəsizlik Şurasında (TŞ) son səsvermədə (15 lehinə olmaqla) ABŞ veto hüququndan faydalandı. Qüdsün statusuna dair qətnamə əleyhinə səs verməklə Ağ Ev həm fələstinlilər və ümumən Ərəb dünyası, həm də 1,5 milyardlıq toplumu – ümməti təmsil edən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) gözündə ədalətli hakim simasını yırtdı.
İkinci tənlik: Beynəlxalq hüquq, – əgər o ümumiyyətlə varsa, – işlək deyil və ədalət anlayışına deyil, fövqəlqüdrətlərin siyasi maraqlara xidmət edir.
Ümumiyyətlə, BMT münaqişələrin həllində effektli siyasi alət olma gücünü itirib, onun təsirini artırmaq üçün struktur islahatına ehtiyacı var.
TŞ Beşliyin (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin) siyasi iradəsini əks etdirir, halbuki Ərdoğanın təbirincə, “dünya Beşlikdən böyükdür”.
BMT Baş Assambleyasında (BA) səsvermədə 128 dövlət (dünyanın 90,5 daizi) Trampın qərarı əleyhinə olsa da, bu, yalnız rəmzi qələbə mənası daşıyır. Çünki BA-nın qərarı tövsiyə məzmunludur.
Üçüncü tənlik: Qüdsü İsrailin “vahid və bölünməz paytaxtı” elan etməklə, əslində, Tramp yəhudi dövlətinin ABŞ-ın bölgədə dayaqlandığı yeganə (strateji tərəfdaş, dost) dövlət olduğunu bir daha təsdiqləyir. İsrailin əvvəlki və hazırkı BMT qətnamələri və qərarlarını vecinə almaması, cəzasız qalması bu açıq dəstəyə əsaslanır.
Yaxın Şərqdəki digər, ilk növbədə, ərəb müttəfiqlərə doğru atılan bir addım iki addım geri çəkilmə ilə müşayiət olunur. Buna görə də, Ərəb dünyasının Birləşmiş Ştatlara qarşı çıxma cəsarəti göstərməyən dövlətləri də, məsələn, Urdun (İordaniya) İsrail səviyyəsində etibarlılıq qazana bilmir. Halbuki mötədil rejimli, Tel-Əvivlə sülhdə olan, tezliklə bölgədə ABŞ-ın ən böyük hərbi bazasına ev sahibliyi edəcək rəsmi Əmman Trampın Qüds qərarından sillə yemiş ikinci tərəfdir. Axı necə olmasa, müsəlmanların ilk qibləsinin – “Haram əl-Şərif”in xidmətçisi (qoruyucusu) məhz odur.
Dördüncü tənlik: Trampın ilk rəsmi səfərini Səudiyyə Ərəbistanına və ardınca İsrailə etməsi bəri başdan hansısa gizli niyyətin mövcudluğuna dair xəbərdarlıq idi.
Ağ Evin İsrail-Fələstin münaqişəsinin həllinə dair bircə planı var və bu, Mahmud Abbasın Fələstin Administrasiyası üçün başqa seçənək saxlamır. Səudiyyə Ərəbistanı başda olmaqla, Körfəz dövlətlərinin Abbasa təzyiq göstərib yenidən danışıqlar masasına sürüklənəcəyi ehtimalı hələ də yüksəkdir.
Beşinci tənlik: Əgər Qüds İslam dünyası üçün “qırmızı xətt”dirsə, indiki məqamda rəsmi sərhədi olmayan işğalçı rejimlə siyasi-diplomatik əlaqələrə nöqtə qoyulmalıdır. Amma hətta dekabrın 13-də İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən fövqəladə zirvəsinin təşəbbüskarı olan Türkiyə prezidenti Ərdoğan bu xəbərdarlığı səsləndirsə də, söz əmələ çevrilmədi.
Altıncı tənlik: Zirvəyə 57 dövlət və hökumət başçısından 41-nin müxtəlif səbəblərlə qatılmaması da istər ərəb, istərsə də İslam dünyasında fərdi maraqların ümmətin şərəf və ləyaqətindən aşağı tutulmasını göstərdi. BMT Baş Assambleyasında səsvermədə Türkmənistan bitərəf qalması da buna əyani sübutdur.
Yeddinci tənlik: Əlbəttə, İƏT-in (Livanın təklifinə əsasən) ABŞ-a qarşı sanksiya tətbiq etməsi ifrat radikal addım olardı, amma (neft ixracı istisna olduqda) ABŞ kimi divin iqtisadi blokadası gülünc səslənir. Amma İsrailə qarşı siyasi-iqtisadi embarqo təsirli nəticələr yaradardı və konkret nəticələr verərdi.
İsrailin İƏT üzvləri olan dövlətlərlə ticari dövriyyəsi (2016-cı il , ixrac-idxal əməliyyatlarının ümumi dəyəri) – Miçiqan Dövlət Universitetinin (MSU) tədqiqatı
Banqladeş – 45.000.000 $ – 752.000 $
Benin – 1.000 $ – 4.347.000 $
Bruney – 12.000 $ – 6.000 $
Burkina-Faso – 7.000 $ – 861.000 $
İndoneziya – 43.116.000 $ – 120.837.000 $
Malayziya – 13.962.000 $ – 583.175.000 $
Mozambik – 19.000 $ – 1.524.000 $
Mərakeş – 16.532.000 $ – 39.621.000 $
Mali – 6.000 $ – 13.724.000 $
Misir – 57.166.000$ – 79.148.000$
Niger – 7.000 $ – 257.000 $
Nigeriya – 3.288.000 $ – 81.784.000 $
Əfqanıstan – 0 –86.000 $
Türkiyə – 2,601,458,000 $-1.297.619.000$
Azərbaycan – 6.259.000 $-259.879.000 $.
Pakistan – 1.815.000 $ – 451.000 $
Özbəkistan – 450.000 $ – 13.283.000 $
Türkmənistan 38.000 $ – 2.045.000 $
Tacikistan – 2.000 $ – 181.000 $
Tunis – 1.226.000 $ – 261.000 $
Qazaxıstan – 2.066.000 $ – 46.434.000 $
Qırğızıstan – 35.000 $ – 1.791.000 $
(Siyahı 57 İƏT üzvünün hamısını əhatə edən tam siyahı – https://globaledge.msu.edu/countries/israel/tradestats)
)
Yeddinci tənlik: Xristian dünyasının, o cümlədən Vatikanın da ABŞ prezidentinin qərarından narazılığı və “yox” rəyi ilə İsrail baş nazirini pərişan etmiş Avropa İttifaqının (Aİ) mövqeyi, üstəlik, BMT TŞ və BA-da səsvermənin nəticələri Aİ-nin münaqişənin həllinə vasitəçi kimi cəlb edilməsinin doğru olacağını ortaya qoyur.
Səkkizinci tənlik: İƏT-in “Qüds üçün Azadlıq” Bəyannaməsində (https://www.oic-oci.org/docdown/?docID=1698&refID=1073) Qüdsün “üç monoteist dinin müqəddəs yerlərinin yanaşı durduğu”na vurğunun yetərincə tutarlı, güclü ifadə olunmadı. Buna görə də, sənəd daha çox bir konkret din təəssübünün izharı təsiri bağışlayır.
Şərqi Qüdsü, 137 ölkənin rəsmən tanıdığı Fələstin dövlətinin paytaxtı elan etməklə (İsraili 165 dövlət tanıyıb), onun Qərb hissəsinin statusu barədə bəyannamədə bircə cümlə belə yoxdur. Zirvənin nəticələrinə dair rəsmi məlumatda – kommünikedə ((https://www.oic-oci.org/docdown/?docID=1699&refID=1073) “Qüdsi-Şərifin statusunun bütün dünyanın müsəlman və xristian xalqlarının qəlbləri və zəkasında təsdiqlə”nir, ondan “iki qiblədən ilki, Məhəmməd peyğəmbərin (s.) merac etdiyi və İsa Məsihin (ə.) doğulduğu yer” kimi söz açılır (Məsihlə bağlı sonuncu iddia özlüyündə yanlış və xırdaçı, pedant müşahidəçilərin baxışında siyasi səhvdir). Amma bu sənəddə Qüdsün həm də yəhudi dinin müqəddəs məkanı olması olduğunun xatırlanması nədənsə unudulub.
Bu boşluqlar nə məna verir?..
İƏT üzvləri Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanımış olurmu?
Bu mənada İƏT-in Qərbi Qüdslə bağlı açıq mövqeyi elan olunmalı, həm də yəhudiliklə təcavüzkar sionizm arasında ciddi sədlər müəyyən edilməlidir.
Doqquzuncu tənlik: Dövlət katibi Reks Tillerson deyir ki, ABŞ səfirliyinin Beytül-Müqəddəsə köçürülməsi illərlə vaxt apara bilər.
Rəcəb Tayyip Ərdoğan Şərqi Qüdsdə Türkiyə səfirliyin təsis ediləcəyini açıqlayıb. Bu xoş niyyətə digər İƏT və hətta Aİ (İtaliya, İspaniya, Böyük Britaniya, Belçika, Fransa Qüdsdə konsulluqlara sahibdir) dövlətlərinin qoşulacağı yetərincə çətin, əlçatmaz görünür.
Onuncu tənlik: Hazırda dünya geosiyasi keçid dövrü yaşayır (Almaniyanın sabiq xarici işlər naziri Yoşka Fişer) və Yaxın Şərqdə yeni güc balansı yaranır (“Pew” Araşdırmalar Mərkəzinin cədvəli buna açıq sübutdur).
2015-ci ildə Suriyada vətəndaş müharibəsinə müdaxilə etməklə Rusiya bölgədə hakim mövqeyə yaxınlaşır, Fələstin Qüds məsələsində mövqeyi eyni olan Türkiyə və İran onu təqib edirlər.
Rusiya 2017-ci ilin əvvəlindən Qərbi Qüdsü İsrailin rəsmi paytaxtı kimi tanıyıb. Onun Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanıması mümkündürmü? İsrail-Fələstin münaqişəsinin nizamlanmasına qədər (Kreml 2016-cı ildə belə bir təşəbbüsdə bulunub) bu gerçək görünmür.
Moskvaya və Soçiyə ard-arda səfərlər etmiş İsrail baş naziri Binyamin Netanyahunun arxayınlığı Rusiya və İsrail arasında hansısa gizli sövdələşmənin mövcudluğuna işarə edir. Suriya ərazisinə hava basqınları və Rusiyanın bu gecə hərbi xuliqanlıqlarını cavabsız qoyması həmin ehtimalı gücləndirir.
Ərəb dünyası, xüsusilə (Qətər istisna olmaqla) onun yarımada və Körfəz hissəsi Fələstin məsələsindən qayğılanmır (Bu ölkələrin və Ərəb Birliyinin Trapmı qərarına yumşaq təpkisindən bu, açıq görünür). Onlar Rusiya-Türkiyə-İran siyasi-hərbi oxunun, o cümlədən “şiə hilalı”nın genişlənməsindən narahatdır.
Səudiyyə-İran qarşıdurmasının Fələstini əhatə edəcəyinə ilk işarələr yaranır. Suriya ordusu İsraillə sərhəddəki bir neçə yaşayış məntəqəsini qiyamçılardan təmizləyib. Colan Təpələri zolağında gərginliyin yaranacağı təqdirdə, hərbi qarşıdurma ehtimalı və onun qığılcımının Livana keçməsi labüddür.
Ankaranın bu siyasi tənlikdə hansı mövqe tutacağı indidən çoxlu sual işarələri doğurur. Osmanlı generalının (Ömər Fəxrəddin paşa) Mədinədən müqəddəs əmanətləri oxurlamaqda ittiham etməklə BƏƏ əslində, Körfəz Dördlüyünün Türkiyə ilə siyasi-diplomatik duelini daha da körükləyib.
Bir sözlə, Yaxın Şərq gündəmində dinamika yüksələn xətdədir.
Paylaş: