Xəbər lenti
 
 
Rusiya və Belarusun birgə keçirdikləri “Qərb-2021” hərbi təlimləri Şərqi Avropada ciddi narahatlıq doğurur. Polşa və Baltikyanı ölkələr artıq fövqəladə vəziyyət elan ediblər. Ukrayna da özünü təhdid altında görür. Bu narahatlıq isə əsassız deyil. 200 minə qədər əsgərin, minlərlə hərbi texnikanın qatıldığı hərbi təlimlər Rusiyanın post-sovet məkanını yenidən işğal etməyə hazırlıq mesajına bənzəyir. 
 
Məlum olduğu kimi, hərbi təlimlərin başladığı gün Belarus həmkarını Moskvaya çağıran Rusiya prezidenti Vladimir Putin onunla İttifaq Dövləti barədə əvvəllər əldə etdikləri razılaşmaları yekunlaşdırmaq istədiyini açıq şəkildə dilə gətirdi. Bu da Şərqi Avropa ölkələrində “Rusiya SSRİ-ni bərpa edir” əndişəsinə yol açdı. Təlimlərin başladığı gün mediaya verdiyi açıqlamasında Ukrayna Prezidenti Vladimir Zelenski də Rusiya ilə müharibə ehtimalını istisna etməyərək, bunun Moskvaya ağır başa gələ biləcəyini söylədi.
 
Bəli, müharibə mümkündür, amma bundan sonra Ukrayna və Belarusun qonşuluğunda Rusiya adlı dövlət heç vaxt mövcud olmaya bilər", - deyən Zelenski açıqlamasında Kremli təhdid etməkdən belə çəkinmədi.


 
Ukrayna Prezidentinin bu yaxınlarda ABŞ-a səfər etdiyini və orada çox ciddi görüşlər keçirdiyini nəzərə alsaq, bu cəsarəti hardan aldığını anlamaq çətin deyil. Təsadüfi deyil ki, Zelenskinin ABŞ səfərindən az sonra media orqanları qarşısına çıxan Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andrey Yermak da Vaşinqton görüşlərində təhlükəsizlik məsələsinin müzakirəsinə mühüm yer ayrıldığını bildirərək demişdi: "Görüşlərdə Ukraynanın təhlükəsizlik məsələlərinin qlobal həllinə ABŞ-ın cəlb edilməsi məsələsinə də baxılıb”.
 
Ovqat.com-un məlumatına görə, ABŞ-ın Kiyevdəki sabiq səfiri Con Herbst də bu gün Ukrayna Dövlət Televiziyasına verdiyi açıqlamasında Rusiyanın hücumu versiyasını istisna etməyib və bu təcavüzə Vaşinqtonun laqeyd qalmayacağını vurğulayıb.
 
Herbstin fikrincə, ABŞ-ın “rus təcavüzünə” müdaxiləsi birbaşa döyüşlərə qatılmaq şəklində yox, ağır sanksiyaların tətbiqi ilə baş verə bilər:
 
"Mən hesab edirəm ki, Rusiyanın təcavüzü doğrudan da təhlükədir və onu nəzərə almamaq olmaz. Əgər bu baş verərsə, düşünürəm ki, Birləşmiş Ştatlar çox ciddi sanksiyalar tətbiq edəcək".
 
O əlavə edib ki, bu sanksiyalar Rusiya iqtisadiyyatını "məhv edə" bilər. 
 
Müharibənin hər iki tərəfdə böyük itkilərə yol açacağını da istisna etməyən diplomat bu ehtimalı "çox pis proqnoz" kimi səciyyələndirib.





Ana səhifəyə qayıt        Baxış: 5 970          Tarix: 11-09-2021, 20:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma