Xəbər lenti


“Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər.

1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan  xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”.

Bununla yanaşı. Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan  milli mücadiləyə azərbaycanlılar maddi və mənəvi yardım göstərmişlər”
 
Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun sədri, akademik Əhliman Əmiraslanov iki qardaş ölkə arasındakı əlaqələrdən danışarkən bildirib.
 
Akademik Ə.Əmiraslanov qeyd edib ki:
 
“Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra, 1991-ci il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə oldu. 1992-ci il yanvar ayının 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradıldı. Həmin vaxtdan Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustundan isə Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başladı. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə kursun yüksələn xətt üzrə inkişafını təmin etdi.

Ümummilli lider Heydər Əliyevin Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi: “1993-cü ilin yayından başlayaraq, Türkiyəyə münasibətdə də xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabər hüquqlu iqtisadi tərəf-müqabilidir. İki qardaş dövlətin başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlər imzalanmışdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir.” Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olaraq Türkiyəyə üç rəsmi, iki qeyri-rəsmi, on beş işgüzar səfər etməsi ümummilli liderin xarici siyasət konsepsiyasında Türkiyəyə verdiyi əhəmiyyətin və ölkələr arasındakı strateji birliyin çox fərqli olduğunun göstəricisidir.
 
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. 

Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.

Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk".
 
 Qardaş Türkiyə Cümhuriyyəti  bütün sahələrdə olduğu kimi ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində də  ölkəmizi dəstəkləyir və  Ermənistanın işğalçı siyasətini   şiddətlə qınayaraq hər zamankı kimi Azərbaycanın yanında yer aldığını  və təcili olaraq işğal olunmuş Azərbaycan torpaqların azad olunmasının vacibliyini bildirir. Azərbaycanın tarixinə «Tovuz - iyul hadisələri» kimi daxil olan hərbi-siyasi olaylarda  Türkiyə Cümhuriyyətinin birmənalı şəkildə bütün imkanları ilə Azərbaycanın yanında olmasını bir daha açıq şəkildə bəyan etməsi sözün əsl mənasında qardaş ölkə olmaq missiyasının əyani təcəssümüdür.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son vaxtlarda bir neçə dəfə müxtəlif tədbirlərdəki çıxışlarında Türkiyə tərəfindən istənilən məqamda Azərbaycana hər cür dəstək veriləcəyini bildirməsi, «bütün imkanlarımızla», «Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək», «qardaşlarımızı heç vaxt tək qoymarıq» kimi konkret mövqe nümayiş etdirən fikirləri qardaş ölkənin Azərbaycana münasibətinin əməli ifadəsidir. 
 
Dağlıq Qarabağ münaqişənin nizamlanmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır.

Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. ATƏT-in Minsk qrupunun həmsədrləri təcavüzkarın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, müxtəlif sanksiyalar tətbiq etməklə onun qarşısını almalıdır. Əks təqdirdə, Ermənistan ordusu 2016- cı ilin Aprel döyüşlərində və 2020- ci ilin Tovuz əməliyyatında aldığı ciddi zərbənin növbətisi, daha ağırı ilə üzləşməli olacaqlar. 

Bu yaxınlarda ölkəmizin Xarici İşlər və Müdafiə nazirlərinin qardaş ölkəyə və Türkiyənin ordu rəhbərliyinin ölkəmizə qarşılıqlı səfərləri zamanı keçirdikləri görüşlərdə hər iki tərəfin nümayəndələri tərəfindən səsləndirilən fikirlər, o cümlədən Türkiyənin hərbi-siyasi rəhbərliyinin Ermənistanın işğalçı siyasəti, sərhədboyu ərazilərdə, xüsusilə iyulun 12- də Tovuz rayonu ərazisində törətdikləri təxribatlar və Dağlıq Qarabağ barəsində verdiyi sərt mesajlar həm Ermənistana, həm də onun havadarlarına, eləcə də ikili standartlar mərəzindən hələ də xilas olmayan ermənipərəstlərə ciddi siqnal idi”.



Ana səhifəyə qayıt        Baxış: 2 623          Tarix: 18-08-2020, 21:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma