Xəbər lenti
 
 
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Rusiya ilə münaqişə zamanı Vaşinqtonun Kiyevə dəstək verməyə hazır olduğunu bildirib
 
Ovqat.com xəbər verir ki, Ukraynanın Müdafiə Nazirliyi iki ölkənin nazirlərinin telefon danışıqlarının yekunlarını şərh edən açıqlamasında belə deyilir.
 
Məlumata görə, "ABŞ-ın müdafiə naziri Ukraynalı həmkarına bildirib ki, Rusiyanın təcavüzü genişlənərsə, ABŞ Ukraynanı tək qoymayacaq və Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzkar niyyətlərinin reallaşdırılmasına imkan verməyəcək". 
 
Pentaqon da bu məlumatı təsdiqləyib. Qurumun sözçüsü Con Kirbi dünən keçirdiyi mətbuat konfransında ABŞ Müdafiə naziri cənab Ostinin "Ukraynanın şərqində  Rusiyanın təcavüzkar və təxribatçı hərəkətlərinin artmasını" pislədiyini bildirib. "O, həmçinin ABŞ-ın rus təcavüzünə qarşı daha səmərəli qorunmaq üçün Ukrayna Silahlı Qüvvələrinin potensialının yaradılması prinsipinə sadiqliyini təsdiqləyib", - deyə Con Kirbi jurnalistlərlə söhbətində bildirib. Pentaqon sözçüsünün bu fikirləri ABŞ Müdafiə Nazirliyinin saytında da dərc olunub. 
 
Cənab Kirbi ABŞ-ın Ukraynanın təhlükəsizliyi üçün Kiyevə 2015-ci ildən indiyədək 2 milyard dollardan çox vəsait ayırdığını vurğulayıb (Azərbaycanın son Qarabağ döyüşlərinə bundan dəfələrlə artıq xərci çıxdığını xatırlatmaqda yarar var).
 
Xatırladaq ki, Ukrayna ilə Rusiya arasındakı ziddiyyətlər martin 26-da Donetskinin Şumi kəndində baş verən qarşıdurmada 4 Ukrayna əsgərinin öldürülməsi ilə yenidən qızışıb və tərəflər sərhədlərə qoşun birləşmələrini toplamağa başlayıblar. Xüsusilə Rusiyanın Ukrayna sərhəddinə xeyli sayda canlı qüvvə və texnika toplaması Kiyevdə ciddi narahatlıqla qarşılanıb, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Ruslan Xomçak ard-arda açıqlamaları ilə həyəcan təbili çalıb, təhlükənin miqyasını bütün dünyaya duyurub.  Ukrayna ordusunun Ali Baş Komandanının martın 30-da Ali Rada üzvləri qarşısındakı çıxışı beynəlxalq birlik tərəfindən xüsusi diqqətlə qarşılanıb. O, həmin çıxışında Rusiyanın Ukrayna sərhədindəki qoşunları artırdığını bildirib və bunu Ukraynanın milli təhlükəsizliyinə qarşı ciddi təhdid adlandırıb. General onu da vurğulayıb ki, əldə etdiyi məlumata görə, RF Silahlı Qüvvələri bölgəyə təxminən “28 taktiki batalyon qrupu”  göndərilib və onların böyük əksəriyyəti Bryansk, Voronej bölgələri ilə Krım yarımadasının ətrafında yerləşdirilib.


 
Xomçakın bu həyəcan siqnalından sonra Ukraynanın digər dövlət qurumları da prosesə qoşulub və beynəlxalq gücləri dövriyyəyə girməyə çağırıblar. Xüsusilə Ukrayna Ali Radasının səs çoxluğu ilə qəbul etdiyi bəyannamə ciddi rezonans doğurub. Beynəlxalq birliyi Donbassdakı son qarşıdurmalar səbəbi ilə Rusiyaya qarşı təzyiqləri artırmağa çağıran bəyannaməyə ilk reaksiyanın ABŞ-dan gəldiyi bildirilir. Məlumata görə, Bayden rəhbərliyi baş verənlərdən Rusiyanı cavabdeh tutub. Belə ki, Dövlət Departamentinin sədri Antoni Blinken ukraynalı həmkarı Dmitro Kulebaya zəng edərək ona Vaşinqtonun dəstəyini çatdırıb. Departament sözçüsü Ned Prays bu telefon danışıqları ilə əlaqədar yazılı açıqlama verərək bildirib ki, “Blinken Donbass və Krımda davam edən Rusiyanın təcavüzü qarşısında Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz bağlılığını bir daha təsdiqləyib."
 
Xomçakın çağırışına NATO ölkələri də laqeyd qalmayıblar. Onun çıxışından dərhal sonra ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi araya girərək, iki ölkədəki həmkarları ilə Donbassdakı vəziyyəti müzakirə ediblər. Müzakirələrə Rusiya və Fransa prezidentləri ilə yanaşı Almaniya kansleri Angela Merkel də qoşulub.
 
Beynəlxalq qüvvələrin dövriyyəyə girməsindən sonra Ukraynanı Donbass Əlaqə Qrupunda təmsil edən Leonid Kravçuk bəyanat verərək tərəfləri yenidən atəşkəs rejiminə qayıtmağa çağırıb. Əlaqə qrupundakı Ukrayna nümayəndə heyətindən digər üzvü Aleksey Arestovic ölkənin “Espreso” televiziyasına bir açıqlama verərək, məsələnin prezident səviyyəsində müzakirəsinin davam etdiyini bildirib və “Kravçukun təklifinin hazırda nəzərdən keçirildiyini” vurğulayıb.
 
Atəşkəsə qayıdış müzakirələrinin davam etdiyi sıralarda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Ukraynanı təhdid edən açıqlamaları Moskvanın bu gərginliyi davam etdirmək niyyətində olduğunu göstərir. Sergey Lavrov Rusiyanın “1. Kanal”ına müsahibəsində Putinin bir fikrini xatırladaraq deyib: "Prezident Vladimir Putin bu yaxınlarda demişdi, amma bu sözlər indi də qüvvədədir; Donbassda yeni bir müharibə başlatmağa çalışanlar Ukraynanı məhv edəcəklər".
 


Moskvanın bütün təhdidlərinə baxmayaraq, rəsmi Kiyev antirus mövqeyindən əl çəkmək niyyətində deyil. Ötən gün Ukrayna hökumətinin Rusiya ilə turizm sahəsində əməkdaşlıq müqaviləsindən çıxdığı məlum olub. Sözügedən müqavilənin iki ölkənin hökumətləri arasında 1999-cu ildə imzalandığı bildirilir. Bundan əvvəl isə Kiyev Rusiyadan buğda, günəbaxan yağı, kağız və yuyucu vasitələrin idxalına qadağan qoyub. Hökumətin 29 mart tarixində yayımlanan qərarı 10 gün sonra qüvvəyə minəcək. 
 
Görünən budur ki, son zamanlar Qara dənizdəki hərbi qüdrətlərini artıraraq Ukraynaya dəstək verən və onu işğal altındakı ərazilərini qurtarmağa təşviq edən NATO qüvvələri Rusiyanın ciddi dirənişi qarşısında geri çəkilib, problemin hərbi yolla deyil, yenə iqtisadi basqılarla həllinə qərar veriblər. İstər Kravçukun “atəşkəs geri dönüş” təklifi, istərsə də Ukrayna hökumətinin Rusiyaya qarşı sanksiya qərarları da bundan xəbər verir.
 
Zənnimizcə, NATO qüvvələrinin geri çəkilməsi Qara dənizdə keçirdikləri “Dəniz qalxanı-2021” hərbi manevrində qarşılaşdıqları rus sürprizləri ilə əlaqədar ola bilər. NATO-nun hərbi əməliyyatları getdiyi sıralarda Rusiya özünün Qara dəniz donanmasındakı bütün sualtı gəmilərini “xidmət post”larına göndərmiş və donanmanın saz vəziyyətdə olduğunu nümayiş etdirmişdi. Rusiyanın səsdəniti sürətli raketləri ilə təchiz olunmuş bu sualtıların baş verəcək döyüş anında ciddi təhdidə çevriləcəyinə şübhə yox idi. Bununla da kifayətlənməyən Rusiya təlimlərin keçəcəyi Krım yarımadasına da iki hərbi gəmisini çıxarmış və NATO donanmasının gözü qarşısında düşmən qüvvələrini necə zərərsizləşdirə biləcəyi ssenarisini nümayiş etdirmişdi. Çin “Sohu”  nəşrinin iddiasına inansaq, “Admiral Makarov” və “Admiral Essen” freqatlarının gözlənilməz “təlimləri” NATO gəmilərinin hərəkətlərini məhdudlaşdırmış və onların Krıma yaxınlaşmasına mane ola bilmişdilər. Məhz bu sürprizlərlə eyni zamanda Rusiya ordusunun Ukraynaya qarşı təzyiqləri də artmışdı.
 
Ukraynanın və digər Baltikyanı ölkələrin NATO qüvvələri tərəfindən yetərli səviyyədə müdafiə olunmadığı digər Şərqi Avropa hərbçilərinin də gözündən yayınmır. Polşanın ehtiyatda olan generalı Valdemar Skşipçak nəinki Ukraynanın, həmçinin bütün regionun NATO müttəfiqləri tərəfindən tərk edildiklərinə inanır və region dövlətlərini öz başlarının çarələrinə baxmağa çağırır. O, Rusiyaya qarşı birgə dirəniş göstərmək üçün region ölkələrinin hərbi alyansının yaradılmasının tərəfdarıdır.


 
Polşanın “Defence 24” nəşrinin məlumatına görə, Skşipçak NATO-nun Baltikyanı ölkələri Rusiyadan qorumaq üçün kifayət qədər iş görmür və bir neçə təyyarə və tank rotası göndərməklə Moskvanı təcavüzkar siyasətdən çəkindirməyin mümkünlüyünə inanmır. General Şimali Atlantika İttifaqının hazırda da ABŞ-ın keçmiş prezidenti Donald Trampın müttəfiq ritorikası ilə hərəkət etməsinin, həmçinin Türkiyənin Rusiya ilə yaxın əlaqələrinin və Almaniya ilə Fransanın ikili mövqeyinin bölgədə böhran yaratdığını vurğulayıb.
 
Vəziyyət çox ağırdı, NATO tarixində belə bir şey olmayıb. Özümüz təşkilatlanmasaq, yaxın bir neçə ildə Avropadakı hərbi-siyasi vəziyyət bizim əleyhimizə tamamilə dəyişilə bilər”, - polşalı general bu qənaətdədir.
 
Generala görə, belə ağır vəziyyətdə Skandinaviya və Baltik dənizi ölkələrinin müdafiə potensialının inteqrasiyası Rusiya Federasiyası üçün “çəkindirici amil” rolu oynaya bilər.
 
Verilən digər bir məlumatlara görə, Bolqarıstan hərbi yetkililəri də Ukraynaya Rusiyanın “əsəbləri ilə oynamamağı” məsləhət görüblər.
 
Ukrayna ətrafında yaranmış böhrana bu aspektdən nəzər salanda ABŞ rəsmilərinin Kiyevə niyə tez-tez onun qarşısında içdikləri “əhdə vəfadarlıq və sədaqət” andını xatırlatması təsadüfi görünmür və məşhur atalar sözünü yada salır: “Dedin, inandım, təkrarladın, şübhələyə düşdüm, and içdin, yalan danışdığın aydın oldu”.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 374          Tarix: 2-04-2021, 11:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma