Xəbər lenti

 
Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində görüş keçiriblər.
 
Ovqat.com-un məlumatına görə, nazirlər əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu şofer (ABŞ) ilə ayrı-ayrılıqda görüşüblər, daha sonra onların birgə görüşü baş tutub. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
 
Tərəflər Yerevanla Bakı arasında bir sıra həll olunmamış məsələləri müzakirə ediblər, həmsədrlər vəziyyətin normallaşması üçün konkret tədbirlər təklif ediblər.
 
Qeyd edək ki, bu, 2020-ci ilin noyabr ayından bəri iki ölkənin XİN başçılarının ilk şəxsi görüşüdür
 
ATƏT-in Minsk qrupu bunu İrəvanın və Bakının birbaşa dialoq vasitəsilə sülh prosesini bərpa etmək əzminin əlaməti kimi qiymətləndirib.
 
Maraqlıdır ki, Azərbaycan prezidenti İlham Əliyev ötən il dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransa və ABŞ-dan olan həmsədrlərini Bakıda qəbul edərkən, Qarabağ məsələsinin artıq həll olunduğunu və onların vasitəçiliyinə ehtiyac qalmadığını vurğulamışdı. O, həmçinin bildirmişdi ki, Minsk Qrupunun həmsədr ölkələrindən Rusiya da artıq öz fəaliyyətlərinə ehtiyac qalmadığını bildirib.


 
Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb”, - İlham Əliyev belə demişdi.
 
Azərbaycanın Minsk qrupunun vasitəçiliyindən imtina etməsi həmsədr dövlətlər tərəfindən birmənalı qarşılanmamış, xüsusilə ABŞ və Fransa Qarabağın statusu müəyyənləşməyənədək problemin həllindən danışmağın mümkün olmayacağını vurğulamışdılar. Onların bu fikrinə daha sonra Rusiya da qoşulmuşdu. Görünən budur ki, beynəlxalq təzyiqlər nəticəsində Azərbaycan yenidən Minsk qrupunun vasitəçiliyi ilə danışıqlara razı olub.
 
ATƏT-in Minsk qrupu çərçivəsində bundan sonrakı müzakirə predmetinin Qarabağın statusu məsələsi olacağı ehtimalı var. Azərbaycanın isə bu məsələdə mövqeyi kifayət qədər konkretdir. Prezident İlham Əliyev rəsmi Bakının statusla bağlı mövqeyini bu cür ifadə edib:
 
Yəqin ki, siz fikir vermisiniz. Bu bəyanatda (10 noyabr Bəyanatı nəzərdə tutulur) Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur”. 
 
Prezident həmin çıxışında açıq şəkildə vurğulamışdı: “Cəhənnəmə getdi status, gora getdi status. Gorbagor oldu status. Yoxdur status. Və olmayacaq. Nə qədər ki mən Prezidentəm, olmayacaq".
 
Odur ki, Ceyhun Bayramovun ABŞ-da öz erməni həmkarı ilə nəyi müzakirə etdiyi sual doğurur? Ümidvarıq ki, XİN bu suala aydınlıq gətirəcək.


Ana səhifəyə qayıt        Baxış: 6 306          Tarix: 25-09-2021, 09:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma