Xəbər lenti

Bu gün Gürcüstan bələdiyyə seçkisinin ikinci turunu keçirir. Seçicilər 5 iri şəhər, 15 rayon və 24 seçki dairəsində səs verirlər. Müşahidələr göstərir ki, seçkinin ikinci mərhələsi gərginliyinə görə birinci turdan heç də geri qalmır.

Təbii ki, Azərbaycanda demək olar, biganə yanaşılan bələdiyyə seçkisinin Gürcüstanda böyük siyasi hadisəyə çevrilməsi təsadüfi deyil. Bunu bələdiyyələrin səlahiyyətləri və real nüfuzundan tutmuş ümumilikdə ölkədəki siyasi duruma, seçkilərin şəffaflıq səviyyəsinə qədər bir çox amillər şərtləndirir. Və təbii ki, hazırkı situasiyada ən təsirli və həlledici məqam isə sabiq Prezident Mixeil Saakaşvilinin ölkəyə qayıtması faktıdır. Onun hətta həbsdə belə Gürcüstanın siyasi gündəmini müəyyən edən əsas fiqurlardan biri, bəzənsə birincisi olduğu şübhə doğurmur... 

Hazırda müstəqil müşahidəçilər, eləcə də Gürcüstana akreditasiya olunmuş xarici jurnalistlər və ekspertlər bildirirlər ki, ölkə faktiki olaraq, Saakaşvilinin tərəfdarları və əleyhdarları olmaqla, iki yerə bölünüb. Seçicilərin birinci yarısı Saakaşvilinin qatı əleyhdarlarıdırlarsa, digər yarısı da onun az qala fanatik tərəfdarlarıdır. Orta mövqedə olanlar demək olar ki, yox kimidir. Belələri varsa da, onlar hər iki tərəfdən ciddi basqılara məruz qalır və tərəf seçmələri tələb olunur... 
Təxminən, iki həftə bundan öncə paytaxt Tbilisidə Saakaşvilinin tərəfdarlarının böyük mitinqi keçirildi. Gürcüstan paytaxtı ölkənin ən yeni tarixində demək olar ki, bu qədər böyük izdiham görməmişdi. Müxtəlif hesablamalara görə, həmin aksiyaya 50 mindən çox Saakaşvili tərəfdarı toplanmışdı. Müxalifətin bu “gövdə nümayişi”nə hakim “Gürcü Arzusu” Partiyası seçkidən 3 gün öncə - oktyabrın 27-də yenə paytaxt Tbilisidə keçirdiyi mitinqlə cavab verməyə çalışdı. Buna müəyyən dərəcədə nail olsa da, hakim partiyanın təşkil etdiyi mitinqdə inzibati resurslardan gen-bol istifadə olunduğu bildirilir. Qeyd olunur ki, bölgələrdən xüsusilə də büdcə təşkilatlarında çalışanlar avtobuslara doldurularaq, Tbilisiyə gətiriliblər. Sıravi vətəndaşlara isə hakimiyyətin mitinqində iştirak qarşılığında 100 laridən 300 lariyədək pul ödəndiyi iddia olunur. Müxalifətin “oliqarxların hökuməti” adlandırdığı indiki hakimiyyətin təkcə mitinqlərdə deyil, seçki günü də inzibati resurslardan, büdcə təşkilatlarında çalışanların “xidmətlərindən” istifadə edəcəyi gözlənilir. Çünki bundan əvvəlki seçkilərdə belə bir mənzərəyə artıq rast gəlinib...
Hazırda ən çox, Tbilisi və Batumi də daxil olmaqla, 5 böyük şəhərdə keçirilən seçkinin hansı nəticə verəcəyi böyük maraqla gözlənilir. Saakaşvilinin partiyasının qərb rayonlarında daha üstün olduğu qeyd edilir. Xüsusilə Batumidə və Zuqdididə müxalifətin qələbə şansı yüksək qiymətləndirilir. Tbilisidə isə gərgin mübarizə gözlənilir və nəticəyə dair qəti proqnoz vermək olduqca çətindir. Təsadüfi deyil ki, son bələdiyyə seçkisində Gürcüstanın müstəqillikdən sonrakı 30 illik tarixində seçici fəallığına görə rekord göstərici qeydə alınıb. Mütəxəssislər birmənalı olaraq, bunu “Saakaşvili faktoru” ilə əlaqələndirirlər.

Sabiq Prezidentin ortaya siyasi cəsarət qoyaraq ölkəyə qayıtması, həbsə girməsi və həbsdə də mübarizəsini davam etdirməsi seçici fəallığına və ümumilikdə ölkədəki siyasi situasiyaya çox ciddi təsir göstərib. Və bu amilin Bdzina İvanişvilinin “oliqarxlar hakimiyyətini” nə dərəcədə narahat etdiyi və qıcıqlandırdığı demək olar ki, hökumət nümayəndələrinin bütün açıqlamalarında özünü büruzə verir. Son olaraq Baş nazir İrakli Qaribaşvilinin sabiq Prezidentin aclıq aksiyasıyla bağlı səsləndirdiyi “hər kəsin intihar etmək hüququ var” fikri də bunu təsdiqləyir. Onun bu açıqlaması Gürcüstanda birmənalı qarşılanmayıb və qətiyyən hökumətin xeyrinə işləməyib...

Ancaq hər halda, nəticələrin necə olacağından asılı olmayaraq, Gürcüstandakı seçkilər bir daha bu ölkədə gerçək siyasi rəqabətin mövcudluğunu və müəyyən dərəcədə şəffaf seçkilərin keçirildiyini təsdiqləyir. Bu isə sözsüz ki, qonşu ölkənin daxili siyasi mühitinin daha da demokratikləşməsi və siyasi inkişaf baxımından doğru yolda olduğunu göstərir – həmin yol nə qədər çətin və keşməkeşli olsa belə...

Cəlal Məmmədov

“AzPolitika.info”



Ana səhifəyə qayıt        Baxış: 3 491          Tarix: 30-10-2021, 17:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma