Xəbər lenti
Dünən, 19:25

 

Müasir dövrdə bir sıra dövlətlər arasında düşmənçilik rejimlər dəyişənə, yaxud islah olunanadəkdir. ABŞ-la İran düşmənçiliyinin də bəlli tarixi var. Onların düşmənçiliyinin 40 yaşı var, başqa sözlə, bu münasibət “kamillik yaşındadır”. Rusiya, Britaniya, Almaniya və Fransa ilə müqayisədə ABŞ-İran münasibətlərinin elə çox yaşı yoxdur. Sadəcə, ABŞ İkinci Dünya müharibəsindən sonra 1979-cu il fevral inqilabınadək həmin dövlətləri sıxışdıraraq bu ölkədə ən üstün mövqeyə malik olub.

Bu gün Tehran-Vaşinqton düşmənçiliyinin 40 ili tamam olur. 1979-cu il noyabrın 4-də özlərini ayətullah Xomeyninin davamçıları, “xətti imam”ın (“İmamın yolçuları”) aparıcı qüvvəsi sayan bir qrup iranlı tələbə Vaşinqtonun Tehrandakı səfirliyinin 66-sı ABŞ vətəndaşı olmaqla 99 əməkdaşını girov götürüblər. Onlar ABŞ-dan Məhəmmədrza şah Pəhləvinin ekstradisiyasını tələb ediblər.  

Gəlin, 40 il əvvəlki hadisənin qısa xronologiyasına nəzər salaq: İran lideri Xomeyni 1979-cu il noyabrın 17-də qadın və afro-amerikalı girovların azad edilməsinə göstəriş verir. Bununla da onların sayı 53-ə enir. ABŞ prezidenti Cimmi Karter 1980-ci il aprelin 7-də İranla əlaqələri kəsir. 1980-ci il aprelin 25-də girovları xilas etmək cəhdi vertolyot və nəqliyyat təyyarəsi toqquşduğundan baş tutmur və ABŞ-ın 8 hərbçisi həlak olur. 1980-ci il iyulun 11-də girovlardan biri səhhətinə görə azad edilir. 1981-ci il yanvarın 19-da ABŞ və İran girovların azad edilməsi üçün saziş imzalayır və 1981-ci il yanvarın 20-də girovluqda qalan 52 nəfərin Almaniyaya getməsinə icazə verilir.

ABŞ-ın İrandakı səfirliyinin girov götürülmüş əməkdaşlarına hadisədən 36 il sonra 4,4 milyon dollar, onların ailə üzvlərinə isə 660 min dollar məbləğində kompensasiya ödənilib. 2015-ci ildə ABŞ-ın o vaxtkı prezidenti Barak Obama sərəncam imzalayıb. Məlumata görə, girov əməkdaşların azad edilməsi haqqında razılaşmaya əsasən, İrandan kompensasiya tələbi qadağandır. Həmin vaxt kütləvi informasiya vasitələrində kompensasiyanın İran, Sudan və Kubaya qarşı sanksiyaları pozduğuna görə Fransanın "Paribas" bankının ödəyəcəyi cərimədən veriləcəyi yazılmışdı. Hər halda maliyyə vəsaitinin mənbəyi ilə bağlı sonralar elə ciddi məlumat yayılmadı. Onu da qeyd edək ki, girovların azad edilməsi üçün ABŞ hakimiyyətinin silahlı müdaxilədən imtinası Demokrat Partiyasından olan prezident Cimmi Karterin reytinqinə çox mənfi təsir göstərdi. Nəticədə o, növbəti prezident seçkilərində respublikaçı Ronald Reyqana uduzdu. Yeri gəlmişkən, ABŞ səfirliyinin əməkdaşları girov götürüldükdən sonra “Amerikaya ölüm!” şüarı da irəli sürüldü. Bununla da İranın siyasi-ideologiyasının təməl prinsiplərindən biri meydanda yarandı. 

Hazırda ABŞ-ın Tehrandakı səfirliyinin həyəti hasarlanıb, üstündən tikanlı məftillər çəkilib. Həyətin küçədəki divarına ABŞ-a qarşı şüarlar yazılıb. Diplomatik missiya əməkdaşlarınn girov götürülməsinin 40-cı ildönümü ilə bağlı səfirliyin binasında Amerika əleyhinə çəkilmiş rəsmlərin təqdimatı keçirilib. İranlı rəssamlar ABŞ simvolları ilə bağlı rəsmlər çəkiblər. Məsələn, "Mikki Maus" (cizgi filmindəki siçan) əlində tapança çox qəddar şəkildə təsvir edilib. “McDonald’s”ın yeməklərində kartof yerindən tikanlı məftil çıxıb. Tədbirin açılışında İran İnqilabı Keşikçiləri Qvardiyasının komandanı, briqada generalı Hüseyn Salami də iştirak edib.

Bu arada İranda noyabrın 4-ü “Dünya imperializminə qarşı mübarizə günü” olaraq qeyd edilir. İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamənei tələbələrlə görüşdə ABŞ-ın ünvanına gileylənib: “Bəziləri ABŞ-la müzakirənin ölkəmizin problemlərini həll edəcəyinə inanınır. Bu, çox böyük bir xəta, 100 faiz yanlışdır: “ABŞ həmin ABŞ-dır. Canavar kimi pis xasiyyətli və dünya miqyaslı diktator. Ötən 40 il ərzində ABŞ İran xalqına qarşı çeviriliş, xaos, təxribat, parçalanma, mühasirə kimi əlindən gələn hər cür pisliyi edib”. İran lideri ABŞ-a qarşı cavab tədbirləri gördüklərini də vurğulayıb. Xamənei ABŞ rəhbərlərinin İran liderləri ilə danışıqlar aparmağa cəhd etdiklərini də iddia edib: “ABŞ Tehranla müzakirəni İslam Respublikasını diz çökdürmək kimi görür. Bununla da “İranı diz çökdürdük” demək istəyir və tətbiq etdiyi sanksiyanın doğruluğunu sübut etməyə çalışır. Bundan sonra o, İrana heç bir imtiyaz verməyəcək”.

Yeri gəlmişkən, noyabrın 1-də ABŞ da İrana qarşı yeni sanksiyalar paketini açıqlayıb. Ağ Ev İranın tikinti sektorunu, nüvə və raket proqramları üçün istifadə edildiyi güman olunan bir sıra materialları siyahıya əlavə edərək bu ölkəyə qarşı sanksiyaları genişləndirib. Qərar İranın nüvə proqramı arxasında müşahidəni saxlamağa, yayılma risklərini, nüvə silahının əldə edilməsi üçün "sıçrayış vaxtı"nı azaltmağa kömək edəcək. İran hakimiyyətinin əsas dayağı sayılan İnqilab Keşikçiləri Qvardiyası da xüsusi halda sanksiyalara məruz qalıb. Qvardiyanın açıq-aydın və ya qismən nəzarət etdiyi tikinti sektoru, bununla əlaqədar İrana işlənməmiş və ya yarımişlənmiş metalların, qrafitin, kömürün satışı, çatdırılması və ötürülməsi qadağan edilib. Nüvə və ya raket proqramlarında istifadəsi ehtimal olunan polad boru növləri, folqalar və s. sanksiya siyahısındadır.

Deməli, tərəflər hədələyici addım və çıxışlardan ötən 40 ildə də əl çəkməyiblər. Təbii ki, sanksiyalardan daha çox İran ziyan görüb. Milli valyutanın dollara nisbətdə ucuzlaşması, ölkədə sosial problemlərin dərinləşməsi, bütün sahələrdə islahatların ləngiməsi və ya aparılmaması, hakimiyyətdaxili ziddiyyətlərin artması, milli məsələnin həllinin aktuallaşması və s. bura daxildir. Bundan başqa, ABŞ-a münasibət İran hakimiyyətində də cəbhələşmə yaradıb. İqtidardaxili islahatçılar özlərini İslam inqilabı dəyərlərinə sadiq göstərməyə çalışsa da, Ağ evlə danışıqların əsas tərəfdarıdır. Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla görüşünün də onlarda ümid yaratdığı istisna edilmir. ABŞ lideri ilə buna bənzər görüşün keçirilməməsi İran hakimiyyəti daxilində ciddi fikir ayrılığının olduğunun göstəricisi sayıla bilər. Xaməneinin ABŞ-la müzakirələri “xəta” adlandırması bunu təsdiqləyir.

Bəs İran hakimiyyəti nə istəyir? Ehtimal etmək olar ki, danışıqlar, sanksiyaların tələblərini yerinə yetirmək üçün rəsmi Tehranın başlıca bir istəyi var - hakimiyyət dəyişdirilməsin. Çünki İran hakimiyyəti Ağ Evin bu istiqamətdə davranışını “gözü çıxan qarsdaşından” öyrənib.

Beləliklə, səfirliyin əməkdaşlarının 444 gün girov saxlanılması İranla ABŞ-ın əlaqələrinin kəsilməsi ilə nəticələnib. Onun bərpası da, ilk növbədə, diplomatik yolla ola bilər. Diplomatların fəaliyyətə başlaması üçün meydan hələ görünmür. Buna bir neçə dəfə cəhdlər olsa da, sonradan bu görüş gərginliyin artmasına səbəb olub. 2015-ci ilin iyulunda İranın nüvə problemi ilə bağlı “altılıq” ölkələri ilə əldə edilən Əhatəli Razılaşma Müqaviləsini buna nümunə göstərmək olar. Həmin tarixdən sonra ABŞ İranın neft sektoruna, İnqilab Keşikçiləri Qvardiyasına yeni sanksiyalar tətbiq etdi.

Nəhayət, ABŞ-İran düşmənçiliyinin 40 ili tamam oldu. Əvvəllər olduğu kimi, tərəflər bu müddətdə bir-birinə doğru addım atmayıblar. 40 ildir Tehranla Vaşinqton küsülü qalan iki yaxın dost kimidir. Qacarların hakimiyyətinə Britaniya son verdi. Onun yerinə sülaləsi məlum olmayan Rza Pəhləvini gətirdi. Rza şah əvvəlcə ingilislərin, sonra faşist Almaniyasının məsləhəti ilə nəfəs alırdı. İkinci Dünya müharibəsi zamanı ABŞ, Britaniya və SSRİ onu sürgünə göndərdi, yerinə oğlu Məhəmmədrzanı gətirdilər. Bununla da İrana təsir edən nüfuz mərkəzi dəyişməyə başladı. İngilisləri amerikalılar əvəzləməyə başladı. 1952-53-cü il hadisələrində ABŞ Qacar sülaləsinin hakimiyyətdəki sonuncu nümayəndəsi Məhəmməd Müsəddiqi devirdi. Bundan sonra ABŞ İrana tək (bir müddət sonra İsraillə birlikdə) təsir etdi. Ağ evin Tehran üzərində təknüfuzluluğu 26 il sürdü. 40 ildir İran ABŞ-a yaxınlaşmağa səy göstərir. Ancaq nəticəsinin ağır olacağından ehtiyatlanaraq geri çəkilir. Odur ki, keçmiş müttəfiqlərin küsülülüyü daha 40 il sürəcəkmi? Hadisələrin inkişafı bunun daha da uzanacağını istisna edir. İranda inqilabçı nəsil yaşlaşır. Yeniləri isə inteqrasiyaya can atır. Bu baxımdan, ABŞ-ın bu ölkəyə də münasibətinin dəyişəcəyinə çox qalmayıb.  




Ana səhifəyə qayıt        Baxış: 286          Tarix: 4-11-2019, 15:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma