Xəbər lenti

 
İranın Xarici İşlər naziri Əmir Abdullahyan dünən Azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında iki dövlət arasında münasibətləri yenidən dostluq məcrasına yönəltməyi təklif edib. Maraqlıdır ki, bir tərəfdən İran diplomatiyası Azərbaycana dostluq əli uzadır, digər tərəfdən isə onun əsas hərbi qüdrəti sayılan SEPAH bizim ölkəmizdə terror təşkilatı yaradır.
 


Ovqat.com xəbər verir ki, bu iddianı dünyanın aparıcı media qurumlarından sayılan “The Middle East Monitor” irəli sürüb.
 
Məlumata görə, İranla Azərbaycan arasında artan gərginlik fonunda İnqilab Keşikçiləri Korpusunun (SEPAH) tərəfdarlarının bir neçə sosial şəbəkə hesablarında Azərbaycanda “Hüseynçilər” müqavimət hərəkatının yaradıldığı elan edilib.


 
Müəllif Ömər Əhməd bildirib ki, bu qruplaşma barədə ətraflı heç nə məlum deyil, hərçənd onun 2019-cu ildə Suriya münaqişəsi zamanı formalaşdırıldığı deyilir. 
 
“Lakin hərəkat rəsmən bu günlərdə aktiv hala gətirilib. “Hüseynçilər”, yaxud “Hüseyniyun” İslam Respublikasının Yaxın Şərqdəki “Müqavimət oxu” (Axis of Resistance) kimi bilinən digər müttəfiqlərinin bütün simvollarına-sarı və yaşıl rənglərin birləşməsinə, hücum silahı tutmuş ələ malikdir”, - müəllif bildirir.
 


Məqalədə qeyd olunur ki, Tehran hər zaman Azərbaycana "inqilabı ixrac etmək" istəsə də, indiyə qədər bu sahədə böyük uğur əldə edə bilməyib: “Məsələn, 1991 -ci ildə Azərbaycanın keçmiş Sovet İttifaqından yenicə ayrıldığı vaxtlarda qurulan Azərbaycan İslam Partiyası cəmi 4 il fəaliyyət göstərməyi bacardı və "hökuməti devirmək və ölkənin İslam Respublikasına çevrilməsi” məqsədi ilə" İran rejimindən gizli şəkildə maliyyə almaqda ittiham edildi".
 
Middle East Monitor -un yazdığına görə, SEPAH-ın Qüds Qüvvələri Azərbaycanda 1990 -cı illərin əvvəllərindən fəaliyyət göstərir: “Azərbaycan İslam Partiyasının bəzi keçmiş üzvləri İranın silah və maliyyə yardımından istifadə edərək, 1993 -cü ildə ABŞ -ın Bakıdakı səfirliyinə hücum edən “Azəri Hizbullahı”nı qurdular. 2012-ci ildə Azərbaycan hakimiyyəti SEPAH-ın nəzarətində olan qanunsuz bir şəbəkənin 22 üzvünü "İsrail və Qərb hədəflərinə qarşı terror aktları həyata keçirmək üçün sui-qəsddə" ittiham edərək yaxaladı”.


 
Məqalədə İranın Azərbaycan siyasəti onun İraqdakı fəaliyyəti ilə müqayisə olunub. Qeyd edilir ki, şiələrin çoxluq təşkil etdiyi İraqdan fərqli olaraq, Azərbaycan Respublikasının "İran müdaxiləsi" mövzusunda özünəməxsus mövqeyi ilə seçilir. “Beləliklə, Tehranın Bakıdakı təxribatları "şərti qarşıdurmaya" səbəb ola bilməsə də, “Hüseynçi”lərin yüksəlişi İran hökumətinin Qafqazdakı düşmənləri ilə "qeyri -ənənəvi üsullarla" üzləşmək variantlarının olduğunu göstərir. "
 
Ovqat.com-un şərhi
 
Doğrudan da son zamanlar İranın Azərbaycana qarşı terror təşkilatı kimi formalaşdırdığı “Hüseynçilər”in aktivləşməsi hiss olunur. İranın Qum şəhərində beyinləri yuyularaq Azərbaycanın milli dəyərlərinə düşmən kimi hazırlanan bu gənclər ölkəmizdə həyata keçirilən bir çox sui-qəsdlərin onlar tərəfindən planlaşdırıldığını etiraf edir, tərəfdarlarını islam inqilabına çağırırlar.


 
Görünən budur ki, İran bir əlində bizə dostluq çiçəkləri sunduğu halda, arxasında gizlətdiyi digər əlində hər fürsətdə kürəyimizə saplamaq üçün bıçaq tutur. Tehran həqiqi mənada dostluq və əməkdaşlıq fikrində səmimidirsə, atacağı ilk addımlardan biri “Hüseyniyun” adı verdiyi həmin terrorçu qrupun İrandakı üzvlərini və liderlərini yaxalayıb Bakıya təhvil vermək olmalıdır. Azərbaycanın konstitusion dəyərlərini zor gücünə dəyişmək istəyən heç bir ölkə ilə rəsmi Bakı dostluq əlaqəsi qura bilməz, qurarsa öz milli maraqlarına xəyanət etmiş olar.





Ana səhifəyə qayıt        Baxış: 6 451          Tarix: 13-10-2021, 07:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma