Xəbər lenti

 
Paşinyan yeni sənədə imza atsa, Ermənistan formal olaraq dövlət kimi qalacaq, əsl həqiqətdə isə tamamilə Türkiyə və Azərbaycandan asılı bir ölkəyə çevriləcək.
 
Ovqat.com xəbər verir ki, erməni türkoloq Varujan Qeqamyan dünən facebook səhifəsində paylaşdığı statusunda bu yaxınlarda Moskvada imzalanacağı gözlənilən yeni üçtərəfli bəyanatın müddəalarını bu cür şərh edib.


 
Şərhə keçməmişdən əvvəl qeyd edək ki, bəyanatın layihəsi erməni müxalifləri tərəfindən yayınlanmış və Ermənistanda ciddi hay-küyə səbəb olmuşdu. Müxaliflərin Ermənistanın marağının satılması kimi qiymətləndirdikləri layihəyə daha sonra ölkənin Baş naziri Nikol Paşinyan da münasibət bildirmişdi. O, etiraf etmişdi ki, həqiqətən də müxalif tərəfindən ifşa olunan həmin sənəd layihəsi mövcuddur və yaxınlarda Azərbaycan, Ermənistan və Rusiya lideri tərəfindən imzalanacaq.
 
Erməni müxaliflərin sənəd layihəsinə iki əsas iradları vardı: Birincisi, Azərbaycanın Ermənistan ərazisində anklav vəziyyətdə qalan torpaqları niyə əsl sahiblərinə qaytarılmalıdır? İkincisi isə, Ermənistanla Azərbaycan arasında kommunikasiya əlaqələrini açmaq olmaz. 
 
Nikol Paşinyanın bu iddialara cavabı isə belə olmuşdu:  Azərbaycanın Ermənistanda olduğu kimi, Ermənistanın da Azərbaycanda eksklavı var və torpaqların geri qaytarılması yalnız birtərəfli qaydada aparılmayacaq. Digər tərəfdən, Ermənistan Azərbaycanla kommunikasiyaları açmasa, özü də ölkənin bir tərəfi ilə digər tərəfi arasındakı rabitəni itirəcək. “Özümüz Azərbaycan ərazisindən keçmək istəyirik,  amma onların bizim ərazidən keçməsinə qarşı çıxırıq. Bunu necə təsəvvür edə bilirik? Başqa cür də ola bilər: onlar da keçməz, biz də. Bu da o deməkdir ki, özümüz öz ölkəmizi blokadaya almaq siyasəti aparırıq. Belə olmaz,  mütləq həllə getmək lazımdır”, - Nikol Paşinyan Ermənistan parlamentində çıxışı zamanı belə demişdi.
 
Paşinyanın bu arqumenti Azərbaycan prezidenti İlham Əliyevin fikirləri ilə də üst-üstə düşür. Ölkə başçısı mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatdakı çıxışı zamanı bildirmişdi ki, “hazırda biz Ermənistan vətəndaşlarına bizim işğaldan azad etdiyimiz ərazilərdən keçərək Ermənistan şəhərlərini birləşdirən magistral yolun 21 kilometrindən istifadə etməyə icazə veririk. Bu, xoş məramın daha bir göstəricisidir”.


 
İstər Azərbaycan lideri İlham Əliyevin, istərsə də Ermənistan Baş naziri əvəzi Nikol Paşinyanın sözlərindən belə anlaşılır ki, İrəvan kommunikasiya əlaqələrini açmasa, Bakı da eyni təzyiq üsullarından istifadə edəcək və nəticədə, Ermənistanın cənubu bütövlüklə anklav vəziyyətinə düşəcək. Necə ki, onlar Naxçıvanı 30 ildir ki, bu vəziyyətə saxlayıblar.
 
Əslində erməni türkoloqu ən çox narahat edən də elə bu xüsusdur. O, dünənki paylaşımına Qazaxın Seyid Ayrım və Naxçıvanın Kərki kəndlərinin xəritəsini əlavə edərək Paşinyanın imzalamağa hazırlaşdığı sənəd layihəsini bu cür qiymətləndirib:


 
Ovqat.com-un xüsusi qeydi
 
Şəkildə Qazax  rayonunun 5 kəndinin xəritəsi yer alır. Qeqamyanın bildirdiyinə görə, Azərbaycanın bu eksklavları Ermənistanı Gürcüstana birləşdirən magistral  yolu üzərində yerləşir. 
 
Xəritənin yuxarsısında solda Yuxarı Voskepar (Əskipara),  sağda isə Bağanis, Aşağı Voskepar  (Əskipara) yazılıb.
 
Sağda aşağıda isə Sofulu, Bərxudarlı kəndlərinin adı qeyd olunub.

 
“Nikol Paşinyanın imzalayacağı sənədin Ermənistan üçün hansı nəticələrə gətirib çıxaracağını nöqtə-nöqtə təsvir edəcəyəm.
 
-Ermənistan Azərbaycanın diktə etdiyi sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün mübahisəli ərazilər Azərbaycana verilir. (Türkoloq, coğrafiyaşünaslıqla məşğul olanda xəritəni ancaq bu cür oxuya bilər – Ovqat.com)
 
- Ermənistan nəhayət “erməni Artsax”ından imtina edir. “Artsax” doğma əhalisindən - ermənilərdən tamamilə məhrum olur.
 
- Ermənistan Azərbaycana Tavuş və Ararat (Vedibasar) bölgələrindəki bir sıra əraziləri köçürür. Azərbaycan isə Ermənistana erməni anklavı verməkdən imtina edir (Artsvaşen – Gədəbəyin Baş kəndi nəzərdə tutulur – Ovqat.com). Bu, baş versə belə, orada heç bir erməni məskunlaşmayacaq.
 
- Tavuş, Ararat (Vedibasar və Vayotsdzor (Tarixi Dərələyəz mahalı - Ovqat.com) bölgələrində Ermənistana hər fürsətdə təzyiq göstərmək imkanına malik Azərbaycan-Türkiyə hərbi varlığının təhdidi altında qalacağıq.
 
Ermənistanı Gürcüstanla birləşdirən yol da düşmənin nəzarətinə keçəcək. Yəni "nəqliyyatın blokdan çıxarılması" proyekti Ermənistanın tam mühasirəsinə çevrilir (Yuxarıdakı xəritəyə baxın – Ovqat.com).
 
 
- Ermənistan Türkiyə və Azərbaycana Syunikdən bir dəhliz verir. Ermənistan Azərbaycandan bu cür bir şey almır (Görünür, erməni türkoloq Zəngilan və Qubadlı rayonlarının ərazisində hazırda ermənilərin istifadəsinə verdiyimiz 21 kilometrlik yolu hələ də özlərinin “dədə malı” sayır – Ovqat.com).
 

 
Bu xəritədə isə Naxçıvanın Kərki kəndi göstərilir. Aydın görünür ki, Ermənistandan Zəngəzura gedən magistral yolu kəndin tam ortasından keçir. 
 
Ovqat.com-un 2-ci xüsusi qeydi
 
Xəritələrin ümumi analizindən çıxan nəticə: 44 günlük müharibədən sonra əldə olunan razılığa əsasən eksklavlarını geri qaytaran Azərbaycan Ermənistanı 3 qısqaclı blokadaya almaq imkanı qazanıb. 
 
Qısqaclardan biri Zəngəzur ərazinin tam mərkəzində 21 km-lik yolu əhatə edir. Bu qısqac faktiki olaraq Ermənistanın cənub çıxışını – İrana yolunu kəsmək gücünə malikdir.
 
İkinci qısqac Qazaxın 7 eksklav kəndinin geri  qaytarılması ilə ölkənin şimaldan xaricə çıxışını bağlayır. 
 
Üçüncü qısqac olan Kərki isə İrəvanla Dərələyəz mahalının şərq hissəsi arasında keçilməz sədd meydana gətirir.
 

 
- Azərbaycan və Türkiyə bizi öz ordumuzdan vaz keçməyə məcbur etmək üçün əlindən gələni əsirgəməyəcək.
 
-Ermənistan geosiyasi çəkisini itirir və 5 ildən sonra nəhayət Syuniki (Zəngəzur - Ovqat.com) də itirəcək.
 
Formal olaraq bir dövlətimiz olacaq, amma əslində Türkiyə və Azərbaycanın iradəsindən tamamilə asılı bir ölkəyə çevriləcəyik.
 
Bu gün yalnız milli itaətsizlik yeni bir kaputilyasiya aktının imzalanmasına mane ola bilər.
 
Ermənistanda yaxşı və pis liderlər var, ancaq yeganə xainə son qoyulmalıdır. Ermənistan bu ikinci təslimiyyətdən heç vaxt özünə gələ bilməz”.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 584          Tarix: 22-05-2021, 10:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma