Xəbər lenti


O, 1990-cı illərdə Rusiyada peşəkar və bacarıqlı hərbçi, cəsarətli siyasətçi kimi tanınıb. Hakimiyyəti tənqid etməkdən çəkinməyən general-leytenant Lev Roxlin ən mötəbər kürsürələrdən belə Boris Yeltsinin siyasi fəaliyyətini yarıtmaz və yanlış adlandırıb. General xüsusilə Qafqazdakı vəziyyətlə bağlı Rusiya preidentinə qarşı sərt ittihamlar söyləyib, 1994-1995-ci illərdə bir milyard dollarlıq silahın Rusiyadan Ermənistana ötürülməsini hakimiyyətin cinayət əməli kimi qiymətləndirib, Kreml məmurlarının ermənipərəst mövqeyinin qərəzli olduğunu bəyan edib.
Lev Roxlin 1947-ci ildə Qazaxstanın Apalsk şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Daşkənd Ali Umumqoşun Komandirlər Məktəbində, sonra isə Frunze adına Hərbi Akademiyada təhsil alıb.
O, zabit kimi ilk xidmətinə Almaniyada sovet qoşunları qrupunda başlayıb. 1982-ci ildə Roxlinin xidmət yeri Əfqanıstana dəyişdirilib və alay komandiri vəzifəsinə təyin edilib. Əfqanıstanda xidmət edərkən Urqun əməliyyatında Roxlinin uçduğu hərbi vertalyot vurulub. Ciddi xəsarət alan alay komandiri təcili Daşkəndə çatdırılıb. Bir müddət müalicə aldıqdan sonra o, xidmətini Türkmənistan Hərbi Dairəsində divizya komandirinin müavini vəzifəsində davam etdirib.

Lev Roxlinin sonrakı xidməti Qafqazla bağlı olub. Ceçenstan, Gürcüstan və Azərbaycandan keçən çətin hərbi xidmətdən sonra general rütbəsi daşıyan Roxlin həyatının növbəti mərhələsini siyasətlə bağlayıb. O, 1995-ci ildə Rusiya Dövlət Dumasına deputat seçilib, dumanın hərbi məsələlər üzrə komissiyasına rəhbərlik edib.
Hərbdə olduğu kimi, generalın siyasi cəbhədə də fəaliyyəti mübarizələrlə keçib. O, 1997-ci ildə ordu, müdafiə sənayesi və hərbi elmə dəstək hərəkatı yaradıb. Nüfuzlu generalın təşkilatlanması hakimiyyət dairələrində kifayət qədər narahatlıq yaradıb. Hətta belə fikirlər də söylənilib ki, Lev Roxlin Yeltsin hakimiyyətini devirərək hərbi diktatura yaratmaq planlarını gerçəkləşdirmək istəyib.
Sonralar generalın qızı Yelena Roxlina atasının çevriliş etmək məsələsinə bu cür münasibət bildirib:

“Atam həm hərbçi, həm də siyasətçi kimi peşəkar idi. Onun hansı gücə malik olduğunu hakimiyyət dairələrində də bilirdilər. Onun çevriliş etmək gücü və imkanı var idi və o, bunu xalqı naminə etmək istəyirdi. O, ölkədə xalq hakimiyyətinin olmasını arzulayırdı. 1990-cı illərdə Rusiyada baş verənlər haqqında atamda bütün məlumatlar var idi. O, məmur oğurluqlarının canlı şahidi idi və bununla barışmaq istəmirdi. Elə bu cür mövqeyinə görə də general Roxlin arzuolunmaz bir şəxs idi və onu aradan götürməyi hakimiyyət mütləq sayırdı...”
General Roxlin ətrafdakılara, silahdaşlaına məlum olan və olmayan planlarını reallaşdıra bilməyib. O, 1998-ci ilin iyulun 3-də gecə saatlarında Moskva ətrafındakı bağ evində yatdığı yerdə güllələnib.
İlkin istintaq araşdırmaları zamanı generalın qatilinin həyat yoldaşı Tamara Roxlina olduğu müətyyənləşdirilib. İstintaq zamanı Tamara Roxlina bunu özü də etiraf edərək, ailə münaqişəsi səbəbindən generalı onun öz şəxsi silahı ilə vurduğunu “etiraf” edib. Həmin silah sonra bağ evinin yaxınlığında aşkar edilib.

Uzun-uzadı davam edən məhkəmə prosesinin sonunda Tamara Roxlina istintaqa verdiyi ifadələrdən imtina edib, bu ifadələri təzyiq və qorxu altında verdiyini söyləyib. Nəhayət, 7 ildən sonra yekunlaşan məhkəmə Tamara Roxlinanı rəsmi olaraq qatil elan edib.
Maraqlı məqamlardan biri odur ki, qəsdən adamöldürmə maddəsi ilə ittiham olunan Tamara Roxlina cəmi 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bu dörd ilin iki ili isə yaşayış yerini tərk etməməklə şərti cəza ilə əvəzlənib. Generalın həyat yoldaşı hadisə ilə bağlı bütün açıqlamalarında, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə Roxlinin ölümündə əli olmadığını söyləyib.

Generalın öldürülməsində daha bir maraqlı məqam üzə çıxıb. İstintaq araşdırmaları zamanı Roxlinin bağ evinin yaxınlığındakı meşə massivində üç nəfərin yandırılmış meyiti tapılıb. Bəzi versiyalara görə, Roxlini güllələyənlər də elə bu üç nəfər olub. Belə fikir irəli sürülüb ki, yandırılan adamlar pul ödənişi qarşılığında killerrliklə məşğul olublar. Generalın ölümünü sifariş edənlər isə izi tamam itirdirmək üçün icraçıları öldürərək yandırıblar.
Digər bir versiyada görə, Lev Roxlinin xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən güllələndiyi vurğulanıb.
2016-cı ildə isə generalın həyat yoldaşı Roxlinin qatillərinin onun mühafizəçiləri olduğu versiyasını irəli sürüb.
Bütün bu versiyaların içində Lev Roxlinin qətli müəmmalı olaraq qalıb.

51 yaşında həyatına son qoyulan general Lev Roxlin Moskvada, Troekurovski qəbirstanlığında dəfn edilib.
General Roxlin çoxlarının yaddaşında ədalətli, vicdanının səsini eşidən, haqqı deməyi bacaran və təvazökar bir şəxs kimi qalıb. Şan-şəhrəti sevməyən, sadəliyi ilə fərqlənən general Çeçenstan müharibəsindəki xidmətlərinə görə ona verilən Rusiyanın ən ali dövlət təltiflərindən biri olan “Rusiya qəhrəmanı” adından da imtina edib və bu imtinanın səbəbini də izahsız qoymayıb:
“Sərkərdələr vətəndaş müharibəsində şöhrət qazana bilməz, Çeçenistandakı müharibə Rusiyanın şöhrəti deyil, fəlakətidir...”
musavat.com



Ana səhifəyə qayıt        Baxış: 2 718          Tarix: 14-08-2020, 16:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma