Xəbər lenti

 
Almaniya Türkiyəyə səyahət qadağısını ləğv etməyə hazırlaşır.
 
Ovqat.com xəbər verir ki, Almaniyanın Xarici İşlər naziri Heyko Mass bunu bildirib.
 
Onun sözlərinə görə, 1 iyul tarixindən etibarən həftəlik insidans dəyəri (100 min nəfərə düşən koronavirus xəstəsinin sayı) 200-dən aşağı olan risk bölgələri üçün səyahət xəbərdarlığı qaldırılacaq.
 
Türkiyənin bütün şəhərlərində koronavirus xəstələrinin sayı isə bu göstəricinin xeyli aşağısındadır. Türkiyə Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkənin əksər vilayətlərində bu nisbət 100-ün altında seyr edir. Cəmi bir neçə vilayətdə göstərici 100-ü qismən keçir. Bu da o deməkdir ki, gələn aydan Türkiyənin bütün vilayətləri alman turistlərinə açıq olacaq.


 
Qeyd edək ki, Türkiyənin əsas gəlir sahələrindən biri də turizmdir. 2019-cu ildə ölkəyə 50 milyondan çox turist gəlmiş və Türkiyə bundan 45 milyar dollardan çox pul qazanmışdı. Türkiyəyə ən çox turistin gəldiyi ölkə isə Almaniyadır. Rəsmi statistikaya inansaq, 2019-cu ildə Almaniyadan Türkiyə 5.6 milyon turist gəlmişdi. Almaniyanı Rusiya izləmişdi (hardasa 5 milyon). 
 
Alman turistlər pul xərcləmə baxımından da rusları xeyli geridə buraxırlar; adətən bahalı məkanları seçir və əllərini daha çox ciblərinə salırlar. Bu baxımdan Almaniyanın Türkiyəyə səyahət məhdudiyyətlərini ləğv etməsi Qərbin qardaş ölkəyə NATO sammiti qabağı iqtisadi dəstək jesti kimi qə qiymətləndirilə bilər. 


 
Məlum olduğu kimi, iyunun 14-də Brüsseldə keçiriləcək NATO liderlər sammitində müzakirə ediləcəyi gözlənilən ən mühüm məsələlərdən biri Rusiyanın qonşu dövlətlərə təcavüz siyasəti ilə bağlı olacaq. Sammitdə xüsusilə Qara dəniz və Cənubi Qafqaz məsələləri masaya yatırılacaq. Türkiyə isə NATO-nun dəstəyini belə gözləmədən həm Qarabağ, həm də Ukrayna məsələsində ciddi mövqe ortaya qoymuş, Moskvanın güvəndiyi hərbi texnikaların dəmir qırıntısından başqa bir şey olmadığını bütün dünyaya göstərmiş, bununla da transanlantik alyansın ən böyük düşməninə unudulmaz zərbə vurmuşdu. Kreml Türkiyənin Qarabağda verdiyi bu dərsi müxtəlif bəhanələrlə sinəsinə çəksə də, Ankaranın Ukraynaya dəstəyini, xüsusilə “Bayraktar TB2” silahlı dronlarını ona su qiymətinə satmasını həzm edə bilməmiş və bəzi addımlar atmışdı. Atılan addımlardan biri də koronavirus pandemiyasını bəhanə gətirərək Türkiyəyə uçuşları durdurmaq olmuşdu. Ruslar Türkiyə turizmini canlandıran ikinci mənbə olduğundan Moskvanın bu addımı onsuz da çətin dövr keçirən qardaş ölkənin turizm sektorunu daha ağır vəziyyətə salmışdı. Nəticədə bu ilin ilk rübündə Türk turizmi hətta 2020-ci ilin eyni dövrü ilə müqayisədə geriləmişdi. Rəsmi statistikaya nəzər salsaq, bunu aydın şəkildə görə bilərik. Məlumata görə, 2019-cu ilin ilk rübündə Türkiyəyə gələn turist sayı 8 milyon 735 mindən çox idisə, 2020-ci ilin müvafiq dövründə bu rəqəm 4 milyon 262 minə, 2021-ci ildə ilk 4 ayında isə 2 milyon 743 minə düşmüşdü. 2020-ci il - koronovirusun alt-üst etdiyi qara il olduğundan bu geriləməni hardasa anlamaq mümkündür. Bu il hətta ondan da pis nəticənin ortaya çıxmasını yalnız bir səbəblə - Türkiyəyə qarşı təcridedilmə siyasəti ilə əlaqələndirmək olar.


 
Turizmin tam dibə vurduğu sıralarda Almaniyanın səyahət qadağalarını ləğv etməsinin Türkiyədə bu sektorun yenidən dirçəlməsinə yol açacağı gözlənilir. Türk turizm şirkətləri bundan sonra 2019-cu ildəki göstəricini yaxalaya bilməsələr də, hər halda ili 11 milyard dollarla başa vuracaqlarına ümidlidirlər. Xatırladaq ki, ötən il bu göstərici 7 milyard dollar civarında idi.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 250          Tarix: 11-06-2021, 19:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma