Xəbər lenti


 
Donbassda Srebrenitsadakı qırğın təkrarlanarsa, Rusiya bölgəni müdafiə etmək məcburiyyətində qalacaq.
 
Ovqat.com xəbər verir ki, Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Dmitri Kozak bunu bəyan edib.
 
Administrasiyanın Donbass və Ukraynanın işğal olunmuş digər ərazilərini kurasiya edən D. Kozak Rusiya Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun mütəxəssisləri ilə görüşündə əlavə edib ki, hər şey atəşin miqyasından asılıdır.
 
“Prezidentimizin də dediyi kimi Srebrenitsa hadisələri Donbassda da yaşansa, biz oranı müdafiə etməli olacağıq” deyən Kozakın sözlərinə görə, bütün iştirakçılar öz öhdəliklərini yerinə yetirəcəkləri təqdirdə bölgədəki münaqişə bir il ərzində öz həllini tapa bilər: “Lakin Ukrayna “sonsuz ziqzaqlara” üstünlük versə, vəziyyətin dondurulması da istisna edilmir”.
 
Bir çox rusiyalı mütəxəssislər Kozakın bu cür bəyanatları özbaşına verə bilməyəcəyinə inanırlar. Onların fikrincə, Ukraynaya və onu müdafiə edən xarici qüvvələrə ünvanlamış bu fikirlər birbaşa Vladimir Putinin diktəsilə dilə gətirilib. Kozakın açıqlamasında fikirlərini Putinin mövqeyi kimi təqdim etməsi də bu iddiaları təsdiqləyir.


 
“Beləliklə, bu, yalnız Putindən, son dərəcədə birmənalı siqnaldır”, - Telegram şəbəkəsinin “WarGonzo” səhifəsinin müəllifləri də Kozakın sözlərini bu cür şərh ediblər.
 
Qeyd edək ki, Moskvanın Donbass gərginliyini bənzətdiyi Srebrenitsa soyqırımı II Dünya Müharibəsindən sonra Avropada yaşanmış ən ağır faciə kimi rəsmən tanınıb. Bu soyqırım SSRİ dağıldıqdan sonra keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilib.
 
Qətllər general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz edilmiş serb ordusu tərəfindən törədilib. Soyqırım zamanı qadın və uşaqların da qətlə yetirildiyi təkzibolunmaz sənədlərlə də sübuta yetirilib. Serb ordusuyla yanaşı "Əqrəblər" adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də qətliamın törədilməsində iştirak edib. BMT-nin Srebrenitsaya 400 Hollandiya sülhməramlısı yerləşdirməsinə baxmayaraq, soyqırımın qarşısını almaq nəinki mümkün olmayıb, əksinə daha da qorxunc hal alıb. 
 
Belə ki, soyqırımdan əvvəl əhalisi 24 min olan şəhərə digər bölgələrdən qaçqınlar axın etdikdən sonra əhalinin sayı 60 minə çatmışdı. Artıq Srebrenitsa aclıq və xəstəliklərlə mübarizə aparan qaçqın düşərgəsinə çevrilmişdi. Müsəlmanların əlindəki silahlar isə BMT sülhməramlıları tərəfindən yığılmışdı.

 
 
Ratko Mladiçin tabeçiliyindəki serb dəstələri Srebrenitsaya hücumlarını intensivləşdirdikdən sonra müsəlmanlar onlardan alınan silahların geri qaytarılması üçün BMT sülhməramlılarına müraciətlər edirlər. Amma bu müraciətlər hollandiyalı sülhməramlılar tərəfindən rədd olunur. BMT sülhməramlıları yalnız iki F-16 təyyarəsi ilə şəhər üzərində uçuşlar keçirməklə kifayətlənirlər.
 
Hollandiyalı sülhməramlılar bir gecənin içində BMT sülhməramlılarının Bosniyadakı rəhbəri olan fransız generalın əmri ilə şəhərdən çıxarılır. Nəticədə 1995-ci il iyulun 11-də Ratko Mladiç silahlıları müdafiəsiz qalmış şəhərə daxil olmaqda heç bir maneə ilə üzləşmirlər və onlar bosniyalı müsəlmanları yollarda, dağlarda vəhşicəsinə qətlə yetirirlər. Eynilə Dağlıq Qarabağdakı Xocalı soyqırımını xatırladan Srebrenitsa qırğınlarının yeganə fərqi daha çox insanın öldürülməsidir.
 
Bu qırğından sonra BMT qüvvələri Yuqoslaviyanı bombardıman etmiş və ölkə bir daha birləşməyəcək səviyyədə parçalanmışdı.


 
Görünür, Kreml Srebrenitsa qətliamını yada salmaqla həm də Qərbə “Bizim “sülhməramlı" missiyamıza çox lağ etməyin, yeri gələndə siz də bizdən geri qalan deyilsiniz” mesajını çatdırmaq istəyib. Xatırladaq ki, Rusiya prezidentini son zamanlar qəzəbləndirən əsas faktorlardan biri ABŞ prezidenti Cozef Baydenin ona “qatil” yarlığı yapışdırmasıdır. Baydenin bu təhqirinə “canı sağ olsun” deyərək cavab verən Rusiya prezidenti, belə anlaşılır ki, əsl “qatil”in necə ola biləcəyini həmkarına göstərmək niyyətindədir.
 
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 773          Tarix: 8-04-2021, 17:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma