Xəbər lenti


Novator.az saytı ABŞ-ın “Vaşinqton Post” qəzetində dərc olunmuş “Rusiyanın internetə nəzarəti ələ keçirmək planı artıq sirr deyil” başlıqlı məqaləni ingiliscədən cevirib təqdim edir. Məqalənin müəllifi qəzetin beynəlxalq məsələlər üzrə icmalçısı Devid İqnatiusdur.
Rusiyanın internetə nəzarəti ələ keçirmək kampaniyası artıq onun kəşfiyyat xidmətlərinin gizli manevri olmaqdan çıxıb, açıq xarakter alıb. İndi bu məsələ, prezident Vladimir Putinin də dediyi kimi, Rusiyanın xarici siyasətində əsas element, qarşıya qoyulmuş bir məqsəddir.

Aprelin 21-də Federal Məclisə illik müraciətində Putin Rusiyanın informasiya, kiber təhlükəsizlik məsələlərində beynəlxalq dialoqu normallaşdırmaq üçün çoxlu təklif irəli sürdüyünü deyib, eyni zamanda ABŞ-ın və digər ölkələrin bu təkliflərdən boyun qaçırmasından gileylənib: “Biz dəfələrlə təklif etmişik. Amma hamı bu məsələnin müzakirəsindən yayınır”.

“Beynəlxalq dialoq” təklifi dünyanın ən böyük kiberxuliqanından gəldiyi üçün bir qədər qıcıq doğurur. Rusların bəzən “informasiya məkanı” adlandırdıqları bu sahəyə nəzarət etmək məsələsi uzun müddət Moskvadan ötrü kəşfiyyat prioriteti olub.

İnternetə nəzarət uğrunda diplomatik həmlələri isə Rusiya iki istiqamətdə edir. Birincisi, Moskva 2001-ci il tarixli Budapeşt Konvensiyasından imtina edib, çünki bu sənəddə müdaxilə predmeti çoxdur. BMT Rusiyanın Budapeşt Konvensiyası əvəzinə kiber cinayətkarlığı tənzimləyən yeni müqavilə qəbul etmək təklifini dəstəkləyib.

İkincisi, Rusiya BMT Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbəri postuna öz namizədini seçdirmək məqsədilə lobbiçilik edir. Beynəlxalq Telekommunikasiya İttifaqı Rusiyaya hazırda internet ünvanlarını idarə edən İCANN təşkilatını sıxışdırmaq üçün lazımdır.
Beynəlxalq tənzimləyicilik uğrunda bu mübarizə kimlərəsə qəribə görünə bilər. Ancaq bu elə-belə məsələ deyil, XXI əsrin sonunadək internet rabitəsi qaydalarını kimin yazacağını müəyyənləşdirmək uğrunda aparılan bir mübarizədir.

Moskvanın Beynəlxalq Telekommunikasiya İttifaqına dair planını Rusiya Xarici İşlər Nazirliyinin informasiya və kommunikasiya texnologiyalarından siyasi müstəvidə istifadə üzrə xüsusi koordinatoru Ernest Çernuxin diqqətə çatdırıb. O, heyrətamiz dərəcədə açıq danışıb.
Çernuxin fikirlərini aprelin 21-də – Putin çıxış elədiyi gün səsləndirib. Bildirib ki, internet idarəçiliyi səlahiyyətlərinin BMT-nin bu sahədə lazımi təcrübəsi olan ixtisaslaşmış strukturuna – Beynəlxalq Telekommunikasiya İttifaqına həvalə olunması ən optimal variantdır: “2022-ci ildə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi vəzifəsinə keçiriləcək seçkidə rusiyalı namizədin irəli sürülməsi və seçilməsi, habelə 2025-ci ildə Rusiyada BMT-nin İnternet İdarəetmə Forumunun keçirilməsi bu strateji məsələnin həllinə kömək edə bilər”.

Rusiyanın Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbəri postuna namizədi rabitə nazirinin sabiq müavini və Çinin “Huawei” telekommunikasiya şirkətinin keçmiş rəhbərlərindən biri Rəşid İsmayılovdur.

ABŞ-ın bu posta namizədi telekommunikasiya eksperti, Beynəlxalq Telekommunikasiya İttifaqının inkişaf bürosunun direktoru Dorin Boqdan-Martindir.

Hazırda internetin texniki idarəçiliyi İCANN təşkilatının icraatındadır. İCANN 1998-ci ildə ABŞ Müdafiə Nazirliyinin ARPANET sistemindəki domen adlarına nəzarət etmək üçün yaradılıb. Təşkilat 2016-cı ilədək, yəni tam özəlləşənədək ABŞ Ticarət Nazirliyi ilə müqavilə əsasında işləyib.
Görünür ABŞ-ın internetin bünövrəsində durması Putini əsəbləşdirir və onu hökmranlıq uğrunda danışıqlara atılmağa sövq edir.
2014-cü ildə Putin bir müsahibəsində demişdi ki, internet ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin layihəsi kimi yaradılıb, elə o qaydada da inkişaf etdirilir.

Rusiyanın sabiq prezidenti, indi Təhlükəsizlik Şurası sədrinin müavini olan Dmitri Mevedyev də bu ilin fevralında bir açıqlamasında gileylənərək belə söyləmişdi: “Bilirsiniz ki, internet müəyyən bir dövrdə yaranıb və əlbəttə ki, onun əsas idarəetmə hüquqları ABŞ-dadır”.
Rusiya internet kommunikasiyalarının gələcəyini formalaşdıracaq qaydalar uğrunda mübarizəyə atılmağa hazırdır. Amma ABŞ prezidenti Cozef Baydenin administrasiyası da ədalətli və açıq qaydaları qoruyub saxlamaq üçün əzmkarlıqla müqavimət göstərməyə hazır görünür.



Ana səhifəyə qayıt        Baxış: 3 302          Tarix: 8-05-2021, 20:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma