Xəbər lenti

 
Son zamanlar Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulması, sərhədlərdə delimitasiya və demarkasiya prosesinin xeyli ağrılı keçməsi, bu zamana qədər özgə torpağını mənimsəməyə öyrəşmiş İrəvanın indi yeni reallıqlarla barışa bilməyib hədə-qorxu siyasətinə əl atması, ölkənin Xarici İşlər nazirini hələ də müəyyənləşdirə bilməməsi və s. kimi amillər tərəflərin sülh sazişinə hazırlaşmaları prosesinin nəticəsi ola bilər.
 
Ovqat.com-un məlumatına görə, erməni tərəfi daha çox güzəşt əldə etmək üçün bu cür tədbirlərə əl atır.
 
Paşinyanın son zamanlar Rusiya qoşunlarını Ermənistan sərhədlərini qorumağa çağırması, əks halda NATO, ATƏT və digər qurumlara müraciət edəcəyini səsləndirməsi də prosesi çozümsüzlüyə sürükləyərək ya zaman, ya güzəşt qazanmaq istəyindən xəbər verir. Halbuki, cizgiləri tam müəyyənləşməyən sərhədə heç bir hərbi alyansın və ya dövlətin qoşun göndərməyəcəyi, əks təqdirdə bunun hansısa tərəfin ərazi bütövlüyü və suverenlik haqlarına təcavüz kimi qiymətləndirilə biləcəyi gün kimi aydındır. İrəvanın bu təklifini əslində göydən düşən fürsət kimi baxan Moskanın Paşinyana verdiyi cavab da əslində sözügedən həqiqətdən xəbər verirdi. 
 
“Beynəlxalq hüquqi sənədləşmənin olmaması və tərəflərin etimad göstərməməsi səbəbindən Rusiya Ermənistan-Azərbaycan sərhədində sərhədçiləri yerləşdirə bilməz”, - Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksandr Bikantov Paşiyanın çağırışını şərh edərkən belə demişdi.
 
Onun sözlərinə görə, sərhəddə davamlı deeskalasiyasına yalnız Ermənistanla Azərbaycan arasındakı sərhədin sonrakı demarkasiyası ilə delimitasiya işlərinə dərhal başlamaqla nail olmaq olar. 


 
Rus diplomatının bu sözləri Paşinyanın rus qoşunlarının erməni sərhədini qorumasından sonra delimitasiya və demarkasiya prosesinin başlaması kimi məntiqsiz təklifinə verilmiş ən yaxşı cavabdır. Diplomatın açıqlamasındakı bir başqa məqam (“tərəflərin etimad göstərməməsi”) erməni sərhədinə rus və ya başqa hərbi alyans qoşunlarını yerləşdirmək təklifinə rəsmi Bakının razılıq verməməsinin ən aydın ifadəsidir. Açıqlamadan aydın başa düşülür ki, tərəflərdən azı biri təklifə etimad göstərməyib. Təklif erməni tərəfindən irəli sürülübsə, bununla razılaşmayan yalnız bir tərəf ola bilər – Azərbaycan. 
 
Maraqlıdır ki, Rusiyanın konkert rədd cavabından sonra, İrəvan hədə-qorxu gəldiyi kimi, digər hərbi alyanslara da müraciət etmədi. Görünür, NATO və ATƏT kimi qurumlardan da ona “avantüra ilə məşğul olmaqdansa sülh sazişinə hazırlaş” mesajı gəlib. Gözlənilən həmin sazişdə sərhədlərin dəqiq koordinatları ilə yanaşı, kommunikasiya əlaqələrinin açılması da öz əksini tapacağından məsələ çözümə qovuşacaq, yalnız bundan sonra münaqişə tərəflərinin bir-birinin ərazi bütövlüyü və suverenlik haqlarına hörmət öhdəliyi doğacaq. İndisə Azərbaycanın ərazi bütövlüyünü tanımayan Ermənistanın qalxıb başqa dövlətləri onun sərhədlərini qorumağa çağırması heç bir siyasi əxlaq və diplomatik məntiqə sığmır.


 
Məlumatlı mənbələrimizdən dəqiqləşdirdiyimizə görə, Ermənistanın heç bir həya ölçüsünə sığmayan çağırışları Qərb tərəfdən də, yumşaq desək, laqeydliklə qarşılanıb. Hətta Fransa kimi tərəfdaşları belə, İrəvana izah ediblər ki, sülh sazişinə getmədən beynəlxalq aləmdən heç bir dəstək ala bilməyəcək. Sülh sazişi isə heç kimin himayəsi olmadan yalnız Azərbaycanla Ermənistan arasında bağlana bilər. Yəni boş yerə Putin müəllimə zəng edib vaxtını alma.  
 
İddia olunur ki, Qərb ölkələrinin yalnız ikitərəfli razılaşma əsasında sülhə gəlmək təklifinin əsas məqsədi Rusiyanı proseslərdən uzaq tutmaq və onun Cənubi Qafqazdakı destruktiv fəaliyyətini sıfıra endirməkdir. 
 
Azərbaycan və Ermənistan tərəfinə təklif olunan və əksər müddəaları hər iki tərəflə razılaşdırılan sülh sazişinin mətninin artır hazır olduğu xəbər verilir. Məlumata inansaq, Ermənistan tərəfində saziş layihəsinin bəzi müddəalarına ehtiyatla yanaşanlar var. Xüsusilə rus təsirində altında olan generalitet Azərbaycanın ərazi bütövlüyü və toxunulmazlığı prinsipləri ilə razılaşmaq istəmir, bundan gələcəkdə erməni hakimiyyətini devirmək üçün istifadə oluna biləcəyi ehtimalını əsas gətirib “nə sülh, nə müharibə” vəziyyətini qorumağa çalışır. Azərbaycanın mövqeyi isə qətidir: ya beynəlxalq aləm tərəfindən tanınan sərhədlər üzərində anlaşmaq və bir-birinin ərazi toxunulmazlığını tanımaq, ya da rəsmi Bakının da tarixi torpaqlara qayıtmaq haqqının doğacağı həqiqəti ilə razılaşmaq və baş verəcəkləri gözə almaq. 
 
Azərbaycan prezidentinin zaman-zaman hətta paytaxtlrının belə bizim tarixi torpaqlarımız olduğunu ermənilərə xatırlatmasının məhz bu basqı siyasətindən doğduğu, elə bu səbəbdən də beynəlxalq aləm tərəfindən ciddi şəkildə qarşı çıxılmadığı bildirilir. Məqsəd başqasının ərazisinə göz dikməyin yaradacağı təhlükəni İrəvana əyani surətdə başa salmaqdır.
 
Bildirildiyinə görə, tərəflər arasında razılaşdırılmamış digər məsələ sülh sazişinin harda imzalanması ilə əlaqədardır. Moskva ciddi cəhdlə sazişin Rusiyanın paytaxtında imzalanmasını istəyir. Azərbaycan və Ermənistan isə bununla razılaşmır. Hər iki münaqişə tərəfi sazişin öz paytaxtlarında imzalanmasından yanadır və beynəlxalq birlik də əslində Rusiyadan xilas olmağın yolunu tərəflərin paytaxtlarından birində imzalanmasını istəyir. Çünki sazişin başqa bir paytaxtda imzlanmasının da Moskvanın əlinə bəhanə verəcəyindən və işi pozula biləcəyindən ehtiyat edilir. 


 
Sazişin İrəvanda bağlanmasının Azərbaycan tərəfindən niyə xoş qarşılanmaması bəllidir: Ermənistanda Paşinyan hakimiyyəti hətta öz təhlükəsizliyinə təminat verəcək gücdə deyil. Onun İrəvana səfər edəcəyi gözlənilən Azərbaycan nümayəndə heyətini qoruya biləcəyinə inanmaq dübarə sadəlövhlük olardı. Sazişin Bakıda imzalanması isə Ermənistanda daha çox qıcıq yarada bilər və Paşinyan hakimiyyəti vaxt qazanmaq üçün məhz bu arqumentdən faydalanır. Onun indiyədək Xarici İşlər nazirinin təyin edilməməsi də Ermənistan tərəfində müzakirələrə rəhbərlik edəcək şəxsin bulunmaması mesajını guya beynəlxalq aləmə və Bakıya çatdırmaq niyyətilə bağlı ola bilər.
 
Ümumiyyətlə, İrəvanın “erməni qəzəbi” arqumentindən sui-istifadə etdiyi bildirilir. Bu da “erməni qəzəbi”ni yatırtmaq və onu sülhə hazırlamaq üçün Azərbaycanı yeni hərbi əməliyyatlara vadar edə bilər.
 
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 5 963          Tarix: 9-08-2021, 13:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma