Xəbər lenti

 
ABŞ-ın C-130 hərbi nəqliyyat təyyarəsi dünən Ukraynaya gəlib və ölkənin Silahlı Qüvvələrinə naməlum hərbi yüklər gətirib.
 
Ovqat.com xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinə yaxın media qurumları bu iddianı irəli sürürlər.
 
Ehtimallara görə, ABŞ hərbi yük təyyarəsi Donbassda istifadə oluna biləcək yeni silah partiyasını Ukrayna ordusuna çatdırıb. Ən çox ehtimal olunan versiyaya əsasən, həmin silahlar HIMARS raket kompleksləridir. 
 
Rus hərbi ekspertləri bu raketlərdən qondarma Donetsk və Luqansk respublikalarının əsas obyektlərə zərbə endirmək, habelə onların liderlərini ortadan qaldırmaq üçün istifadə olunacağından ehtiyatlanırlar. İddialara inansaq, Donbass “respublikası” müxtəlif rus hava hücumundan müdafiə sistemləri ilə təchiz edilmiş olsalar da, bu silahlar xeyli “yaşlanıb” və onların ABŞ-ın Ukraynaya verdiyi taktiki raketləri vurmaq və ya HIMARS-ın zərbələrini dəf etmək imkanları son dərəcədə zəifdir.


 
Donbassda on minlərlə ukraynalı hərbçi və yüzlərlə müxtəlif hərbi texnikası var. Bu da Ukrayna Silahlı Qüvvələrinin DPR və LPR -ə qarşı bir sıra sürpriz hücumlar həyata keçirməsinə imkan verir”, - Avia.pro-ya açıqlama verən rus hərbi ekspertləri belə düşünürlər.
 
Ovqat.com-un məlumatına görə, “HIMARS” yüksək hərəkət qabiliyyətli taktiki raket sistemləri ABŞ-ın ixrac edə biləcəyi ən uzunmənzilli silahlardandır. Çünki beynəlxalq hərb qanunvericiliyinə görə, dövlətlər xarici ordulara yanlız 500 km-ə qədər mənzili olan raket sata bilərlər. “HIMARS”ın mənzili isə 480 km-dir. Bu məsafə isə Kiyevə “HIMARS”ları ölkənin mərkəzi əyalətlərində yerləşdirərək vurulma ehtimalını aradan qaldırmaq və rahatlıqla Donbassdakı separatçı qüvvələrə məxsus hərbi hədəfləri zərərsizləşdirmək üçün kifayət edir.
 
ABŞ bir zamanlar “HIMARS” raket sistemlərinin olduqca dəqiq nişanalma özəlliyi ilə öyünürdü. 2010-cu ilin 14 fevralında ABŞ-ın Əfqanistanda atdığı bir “HIMARS” raketi hədəfdən 300 metr yayınaraq 12 mülki şəxsin ölümünə səbəb olmuşdu. Bu hadisədən sonra sözügedən taktiki raketlərin istifadəsini dayandıran Pentaqonun bu qadağası uzun sürmədi. ABŞ hərbi dairələrinin apardığı araşdırma nəticəsində raket zərbəsinin hədəfdən yayınmadığı, vurulan mülki obyektin əslində “Taliban”a aid olduğu və həmin vaxt orada sivil vətəndaşların bulunduğunun əsgərlər tərəfindən bilinmədiyi bəyan edildi. Beləcə, “HIMARS” yenidən ABŞ Silahlı Qüvvələrinin arsenalına daxil olundu.


 
Ümumiyyətlə, son zamanlar ABŞ-ın təkcə Ukraynanı deyil, eyni zamanda Gürcüstanı da silahlandırdığı müşahidə edilir. Bir həftə əvvəl Pentaqonun Beynəlxalq Müdafiə İnkişafı Agentliyi Gürcüstana ümumilikdə 30 milyon ABŞ dolları dəyərində tank əleyhinə portativ “Javelin” (FGM-148) raket sistemlərini tədarük edəcəyini açıqlamışdı. Açıqlamada açıq-aşkar qeyd olunurdu ki, "Javelin” sistemləri Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bu ölkəyə satılacaq və “onun uzunmüddətli müdafiə potensialı yaratmağa kömək edəcək, həmçinin ölkənin tank əleyhinə potensialını artıraraq, mövcud və gələcək təhdidlərə cavab vermək qabiliyyətini gücləndirəcək".
 
Rusiyanın dəstəklədiyi asilərlə mübarizə aparan hər iki ölkənin bu cür silahlandırılması yaxın zamanlara həmin coğrafiyalarda anti-separatist əməliyyatların başlayacağı ehtimalını artırır. 


Ana səhifəyə qayıt        Baxış: 5 163          Tarix: 10-08-2021, 11:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma