Xəbər lenti
 
 
Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosef Borrell Aİ-nın Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına kömək etməyə hazır olduğunu bildirib.
 
Ovqat.com-un məlumatına görə, Borrell bu təklifi Ermənistanın yeni təyin olunmuş Xarici İşlər naziri Ararat Mirzoyana təyinatla əlaqədar göndərdiyi təbrik məktubunda irəli sürüb.
 
Məktubda bildirilir:
 
“Ermənistan Avropa İttifaqının vacib tərəfdaşlarından biridir. 2018 -ci ildən etibarən münasibətlərimiz nəzərəçarpacaq dərəcədə gücləndi. Önəmli bir mərhələ, 1 Mart 2021 -ci ildə Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin qüvvəyə minməsi oldu. Demokratiyanın gücləndirilməsi, qanunun aliliyi, insan hüquqları, iş və sahibkarlıq imkanları yaratmaq, ətraf mühitin yaxşılaşdırılması, elmi araşdırmalar aparmaq kimi qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı davam etdirməyə hazırıq.
 
Sizin təyinatınız Ermənistan üçün həlledici dövrdə baş verdi. Ötən ilki hərbi əməliyyatlardan sonra Aİ – nin uzunmüddətli və hərtərəfli nizamlanmaya, o cümlədən, ehtiyac yaranarsa, Aİ-nin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi vasitəsilə postmüharibə dövründə yenidənqurma və inam atmosferinin formalaşmasına yardım göstərməyə hazır olduğunu bir daha təsdiqləməyi arzu edirəm.
 
Bu çərçivədə ATƏT -in Minsk qrupunun səylərini dəstəkləyirik və sərhədlərin delimitasiyası məsələsində də kömək etməyə hazırıq”.
 
Göründüyü kimi, Borrellin bu məktubunda açıq şəkildə Ermənistana “heyranlıq” ifadə olunur. Bu da Aİ-nin iki tərəf arasındakı ən mübahisə doğuran məsələdə tərəfsiz olacağına şübhə yaradır. Sərhədlərin delimitasiyasında vasitəçilik yalnız iki tərəfin razılığı əsasında baş tuta bilər və rəsmi Bakı bu təklifi dəyərləndirərkən, Cozef Borrellin Mirzoyana yazdığı təbriknaməsinə də göz gəzdirsə, məsləhətdir.
 
Cozef Borrellin bu təklifi qədim atalar sözünün yeni versiyasını yada salır: “Var idi hər yarağımız, çatmırdı Borrell darağımız”.


Ana səhifəyə qayıt        Baxış: 5 899          Tarix: 28-08-2021, 17:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma