Xəbər lenti


Hökumət karantin rejiminin yumşaldılması istiqamətində bir sıra addımlar atsa da, kütləvi toy və yas mərasimlərinin keçirilməsi ilə bağlı qadağalar hələ ki, qüvvədədir. 

Bu isə insanların həyatına çətinlik yaratmaqla yanaşı bərabərində çox ciddi iqtisadi problemlər də gətirir. Çünki toy biznesi iqtisadiyyatın ən işlək sahələrindən biri olmaqla yanaşı, özündə onlarla sektoru birləşdirir.

Buraya gözəllik salonları, gəlinlik, bəylik və gəlin maşını kirayəsi, foto-video çəkiliş sektoru, musiqiçilər, ofisiantlar, restoranları təmin edən ərzaq sektoru, qızıl-zinət əşyaları bazarı, toy aksesuarları və cehizlik mallar sahəsi və bu kimi bir çox sektorlar daxildir ki, onları hər biri hazırda durğunluq dövrünü yaşayır. 

Müğənnisindən təmizlik işçisinə, ofisianta qədər hər kəs gəlirlərindən məhrum olub. Xüsusən də günəmuzd işləyənlər və gündəlik dolanışıqları bu vəsaitdən asılı olan insanlar artıq 3 aydır ki, çıxılmaz vəziyyətdədirlər. Sosial şəbəkədə dolaşan deyimlə ifadə etsək, “insanlar korovirusdan qorunsalar da, indi də işsiz qalıb imkansızslıqdan xəstələnəcəklərindən”  qorxurlar. 

Bəs, bu problemi necə həll etmək olar? Müəyyən şərtlər daxilində toy və yas mərasimlərinin bərpasına icazə verilə bilərmi? Açıq hava toylarına keçilməsi bu problemin həlli baxımından nə dərəcədə effektivdir? 

Natiq Cəfərli seçkidə atasının etdiklərinə görə ondan küsüb - VİDEO
Musavat.com-a açıqlamasında bu durumu dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, toy və yas mərasimləri ilə bağlı mütəxəssislər mövqe ortaya qoymalıdırlar: “Dünyada da toy və yas  mərasimləri çox ciddi müzakirə olunan məsələlərdən biridir. Kütləvi toplaşmaq qaydalarının müəyyənləşdirilməsi, bunun koronavirusun yayılması ilə bağlı nə qədər təhlükə törədəcəyi ilə bağlı virusoloqlar fikir bildirməlidirlər. İqtisadi baxımdan yanaşsaq, toy biznesi çox böyük bir sektordur, onminlərlə insanın dolanışıq yeridir.

Bu sahənin uzun müddət, aylarla qapalı qalması təbii ki,  ciddi problemlər yaradır. Həm iş adamları, həm orada çalışan insanlar iqtisadi baxımdan çətin vəziyyətdədirlər”. 
İqtisadçı vurğuladı ki, toy biznesi iqtisadi zəncir yaradan bir sahədir: “Kənd təsərrüfatı məhsullarının istehsalından tutmuş satışına qədər, istehsalına qədər təsir edir. Toy və yas mərasimlərinin olmaması bir çox sahələrə zəncirvari təsir göstərir.

O səbəbdən bu məsələnin virusoloji tərəfini bir kənara qoysaq, iqtisadi baxımdan vurduğu ziyan çox böyükdür.

Ona görə yaxşı olar ki, toyların və yas mərasimlərinin  təşkili ilə bağlı vahid qaydalar müəyyən edilsin və bu qaydalar çərçivəsində tədbirlərin keçirilməsinə imkan yaradılsın. Məsələn, toylar açıq havada ola bilər.

Türkiyədə bununla bağlı qərar verildi və açıq havada olan toy mərasimləri bərpa edildi. Avropada da buna bənzər qərarlar verilib. Ola bilər ki, açıq havada toy mərasimlərinin təşkil edilməsinə qərar verilsin.

Ən azından yay mövsümündə bunu etmək mümkündür”. 
N.Cəfərli hesab edir ki, əgər virusoloqlar, tibb mütəxəssisləri bunu ciddi bir təhlükə sayırsa, o zaman dövlətin də vəzifəsidir ki, bu sahədə çalışan insanlara, o cümlədən iş adamlarına müəyyən dəstək göstərsin: “Bizdə hələlik yalnız koronavirus dövrü ilə bağlı sosial paket qəbul olunub. Dünyanın bir çox ölkələrində hökumət tərəfindən iki paket qəbul olundu.

Bunlardan biri pandemiya dövründə iqtisadiyyata və ailələr dəstək paketi idi, digəri isə pandemiyadan çıxış üçün yol xəritəsi və hansı dəstəklərin olacağı ilə bağlı addım-addım planlardır. Bizdə təəssüf ki, ikinci mərhələ ilə bağlı ümumiyyətlə danışılmır.

Qəbul olunan birinci paket pandemiyanın vurduğu ziyanları az da olsa önləmək  üçün nəzərdə tutulub. Həm əhali üçün – 600 min nəfərə 190 manatın verilməsi, həm də biznes üçün müəyyən güzəştlərin olması karantin dövrünü əhatə edir. Karantin dövrü isə iyun ayının 1-də bitir.

İyunun 1-dən sonra biznesə yol necə açılacaq, hansı dəstəyə ehtiyac var, iqtisadiyyatın çarxlarının dönməsi üçün nə kimi addımlar atılmalıdır, hansı təşfiq paketləri olacaq- bununla bağlı hökumət ümumiyyətlə danışmır”. 

İqtisadçı diqqətə çatdırdı ki, mart ayından etibarən Rusiya, Qazaxıstan kimi ölkələr ikili paketlər açıqladılar: “Avropa ölkələrində isə bu proqram daha mükəmməl idi. Rusiya həm karantin dövrü üçün paket açıqladı, karantin rejimindən çıxışla bağlı isə 3 trilyon rubl həcmində ayrı bir paket açıqladı.

Görünən odur ki, problem harada yaranacaqsa, onu aradan qaldırmağa çalışacaqlar, yəni nəticə ilə mübarizə aparacaqlar.

Ancaq önləyici addımların olmaması təəssüf doğurur”. 
Musavat.com 





Ana səhifəyə qayıt        Baxış: 2 531          Tarix: 26-05-2020, 15:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma