Xəbər lenti

Mirvari Qəhrəmanlı: “Bəyanatın birinci hissəsində özünü kənara çəkir, ikinci hissədə mesaj verir”

Həbsdə olan Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, nəhayət, son günlərdə adının siyasi məhbus siyahısında olması ilə bağlı gedən müzakirələrə reaksiya verdi. 

Sabiq bankirin vəkilləri vasitəsilə yaydığı ikibaşlı bəyanat rezonans doğurub.
Bəyanatın birinci hissəsində C.Hacıyev siyasi məhbus adını almaq üçün heç bir addım atmadığını, heç bir quruma və şəxsə müraciət etmədiyini qeyd etsə də, onun bəyanatın ikinci hissəsindəki fikirləri kifayət qədər təzadlıdır. Sabiq bankir bildirir ki, onun işinə baxılarkən prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, onun ədalətli məhkəmə araşdırması hüququndan məhrum edilməsi siyasi məhbus kriteriyalarından biridir.
Əslində sabiq bankir bu bəyanatında onun adını siyasi məhbus siyahısına salanları həm müdafiə edir, həm də dolayısı ilə onlara mesaj ünvanlayır. Yəni bu istiqamətdə heç kimlə əlaqə qurmadığını deyir, eyni zamanda da bu adı almaq üçün kriteriyalarını sadalayır. Əksər ekspertlər hesab edirlər ki, üzərinə gələn hücumları önləmək üçün C.Hacıyev sonda bu cür təzadlı bəyanatla çıxış etməyə məcbur olub. Gələcəkdə bu adı almaq üçün sabiq bankirin siyasi məhbus kriteriyalarına cavab verdiyini deməklə, əslində hərəkətə keçdiyini də düşünmək olar.
C.Hacıyevin adının olduğu 160 nəfərlik siyasi məhbus siyahısının təşkilində yaxından iştirak edən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı “Yeni Müsavat”a onun bəyanatını bu cür dəyərləndirdi: “O bu bəyanatı ilə nə özünü, nə də bizi pis vəziyyətə qoyub. Cahangir Hacıyev, sadəcə, düşüncələrini deyir. Kənardan onun işini müşahidə edirəm. Görürəm ki, o bir çox işlərdə haqlıdır. Əgər biz rüşvət və korrupsiya ilə mübarizə aparırıqsa, bu bütün ölkə boyu olmalıdır. Əgər o, rüşvət və korrupsiyaya görə həbs olunubsa, dərhal Elmar Rüstəmov başda olmaqla, digər bank rəhbərləri, eləcə də müşahidə şuralarının rəhbərləri də həbs olunmalıdır. Ayrı-seçkilik ediriksə, hakimiyyətdə bir qrup digər qrupu çökdürürsə, o zaman məsələnin rəngi dəyişir. Cinayətdə cinayəti olanları həbs etmək lazımdır, günahsızları deyil. Əgər Cahangir Hacıyev işində o həbs edilirsə, o zaman bu işlərin bütün prosedurları normal olmalıdır. İş əgər qanunauyğun aparılmırsa, orada dağ boyda Avropa var. Beş kriteriya müəyyən edirlər. Bunun birinə düşən anda kim olursa-olsun, mütləq siyasi məhbus olacaq. Akif Çovdarovun oğlu durmadan danışır, səhərdən-axşama müsahibə verir. Kim dəqiq bilir ki, Çovdarov bir müddətdən sonra siyasi məhbus olduğunu iddia etməyəcək? Məsələyə baxanda ittihamedici olmaq lazım deyil. Mətbuat israrla Cahangir Hacıyevin adının siyasi məhbus siyahısında olduğunu yazır. Amma onun adı bu siyahıda deyil axı. Onun son bəyanatı özünü siyasi məhbus elan etməsi ilə xarakterizə olundu. Bu da mənə çox maraqlı gəldi. Deməli, təxminlər o istiqamətdədir. Adam özünü siyasi məhbus hesab edir. Demirəm ki, onun adını siyasi məhbus siyahısına salacağıq. Mən bunun tərəfdarı da deyiləm. Tərəfdarıyam ki, məsələsini gündəmdə saxlayaq. Amma görünən odur ki, Cahangir Hacıyev tezliklə bu məsələlər üzərində addımlar atacaq. Lakin onun siyasi məhbus kimi adı bizim siyahıda olmayacaq”.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı sabiq bankirin bəyanatında bəzi mesajların olduğunu düşünür: “O məsələyə münasibət bildirməli idi, bu gözlənilən haldır. Çünki orada rüşvət kimi müəyyən məbləğdən söhbət gedirdi. Onun bəyanatının ikinci hissəsi mesaj xarakteri daşıyır. Cəmiyyətə və hüquq təşkilatlarına mesaj ünvanlayır ki, həbsimdə siyasi çalarlar var. Bununla onun siyasi məhbus elan edilməsində maraqlı olmalarına çalışır. Dolayısı ilə özünün siyasi məhbus olma ehtimalını gücləndirir. Əslində adının siyasi məhbus siyahısına salınmasının doğru olduğunu göstərmək istəyir. Bir növ onun adını siyahıya salanları, onunla bərabər təzyiqlərə məruz qala biləcək insanları müdafiə edir. Eyni zamanda orada olan maddi vəsait məsələsini yoxa çıxarmaq istəyir. Çalışır ki, bunun onun tərəfindən təşkil olunmadığını desin. Amma bəyanatın ikinci hissəsində həbsinin siyasi məhbus kriteriyalarına uyğun gəldiyini qeyd edir. Bəyan edir ki, siyasi sifarişlə həbs oluna bilərəm. Bəyanatın birinci hissəsində özünü kənara çəkir, ikinci hissədə mesaj verir. Monitorinqlər aparılmasını və adının siyahıya salınmasına yardım olunmasına çalışır. Heç kim deyə bilməz ki, Cahangir Hacıyev siyasi məhbusdur. Çünki ortaya çoxsaylı faktlar çıxır. Hüquq müdafiəçiləri deyə bilərlər ki, gedən məhkəmələr ədalətsiz keçirilib, yenidən məhkəmə prosesləri keçirilsin. Çünki belə hallar praktikada mövcud olub. Qərəzli məhkəmə prosesi aparıla bilər. Kimsə onu siyasi məhbus saya bilər, amma bunun doğru olmadığını düşünürəm”. (musavat.com)



Ana səhifəyə qayıt        Baxış: 913          Tarix: 11-05-2017, 17:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma