Xəbər lenti
Bu gün, 16:49
Bu gün, 15:30
Bu gün, 14:18
Bu gün, 13:53
Bu gün, 11:19
Bu gün, 10:14
Bu gün, 09:24
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
Dünən, 11:22
Dünən axşam Türk Silahlı Qüvvələrinin Şimali İraqdakı Başikadakı hərbi bazasına raket hücumu edilib.
Ovqat.com-un məlumatına görə, hücumun İran tərəfindən dəstəklənən şiə silahlı qrupu tərəfindən düzənləndiyi təxmin edilir.
Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi Twitter hesabında paylaşdığı açıqlamada bildirilir ki, Başika bazasına üç raket atılib və hücumda bir Türk əsgəri həyatını itirib. Digər iki raket isə hərbu baza yaxınlığındakı yaşayış məkanına düşüb və ən azı iki nəfər yaralanıb. Yaralıların eyni ailədən iki bacı olduğu bildirilir.
Eyni zamanda Şimali İraqdakı Ərbil Beynəlxalq Hava Limanı da hücuma məruz qalıb. Şimali İraq kürd muxtariyyətinin rəsmi açıqlamasında bu partlayış nəticəsində hər hansı can itkisinin yaşanmadığı xəbər verilir.
Qeyd edək ki, Türkiyə ordusuna aid olan Başika hərbi bazası İraqın ikinci ən böyük şəhəri Mosulun 12 km. şimalında eyni adlı bir təpə üzərində qurulub. Mosula tam nəzarət etmək üçün ən uyğun məkan sayılır. 2014-cü ildə Mosul İŞİD tərəfindən işğal edildikdən sonra bölgədə yaşayan insanları qorumaq və sakinlərə hərbi təlim keçmək üçün qurulan düşərgə zaman-zaman İraq hakimiyyəti ilə Türkiyə arasında gərginliyə səbəb olub. Hətta 2017-cı ildə İrana bağlı Həşdi-Şabinin bu hərbi düşərgəyə hücum təhdidinə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan məşhur sözlərlə cavab vermişdi: “Gələcəkləri varsa, görəcəkləri də var”.
Ankaranın ən yüksək səviyyədə dilə gətirdiyi bu sözlər Beşika hərbi bazasına verilən diqqətin də bir göstəricisidir. Başika hərbi bazasının Türkiyə üçün əsas əhəmiyyəti bu bölgənin PKK tərəfindən keçid yolu kimi istifadə edilməsi ilə bağlıdır. Türk Silahlı Qüvvələri bu ərazidə düşərgə qurmaqla həm də faktiki olaraq öz ərazi bütövlüyünü təhdid edən separatçıların fəaliyyətini nəzarət altına almağa, terrorçuların bir-biri ilə əlaqəsini kəsməyə və təhlükəni aradan qaldırmağa çalışır. Türkiyə lideri Rəcəb Tayib Ərdoğanın hələ 4 il əvvəl dilə gətirdiyi yuxarıdakı ifadələrdən də göründüyü kimi, İrana bağlı silahlı qüvvələrin belə bir kritik məqamda Türkiyənin hərbi bazasına hücum etməsi Şimali İraqda iki dövlətin üz-üzə gələcəyi ehtimalı artırır.
Məsələ burasındadır ki, İran Şimali İraqda Təlabani əşirətini və əsasən Süleymaniyyə ərazisində məskunlaşan şiə türkmənləri himayə edir. Türkiyənin isə əsasən Bərzani əşirəti və bölgənin sünni sakinlərini, o cümlədən digər türkmənləri müdafiə etdiyi bildirilir. Zənnimizcə, Ərbil hava limanına və Başika hərbi bazasına edilən hücumda bu amilin də mühüm rolu var. O da mümkündür ki, Türkiyənin 44 günlük Qarabağ savaşında Azərbaycana verdiyi misilsiz dəstək onun İrandakı cənublu qardaşlarımız, İraq türkmənləri arasında nüfuzunun artırmış, bu da Tehranı ciddi narahat etmişdir. Türkiyənin artan bu nüfuzunun qarşısını almaq üçün araya məzhəb ayrımçılığı salmaq kimlərəsə ən effektli çıxış yolu kimi gələ bilər.
Sözsüz ki, bu işin arxasında İran adından istifadə edən üçüncü qüvvənin dayanması da istisna deyil. Xüsusilə son zamanlar İranla ciddi konfliktə girən, hətta onun Nətənzdəki atom müəssisəsində təxribat törədəcək qədər təhlükəli təşəbbüsə əl atan qüvvələr – İsrail, ABŞ da onu Türkiyə ilə üz-üzə qoymaq həvəsinə də qapıla bilərlər. Bu ehtimal doğrudursa, regionun iki böyük gücünün ən həsas bölgədə - Şimali İraqda üz-üzə gətirilməsi də təsadüfi bənzəmir. Şimali İraq dini-məzhəbi və həm də etnik mozaik baxımından ən həsas bölgədir, dolayısıyla burada çıxarılan kiçik qığılcım asanlıqla Yaxın Şərqin indiyədək sabitliyini qorumağı bacaran yeni bölgəsinə - İrana və Cənubi Qafqaza da sıçraya bilər.
Üstəlik, hücumun Ramazan ayında baş verməsi də zamanlamanın “uğurlu” seçilməsindən xəbər verir. Zira bu ay müsəlman dünyasında dini duyğuların və həssaslığın artdığı dövrlərdəndir. Ayrıca, İslam dininin müharibələrin dayandırılmasını, döyüşlərin qadağan olunmasını tələb etdiyi 3 müqəddəs aydan biri və ən önəmlisi Ramazandır. Belə bir müqəddəs ayda məzhəblərdən birinin digərinə hücumu müsəlmanları əks tərəfi küfrə varmaqda ittiham etməsinə rahatlıqla şərait yaradır və onları döyüşdürməyi asanlaşdırır.
Sözügedən təhlükənin reallaşıb-reallaşmayacağı təbii ki, İranla Türkiyənin bundan sonra atacağı addımlara bağlıdır.
Şimali İraqa bağlı “Rudaw” xəbər agentliyinin yaydığı məlumata görə, Ankara və Ərbil artıq baş verən bu təxribatı araşdırmağa başlayıb. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dünən axşam - hadisədən dərhal sonra Şimali İraq muxtariyyətinin Baş naziri Məsrur Bərzaniyə zəng edib. Tərəflər hücumun təfərrüatları ilə əlaqədar fikir alış-verişində bulunublar. Faktı Məsrur Bərzani də öz Twitter paylaşımında təsdiqləyərək yazıb:
“Bu axşam Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdüm. Bu gecə Ərbil və Başikada baş verən terror hücumlarını qətiyyətlə pisləyirik. İstintaq davam edərkən yaxın təmasda olmağı qəbul etdik".
Bərzani həmçinin yaydığı rəsmi bəyanatda da hadisəni qınayıb və rəsmi olaraq İraq təhlükəsizlik qüvvələri daxilində fəaliyyət göstərməyən silahlı qrupların Kürdüstan bölgəsi sərhədindən geri çəkilmələrinin lazım olduğu barədə xəbərdarlıq edib.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar