Xəbər lenti

“Məlum idi ki, bu müharibədə Ermənistan Azərbaycandan irəlidə yox, geridəydi – həm hərbi, həm də texnoloji planda.”

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan Prezidenti Armen Sarkisyan Rusiyanın RBK kanalına geniş müsahibəsində deyib.
Ermənistan Prezidenti həmin müsahibədə bir sıra etiraflar edib və ölkəsinin durumunun heç də ürəkaçan olmadığını bildirib. Sarkisyan Ermənistanın acınacaqlı məğlubiyyətinin xeyli sayda fundamental səbəblərinin olduğunu qeyd edib: “Mən geridəydik deyəndə, onu nəzərdə tuturam ki, bizim öz PUA-larımız olmalıydı, yəni özümüz hazırlamalıydıq. Ermənistan 21-ci əsrin müharibəsinə hazırlaşmalı idi.”

Ermənistan Prezidenti məğlubiyyətin təkcə 1990-cı illərdəki qalibiyyətin yaratdığı arxayınçılıqla bağlı olmadığını söyləyib və qeyd edib ki, bir çox sahələrdə ermənilər xalq və dövlət olaraq, illüziyaya qapılıb, özlərini aldadıblar: “Biz özümüzü aldadırıq ki, guya nəsə edirik... Məsələn, guya bizdə demokratiya var. Özümüzü aldadırıq ki, yüksək səviyyəli elmimiz, çox güclü ordumuz var. Ən pisi odur ki, özümüz də buna inanırıq. Bu, çox təhlükəli şeydir. 26 il ötüb. Bu 26 ildə güclü ordu yaratmalı, iqtisadiyyatı inkişaf etdirməli və gücləndirməli, Rusiya ilə münasibətləri başqa bir səviyyəyə qaldırmalı idik.”

Türkiyə barədə danışan Ermənistan Prezidenti etiraf edib ki, bu ölkənin nüfuzu xeyli artıb. Sarkisyan bir sıra məsələlərdə, o cümlədən Yaxın Şərqdən qaçqın axını problemində Avropanın Türkiyədən asılı vəziyyətə düşdüyünü bildirib. Həmçinin, Türkiyənin Cənubi Qafqaza təsirlərindən danışan Prezident, deyib: “Biz istəsək də, istəməsək də Türkiyənin Cənubi Qafqazda nüfuzu artıb. O, Gürcüstanda iqtisadi baxımdan böyük nüfuza malikdir. Səhv etmirəmsə, Gürcüstan ticarətinin 40 faizini Türkiyə ilə edir.” Sarkisyan Türkiyənin Azərbaycana da həm hərbi, həm də iqtisadi cəhətdən təsirlərindən danışıb və qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan boru xətti bunun bariz nümunəsidir. Prezident Ermənistan daxilindəki siyasi çəkişmələrə də toxunub və Robert Koçaryanın “bostanına daş atmağı” unutmayıb. Koçaryanın İrəvanda mitinqlər təşkil edəcəyi barədə bəyanatına münasibət bildirən Sarkisyan, deyib: “Danışmaq bir iş, küçə mübarizəsi isə tam başqa bir işdir”. Prezident deyib ki, xalq seçkidə Paşinyan hökumətinə iqtisadi və siyasi problemlərin həlli, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyası və s. ilə bağlı mandat verib. Sarkisyan bununla da Koçaryanın mitinq bəyanatlarının yersiz olmasına eyham vurub.

Qeyd edək ki, Ermənistan cəmiyyətində Prezidentə münasibət birmənalı deyil. Xüsusilə müxalifət sıralarında Sarkisyanı, yumşaq desək, o qədər də sevmirlər. Məsələn, Ermənistanın Vatikandakı sabiq səfiri, sabiq Prezident Serj Sarqsyanın kürəkəni Mikael Minasyan müharibədən sonra Armen Sarkisyan haqqında belə demişdi: “Niyə soruşmursunuz ki, bu fəlakətə görə birbaşa məsuliyyət daşıyanlardan və onun müəlliflərindən biri olan bu nəzakətli adam, bütün şeyxlərin və kralların dostu, sizin ürəklərinizin prezidenti, elitar turist və müftəxor prezident nəylə məşğuldur? O, vəzifə xatirinə hər kəsi və hər şeyi sataraq, vəzifəni kişilikdən və vətəndən üstün tutdu. Budur əclaflığın bahalı kostyuma bürünmüş gerçək sifəti. Və ilk olaraq, ondan başlamaq lazımdır...”



Ana səhifəyə qayıt        Baxış: 3 264          Tarix: 28-10-2021, 17:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma