Xəbər lenti
  
"Bizim üçün bir plan var, o da Suriyanın taleyini Suriya xalqının təyin edəcəyini ifadə edilən BMT TŞ-nın 2254 saylı qərarı. Bu qərarın həyata keçirilməsindən başqa bir alternativin olduğuna inanmıram".
Ovqat.com xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Lavrov bildirib.
Nazir Gürcüstandan ayrıldığını elan edən və Rusiya tərəfindən tanınan Abxaziyada keçirdiyi mətbuat konfransında jurnalistlərin ABŞ dövlət katibi Reks Tillersonla son Moskva ziyarətində Suriyada rejim dəyişikliyi ilə bağlı hər hansı müzakirələrin aparılıb-aparılmadığı suallarına cavab verərkən belə deyib.
Qeyd edək ki, bu gün Ağ ev yetkilərindən biri Suriya məsələsiylə bağlı dördmərhələli həll variantından danışmış və Reks Tillersonun Moskva səfərində bu paketin müzakirə olunduğunu bildirmişdi. Görünür, jurnalistlər bu iddiaya aydınlıq gətirmək üçün Lavrovu “məhşər ayağına” çəkiblər. O isə “Rusiyanın yalnız birmərhəli planı var” deməklə məsələyə nöqtə qoymaq istəyib.
Mütəxəssislər Lavrovun bu təkzibini normal qəbul edir, iki dövlət arasında hər hansı razılıq əldə olunsa belə, onun indiki mərhələdə açıqlanmasını doğru bilmirlər. ABŞ-ın mətbuata sızdırılan dördmərhəli həll planında ilk mərhələnin İŞİD-ə qarşı mübarizə olduğuna diqqət çəkən mütəxəssislər hələ birinci mərhələnin tamamlanmadığını düşünürlər. “Əsədsiz Suriya” mərhələsi isə bu paketdə 3-cü sırada yer alır. O dövrə qədər Bəşər Əsəd beynəlxalq güclərlə əməkdaşlıq etməli, ölkə İŞİD-dən təmizləndikdən və yerli özünüidarə orqanları yaradıldıqdan sonra şələ-şüləsini toplayıb, ya İrana, ya Rusiyaya getməlidir. Sözsüz ki, ilk mərhələdə son hədəfin göstərilməsi planın baş tutmamasına, Bəşər Əsədə bağlı qüvvələrin narazı qalacağından təxribatlara əl atmasına yol aça bilər. Bu cür sürprizlərə yol verməmək üçün iki dövlət arasında əldə edilən razılığın (əlbəttə, əgər varsa) məxfi tutulması tələb olunur.



Ana səhifəyə qayıt        Baxış: 867          Tarix: 19-04-2017, 19:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma