Xəbər lenti
 

Gürcüstan sərhədçiləri Rusiyadan Ermənistana hərbi sursat daşıyan yük maşınları "Yuxarı Lars" sərhəd keçid məntəqəsində bir ay saxladıqdan sonra Rusiya geri qaytarıblar.
 
Ovqat.com xəbər verir ki, yük maşınları Ermənistan əsgərləri üçün nəzərdə tutulan zirehli gödəkçələr daşıyırmış.
 
Məlumata görə, yük martın 5-də Moskvadan göndərilib. Uzun müddət keçid məntəqəsində saxlanıldıqdan sonra martın 28-də Gürcüstan sərhədçiləri sürücülərdən bütün sənədləri yığıb, bir gündən sonra onları geri qaytararaq, Gürcüstan sərhəddini keçməyə icazə verməyiblər.
 
Maşın sürücüləri Rusiya mediasına açıqlama verərək 1 aydır ki, Gürcüstan sərhədçiləri dayandıqlarını və yüklərinin "xüsusi təyinatlı mal" kateqoriyasına daxil edildiyini bildiriblər.
 
Maraqlıdır ki, erməni sürücülərin sənədlərinin toplandığı gün, daha konkret desək, 27-28 apreldə Azərbaycan DTX-nın sədri general-polkovnik Əli Nağıyev gürcü həmkarı Qriqol Liluaşvilinin  dəvəti ilə Gürgüstanda səfərdə olmuş və Baş nazir  İrakli Qaribaşvili başda olmaqla ölkənin bir sıra rəsmiləri ilə görüşmüşdü. DTX-nın yaydığı məlumata görə, görüşlərdə “regional əməliyyat şəraiti və ona təsir göstərən amillər, beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin təkmilləşdirilməsi, təcrübə və səmərəli məlumat mübadiləsi sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, habelə dünyada ciddi siyasi-iqtisadi fəsadlara səbəb olmuş koronavirus pandemiyası ilə bağlı meydana çıxan yeni təhdidlərə qarşı birgə mübarizənin effektivliyinin artırılması və təhlükəsizliklə bağlı digər aktual məsələlər” müzakirə olunmuşdur. 
 
Mümkündür ki, danışıqlarda Gürcüstan üzərindən İrəvana göndərilən hərbi sursat və silahların qarşısının alınması məsələsi də masaya yatırılıb və Cənubi Qafqazda sülhün təmin olunması üçün Ermənistana silah-sursat göndərilməsinin qarşısının alınması barədə ortaq razılığa gəlinmişdir. Qeyd edək ki, ermənilər təkcə Azərbaycana deyil, həm də Gürcüstana qarşı ərazi iddiaları irəli sürürlər və onların silahsızlaşdırılması region ölkələrinin ümumi maraqlarına xidmət edir. Hətta övladlarının böyük dövlətlərin imperialist siyasətlərinə qurban getməsini istəməyən erməni analarının da.





Ana səhifəyə qayıt        Baxış: 6 234          Tarix: 1-05-2021, 23:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma