Xəbər lenti

 

Lal kinonun atası olan Çarli Çaplin ən yaxşı filmlərini Amerikada çəkib. Amma bununla belə, o, heç zaman amerikan vətəndaşlığı almamışdı və bu ölkədə 40 il yaşadıqdan sonra, faktiki olaraq Ştatlardan qovulmuşdu. Nə qədər qəribə olsa da, buna səbəb onun kommunist ideyalarına simpatiyası və siyasi satirası idi. Öz filmlərində o, eyni anda həm Hitleri, həm Stalini, həm də ABŞ hökumətini qəzəbləndirməyə nail olmuşdu. Cəsur baxışlarına görə dahi komik əsl təqibə məruz qalmışdı.
Çarli Çaplin Amerikaya cəmi 20 yaşlı gənc olarkən gəldi. Karno truppasının tərkibində 1910-dan 1912-ci ilə qədər ABŞ-a çıxdığı qastrol səfərləri onun həyatını tamamilə dəyişdi. Yeni başlayan aktyor bu ölkədə öz gələcəyini gördü və Londonda qısa müddətlik ləngimədən sonra, həmişəlik Ştatlarda qalmaq qərarına gəldi. Onun kinematoqrafiya təcrübəsi məhz Amerikada başladı. Əksərən olduğu kimi başlanğıcda yeni cığırdakı ilk addımlar gənc komik üçün heç də uğurlu olmadı. İlk çəkilişlərdən sonra yeni simaya yatırım edən kinoprodüsser Mak Sennet ümumiyyətlə, bunun yanlış olduğu qənaətinə gəldi. Gələcək ulduzun kinostudiyadan qovulmaması sadəcə möcüzə nəticəsində mümkün olmuşdu. Sonrasa hər şey həqiqətən də yaxşı getdi. Gənc adamı dodaq uçuqladan uğur gözləyirdi - əvvəlcə başqalarının filmlərində, sonrasa öz filmlərində. Həmin dövrdə kinematoqrafiyada aktyorların azadlıqları çox idi və Çarli Çaplin müntəzəm olaraq tamaşaçılar üçün ürəyinin istədiyini etmək haqqına sahib oldu. Öz filmlərində o, həm ssenarist, həm rejissor, həm də aktyor idi, kinoları üçün musiqi belə yazırdı.
Ancaq nə qədər təəccüblü olsa da, ölkəmiqyaslı populyarlıq qazanmasına baxmayaraq, Çarli Çaplinin Amerikada daimi yaşayış yeri yox idi. O, kirayə evlərdə, mehmanxanalarda və klublarda yaşayırdı. Yalnız 1922-ci ildə tanınmış aktyor özünə Baverli-Hillsdə ev tikdi. Düzdür, burada o, özünə heç nəyi qadağan etmirdi – onun evdə 40 otağından başqa, kinozalı və orqanı vardı. Çarli Çaplin bunu özünə icazə verə bilərdi, axı hələ 1917-ci ildə “First National” şirkəti ilə 1 milyon dollarlıq müqavilə imzalamaqla, o, həmin dövrdə tarixin ən bahalı aktyoru olmuşdu. Qarşıda onu 20 illik məhsuldar iş həyatı, uğur və pərəstişkar heyranlığı gözləyirdi.
Ancaq dövr də dəyişirdi
Dünyaya yaxınlaşmaqda olan İkinci Dünya Müharibəsi fəlakəti Amerikaya da toxunurdu. 1938-ci ildə Çarli Çaplin “Böyük Diktator” filminin ssenarisi üzərində işləməyə başladı. Filmin ideyasının ortaya çıxmasında Çarlinin tanıdığımız və sevdiyimiz səhnə obrazı olan Avara ilə Hitlerin zahiri oxşarlığı rol oynamışdı. Maraqlıdır ki, dahi komikin və böyük diktatorun talelərində də təsadüflərin ardıcıllığı vardı: hər ikisi 1889-cu ilin aprelində doğulmuş (Çaplin Hitlerdən cəmi 4 gün böyük idi) və hər ikisi yoxsulluq içində böyüdükdən sonra öz “imperiyalarını” qurmuşdular.
“Böyük Diktator”un çəkilişləri İkinci Dünya Müharibəsinin başlanmasından bir həftə sonra start götürdü, filmin tamamlama işləri zamanı isə nasistlər artıq Fransanı işğal etmişdilər. Bu film Çarli Çaplin üçün bir çox mənalarda düyün nöqtəsi oldu – Çaplinin ilk səsli filmiydi (lal kino dövrü bir neçə on il əvvəl bitsə də, dahi komik sonacan müqavimət göstərirdi), Avara obrazından istifadə edilən son lent idi və təkcə senzorlarda deyil, tamaşaçıların aqressiv əhval-ruhiyəli hissələrində də tənqid və etiraz dalğası yaradan ilk komediya filmi idi. Bir çoxları elə güman edirdi ki, film ümumiyyətlə, prokata çıxmayacaq, çünki bu, ABŞ və Almaniya arasındakı neytral münasibətləri korlaya bilərdi. Ancaq situasiya tez dəyişdi və film prokata çıxarılanda, artıq “yuxarıdan” təzyiq dayanmşdı, amma bu dəfə tamaşaçılardan təhdid məktubları yağmağa başladı. Cəmiyyət parçalanmışdı və film kəskin, qızğın mübahisələrin hədəfinə çevrilmişdi. Keçmiş pərəstişkarların faşistmeyilli hissəsi premyera zamanı kinozallara qaz bombaları atmağa və ekranı güllələməyə and içirdi. Çaplin hətta həmkarların liderləriylə kinoteatrların mühafizəsi üçün liman işçilərinin gətirilməsi üçün razılığa gəlmişdi.
Xoşbəxtlikdən premyerada qanqaraçılıq baş vermədi. “Böyük Diktator” 1940-cı ilin payızında prokata çıxdı və tamaşaçılar tərəfindən müsbət rəylər aldı. Hitlerin satirası sensasiya idi. Maraqlıdır, marşal K. A. Mereskov xatirələrində yazır ki, İkinci Dünya Müharibəsi zamanı filmin SSRİ-də göstərilməsi təklif edilsə də, Stalinin bu, heç xoşuna gəlməmişdi. Hitlerin filmə baxdığına dair də şahidlər var. Çaplin bunu eşidəndə, belə demişdi: “Onun film haqqında nə düşündüyünü bilmək üçün hər şeyimi verərdim”.
Bununla belə, bu film dahi komikə qarşı amerikan daxili təhlükəsizlik maşınının işə düşməsinə səbəb oldu. “Daily News” yazırdı ki, “Çaplin tamaşaçıları “kommunist” barmağıyla dürtmələyir”, bu cür ittihamlar isə “azad ölkədə” həmin illərdə ciddi nəticələrə gətirib çıxara bilərdi. FTB hələ 30-cu illərdən Çaplinin kapitalist cəmiyyətinin qabarlarına basdığı “Yeni dövrlər” filmindən bəri, onun fəaliyyəti ilə maraqlanırdı, indi isə onunla anti-amerikan fəaliyyətini araşdıran təhqiqat komissiyası məşğul olurdu. Amma Çaplin bir dahi necə edərsə, heç bir şeyə məhəl qoymur və öz baxışlarından geri durmurdu – 1942-ci ildə o, ikinci cəbhənin açılmasını hərarətlə dəstəklədi, bu isə növbəti tənqid dalğasına səbəb oldu.
Onun amerikan cəmiyyətinin dəstəkləmədiyi və başa düşmədiyi ilk filmi “Mesye Verdu” oldu. Kommunist propoqandası ittihamlarına indi qisaskar əxlaqçı hücumlar da əlavə olunmuşdu. Qəzetlərdə Çaplinin nigahsız münasibətlərindən danışılırdı. Qəfildən çoxarvadlı birinə və qatilə çevrilən sakit meşşandan bəhs edən və əvvəlkilərə heç bənzəməyən bu film böyük etirazlara səbəb oldu. Film senzuradan çətinliklə keçdi, ancaq prokatda Çaplindən məhz kinoteatrlar üz döndərdi. Qəzetlərdə “Çaplin – qırmızıların casusudur!”, “Gəlmə, rədd ol bizim ölkəmizdən!”, “Çaplin bizdə lap çox qonaq qaldı!”, “Çaplin naşükürdür! Kommunistlərin buyruqquludur!”, “Çaplini Rusiyaya göndərin!” plakatları tutmuş “Katolik legionu”nun piketlərindən şəkillər dərc olunurdu.
1952-ci ildə aktyor Londonda keçiriləcək “Limelight” filminin dünya premyerası üçün Amerikanı müvəqqəti tərk edir. Geriyə isə onu sadəcə buraxmırlar. Çaplinə xəbər verilir ki, o, viza əldə etməkçün siyasi vəziyyətlə bağlı mühakimələrdən tutmuş, əxlaqi pozğunluğa qədər ittihamlara cavab verməkdən ötrü immiqrasiya departamenti komissiyasının suallarına cavab verməlidir. Bundan sonra aktyor İsveçrənin Veve şəhərində məskunlaşır. O, memuarlar yazır, filmləri üçün musiqi bəstələyir və ictimaiyyətin soyuq qarşılayacağı daha bir neçə film çəkir – onun ulduz saatı artıq arxada qalmışdı, buna baxmayaraq yaradıcılığına görə mükafatları ölənə qədər almağa davam edir: 1954-cü ildə Beynəlxalq Sülh mükafatını, Erazm mükafatını, 1972-ci ildə fəxri “Oskar” mükafatını (onu əldə eləmək üçün Çaplinə müvəqqəti də olsa, ABŞ vizası verilir) alır və nəhayət isə 1975-ci ildə ona Kraliça Yelizaveta II tərəfindən cəngavərlik ordeni bağışlanılır.
Demək lazımdır ki, dahi komik amerikan özünüdərki ilə mübarizədəki yeganə qurban deyildi. Sonralar “yeni cadugərlik ovu” adlandırılacaq Makkartizm hərəkatı 50-ci illərdə ABŞ-da bir çox vətəndaşları hədəf almışdı. Məsələn, Çarli Çaplin həmin illərdə anti-amerikan fəaliyyətə görə, Vaşinqtona çağırılmış 19 Hollivud aktyoru və rejissorundan biri idi. Yeri gəlmişkən, onlardan bəziləri hətta sonralar yatmalı olmuşdular.
“Həyat çox yaxşı və gözəl ola bilərdi, amma biz yolumuzdan çıxdıq. Tamahkarlıq insanların ürəyini zəhərlədi, nifrət dünyanı parçaladı, bizi nigarançılığa və qan axıtmağa düçar etdi. Biz sürətimizi artırdıq, amma özümüzü zülmətə məhkum etdik. Bolluq yaradan maşınlar bizi yoxsul etdi. Biliklərimiz bizi siniklərə çevirdi, mühakimələrimiz bizi soyuq və amansız etdi. Biz lap çox düşünür və lap az hiss edirik. Biz insanlığa möhtac olduğumuz qədər texnologiyaya möhtac deyilik. Xeyirxahlığa və zərifliyə möhtac olduğumuz qədər ağla möhtac deyilik. Bu keyfiyyətlər olmadan həyat amansız olacaq və mənasını itirəcək”. (Çarli Çaplinin “Böyük Diktator” filmində final çıxışı.)



Ana səhifəyə qayıt        Baxış: 597          Tarix: 9-10-2019, 15:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma