Xəbər lenti


Türkiyədə son bir aydır qalmaqallı siyasi bəyanlar səsləndirən yerli mafiya rəhbəri ətrafında qalmaqal qızışmaqda davam edir. Onun saxlanması haqda xəbər yayılıb, amma hələlik təsdiq olunmayıb.Sedat Peker niyə yoxa çıxıb? Sedat Peker kimdir, o, Türkiyə hökumətini nədə ittiham edir və prezident Ərdoğan və onun komandası üçün niyə problemə çevrilib?

Türkiyəli mafia başçısı Sedat Peker
Mütəşəkkil cinayətkar qruplaşmanın lideri kimi tanınan və hazırda Türkiyədən kənarda, qeyri-müəyyən yerdə yaşayan Sedat Peker bir aydan çoxdur ki, hər bazar günü milyonlarla istifadəçinin izlədiyi YouTube kanalında videolar paylaşarır.
Öz videolarında o, Türkiyənin hazırkı və keçmiş hakimiyyət nümayəndələrinə, güc strukturları rəhbərlərinə, nüfuzlu siyasətçilərə və iş adamlarına qarşı korrupsiyadan, böyük maliyyə maxinasiyalarından tutmuş, Venesuelada narkotik ticarətinə, Suriyaya silah çatdırılmasına qədər ittihamlar səsləndirir.

Saxlanılıbmı?


Son həftəsonu heç bir paylaşım etməyə Pekerin Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) qətərli həmkarları ilə birlikdə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində Birləşmiş Ərəb Əmirliklərində qaldığı evdə yaxalandığı haqda iyunun 13-də sosial mediada xəbər yayılıb.
Amma daha sonra yerli mediaya açıqlama verən Pekerin vəkili Özlem Gürses müvəkkilinin saxlanılması xəbərini yalanlayıb. Amma onun hazırda harada və hansı durumda olduğuna, sosial mediada niyə görünmədiyinə aydınlıq gətirməyib.



Sedat Peker həyat yoldaşı və vəkili Özge Yılmazla

Daxili işlər naziri və “trol fabriki”


Sedat Pekerin ən çox müzakirə olunan iddialarından biri Türkiyənin hazırkı daxili işlər naziri Süleyman Soylu ilə bağlıdır.

Yaydığı videoların birində o, 30 ildən bəri Soylunun atası ilə dost olduğunu, karyerasının ilk pillələrindən Soylunu dəstəklədiyini, Soylunun da nazir olandan sonra onu himayə etdiyini bildirir.

Videolarının birində “Bu gün sizə təmiz Süleymanı anladacam” deyə sözə başlayan Peker daxili işlər nazirinə sual edir: “Süleyman Soylu, sən “Sedat Pekerə cinayət işi hazırlanır, təhlükəli bir vəziyyət olsa, xəbər verəcəyəm” demədinmi, mühafizə polisimi sən vermədinmi?”

Daha sonra Peker bot-akkauntlar hazırlayaraq sosial şəbəkələr vasitəsilə və nəzarəti altında olan xəbər resurslarında kampaniya başladaraq naziri necə dəstəklədiyi haqda danışır. “1 milyom 300 min tvit var ha. Sən də bilirsən, mənim qardaşım kimidir o uşaqların hamısı, mənim dəstək olduğum, açılmasına kömək etdiyim xəbər portalları da sənə dəstək oldular. Orada durur qeydlər”, – deyə Sedat Peker deyib.

Xatırladaq ki, 2020-ci ilin aprel ayında koronavirus pandemiyası ilə əlaqədar olaraq Türkiyənin 30 böyük şəhərində 48 saat küçəyə çıxmaq qadağası tətbiq olunduğu zaman insanların marketlərə axışması nəticəsində bütün ölkədə böyük qarışıqlıq və təlaş yaşanmışdı.



Yüz minlərlə vətəndaş sosial mediada qəzəbini ifadə etmiş və qərarın verilməsində əsas məsuliyyətli şəxsin – DİN rəhbəri Süleyman Soylunun istefasını tələb etmişdi.

Bu zaman 1 milyom 300 mindən çox sosial media istifadəçisi də Soylunu dəstəkləmişdi. Buna rəğmən Soylu istefa vermiş və iki saat sonra ölkə prezidenti onun istefa tələbini rədd etmişdi. Peker sözügedən videoda məhz bu hadisələr haqda danışır.  

Süleyman Soylu bu iddialardan az sonra sosial media hesabından “İddianın, iftiranın, hər şeyin açığa çıxmağı üçün prokurorluğa müraciət etdim. Mən ədalətə təsliməm. Sən də sınaq siçanı kimi qaçma, ölkəyə gəl, ədalətə təslim ol”, – cavabını verib.

Keçmiş baş nazirin oğlu və kokain marşrutları

Sedat Pekerin başqa bir qalmaqallı iddiası Türkiyənin keçmiş baş naziri, iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binali Yıldırımın oğlu ilə bağlıdır.

Onun bildirdiyinə görə, son zamanlarda kokain ticarəti mərkəzi Kolumbiyadan Venesuelaya keçib və “Binali Yıldırımın oğlu Erkam Yıldırım yeni bir narkotik marşrutu yaratmaq üçün bu ilin əvvəlində Venesuelaya gedib”.



Ötən ilin dekabr ayında Erkam Yıldırım sosial mediada Venesuela səfəri haqda yazıb. Bildirdiyinə görə, səfəri bir sıra humanitar məsələlərlə bağlı olub. Bu haqda keçmiş baş nazir də bildirib.“Covid ilə mübarizə məqsədilə orada ehtiyacı olanlara test dəsti, maska kimi bir sıra vasitələr aparıb paylayıb”.
Süleyman Soylu kimi Binali Yıldırım da prokurorluğa Sedat Pekerlə bağlı şikayət verib və onların şikayəti əsasında Sedat Pekerin həbsi haqda məhkəmə qərarı çıxarılıb və haqqında İnterpol vasitəsilə axtarış elan edilib.

Prezident bildirib ki, Peker harda olur-olsun onu tapacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində komanda üzvlərinə sahib çıxıb, Pekerin xarici qüvvələrin maşası, səsləndirdiyi iddiaların isə Türkiyəyə qarşı pozucu fəəaliyyətin tərkib hissəsi olduğunu bildirib.

“Oyunları, tələləri pozacağıq. Bu məkrli əməliyyatı uğursuzluğa uğradacağımıza kimsənin şübhəsi olmasın. Cinayət qruplaşmaları üzvlərini dünyanın harasına qaçırlarsa, qaçsınlar təqib edirik. Bu caniləri ölkəmizə gətirib mühakiməyə təslim edənə qədər əl çəkməyəcəyik”, – Ərdoğan vurğulayıb.

“Hər şeyi danışacağam” – Peker Ərdoğana müraciət edib

Ərdoğanın bu çıxışından sonra indiyə qədər onun adını çəkməyən Sedat Peker dövlət başçısına xitabən video hazırlayıb.
“Məni tapıb gətirmək həqiqətləri dəyişəcəkmi, Tayyib Abi? Madəm mən… casusam, o zaman bundan sonrakı videonu da qardaş kimi anladacağam. Nə zaman tanış olduq, nə zaman görüşdük. Nə bir əskik, nə bir artıq. Danışdıqlarımın yalan detektorunda yoxlanılacağına da əminəm. Əks nəticə çıxarsa, başıma güllə çaxacağam”, – deyə o, bildirib.

Suriyaya silah daşınması haqda

Eyni videoda Sedat Peker Türkiyə MİT-in Suriyadakı türkmənlərə humanitar yardım adı ilə əslində Əl Nüsra silahlı qruplaşmasına silah göndərdiyini və yükün daşınmasında onun komvoylarından istifadə olunduğunu da deyib.

“… Mənim adıma gedən digər maşınlar var. Onlar da başqa yerdəki türkmənlərə gedir deyə bilirik. Maşınların içində nə olduğunu bilmirik. Bilmirik deyirəmsə də, silah var, saf deyilik… Onların mənimlə heç bir əlaqəsi yoxdur, amma mənim adıma gedir. Qeydiyyat aparılmır, birbaşa keçid həyata keçirilir”, – Peker danışıb.



Peker qeyd edib ki, Suriyada ticarət aparmaq üçün şəxsən Prezidentin İdarə İşləri rəhbəri Metin Kıratlı ilə razılaşdırmaq lazımdır:
“Amma bir-iki yük maşınlıq alveri demirəm. Böyük olanlar. Qaçaq xam neft, çay, şəkər, alüminium, mis, ikinci əl maşın. Bunlar milyardlarla dollar pul deməkdir”.

Prezidentdən Pekerə reaksiya verməmək xəbərdarlığı

İyunun 10-da Türkiyə prezidenti və “AKP” iqtidar partiyasının sədri Rəcəb Tayyib Ərdoğan sonuncu partiya toplantısında funksionerlərə Sedat Pekerin iddiaları ilə bağlı açıqlama verməmələri, “fərqli yönlərə çəkilə biləcək” fikirlər söyləməmələri ilə bağlı xəbərdarlıq edib.
Ərdoğan sözügedən iddialarla bağlı Milli Məclisdə hər hansı araşdırmanın aparılmasına da qapıları qapadıb. “Cinayət törədən hər kəs hüquq qarşısında cavab verməlidir”, – deyə o, prokurorluğu işarı edib.

Cəmiyyətin yarısı Pekerin iddialarına inanır

Qeyd edək ki, sözügedən videolar paylaşılmağa başlayandan Sedat Pekerin YouTube kanalının abunəçilərinin sayı 400 mindən 1,1 milyona çatıb. Paylaşdığı videolar isə 100 milyondan çox izlənib.

MetroPOLL araşdırma təşkilatının iyunun 10-da açıqladığı sorğu nəticələrinə görə, respondentlərin 48,3 faizi Pekerin iddialarını tam və ya əksərən inandırıcı hesab edir, 18 faizi iddiaların az hissəsini inandırıcı sayır, iddialara inanmayanlar isə 22,6 faiz təşkil edir.

“Mafiya dəstələrinin kiminsə tərəfindən himayə edildiyinə inanırsızmı?” sualına respondentlərin 61,2 faizi “bəli”, 22,6 faizi isə “xeyr” cavabını verib.


Ana səhifəyə qayıt        Baxış: 4 025          Tarix: 18-06-2021, 17:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma