Xəbər lenti

 
 
Ukrayna Baş Komandanı ordu generalı Ruslan Xomçak Ali Radanın millət vəkilləri ilə söhbətində Rusiya Silahlı Qüvvələrinin son vaxtlar öz qoşunlarını Ukrayna ilə sərhəddə topladığını bildirib.
 
Ovqat.com-un məlumatına görə, Xomçak hərbi dislokasiyanın bir neçə istiqamətdə aparıldığını deyib.
 
Generalın fikrincə, bu, dövlətin milli təhlükəsizliyinə qarşı ciddi təhdiddir.
 
"Rusiya döyüş hazırlığını qorumaq və gələcəkdə keçiriləcək "Qərb-2021" strateji təlimlərinə ümumi hazırlıq adı altında müxtəlif bölgələrdən öz silahlı qüvvələrini tədricən Ukraynanın dövlət sərhədi yaxınlığında toplayır.", - deyə Xomçak Ukrayna parlamentarilərinin diqqətinə çatdırıb.
 
O qeyd edib ki, hərbi texnikalar xüsusilə Bryansk, Voronej bölgələri və Krım yarımadasının ətrafında artırılır. Xomçakın əldə etdiyi məlumata görə, RF Silahlı Qüvvələrinin təxminən “28 taktiki batalyon qrupu” bölgəyə göndərilib.


 
Qeyd edək ki, Xomçak bundan bir neçə gün əvvəl “Qordon” nəşrinin baş redaktoru Ales Batsmana video-müsahibəsində Ukrayna ordusunun Rusiya ilə müharibəyə hazır olduğunu bildirmişdi. O vurğulamışdı ki, Kiyevin qarşısını kəsən yeganə məsələ qızğın döyüşlərin gedəcəyi Donetskin çoxmilyonlu şəhər olmasıdır: "Bu gün problem Ukrayna prezidentinin müharibə ilə bağlı əmr verib-verməməsi deyil. Sadəcə olaraq, müharibənin nəticələrini, ordunun gücünü, ehtiyatlarını, qabiliyyətini hesablamaq lazımdır. Donetsk çoxmilyonlu şəhərdir, əgər hücuma keçsək, çoxlu sayda mülki əhalinin həlak olma riskləri var. Riskləri qiymətləndirmək lazımdır. Əgər biz bu gün orada olan adamlarla müharibə aparsaq, - əlbəttə, məqsədə çatmaq üçün çox böyük şanslarımız var. Lakin biz kimin bizə qarşı olacağını başa düşürük ... Biz bunu 2014-cü ildə görmüşük".


 
Ordu generalının bu sözləri deyərkən Ukrayna qarşı vuruşacaq qüvvənin Rusiya Federasiyası olduğunu nəzərdə tutduğu bəllidir. Buna baxmayaraq, Kiyevin də arxalandığı qüvvənin olduğunu xatırladan Xomçak gözlənilən müharibə zamanı NATO qüvvələrindən dəstək alacaqlarına eyham vurmuşdu. "Ukrayna Silahlı Qüvvələri bu gün müxtəlif variantlara hazırlaşır və əlbəttə ki, bu variantlar arasında hücum ssenariləri də var. Biz tədris bazaları yaradırıq, tərəfdaşlarımız da bizə kömək edirlər. Çünki başqa cür ola da bilməz. Soruşsanız ki, biz bu gün döyüşə hazırıqmı? Bəli, hazırıq", — deyə baş komandan vurğulamışdı.


 
Yeri gəlmişkən NATO-nun Baş katibi Yens Stoltenberq də bu yaxınlarda verdiyi açıqlamada Rusiyanın öz qonşularıyla bağlı siyasətində təcavüzkar mövqe tutduğunu qeyd etmiş və NATO-nun bu siyasəti dayandırmaq üçün Qara dənizdə təlimlər keçdiyini vurğulamışdı. O, açıq şəkildə bəyan etmişdi ki, Alyans həm müttəfiqlərini, həm də tərəfdaşlarını qorumağa hazırdır.
 
Maraqlıdır ki, Rusiya da Ukrayna ilə sərhəddə çoxsaylı hərbi texnika topladığını gizlətmək niyyətində deyil. Əksinə, Ukrayna ilə sərhəddə göndərdiyi hərbi texnikaların videolarını çəkdirib özünə yaxın media qurumları tərəfindən yayır. Məsələn, Donbasstoday.ru portalının bu yaxınlarda yaydığı bir məlumatda iki gün ərzində ən azı iki dəfə hərbi texnikaların Krıma göndərildiyi iddia olunur və bunu təsdiqləyən video-görüntü ictimaiyyətə təqdim edilirdi.
 
Ehtimal olunur ki, təqdim edilən video 24 martda Krasnodar bölgəsində çəkilib. Videoda hərbi texnikaların qatarlarla göndərildiyi öz əksini tapıb. Videonun müəllifi “təsadüfən” çəkdiyi görüntünü şərh edərək deyir:



Digər bir video bu linkdə
 
“Bu, iki gün ərzində Krıma gedən ikinci qatardır. Belə təəssürat yaranır ki, bölgədə nələrəsə hazırlıq işləri gedir”.  
 
Donbasstoday.ru həmin xəbərdə xatırladır ki, bir ay əvvəl Rusiyanın "Tochka U" taktiki raket sistemlərinin Krımla sərhədinə göndərdiyi aydın olmuşdu. Texnikaların hamısı Rusiya sərhədindən 30 kilometr uzaqlıqdakı Xerson bölgəsinə yerləşdirilir.
 
Rusiyaya bağlı kanalların bu “işverənliyi” təsadüfə bənzəmir. Belə görünür ki, Moskva Ukraynada müharibəyə hazırlaşdığını “maddi dəlillərlə” ortaya qoymaqla Kiyevi “başqa fikirlərə” düşməkdən çəkindirməyə çalışır. Hərbi ədəbiyyatda “informasiya savaşı” deyilən bu metod bir tərəfdən düşmənə xof aşılayır, digər tərəfdən isə təcavüzkarın özünün də savaşdan çəkindiyini sərgiləyir.
 
Ovqat.com
 




Ana səhifəyə qayıt        Baxış: 6 031          Tarix: 31-03-2021, 10:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma