Xəbər lenti

 
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla Türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında bu gün telefon danışığı olub.
 
Ovqat.com Rusiya XİN-ə istinadən xəbər verir ki, tərəflər əsasən Ukrayna məsələsini müzakirə ediblər.
 
Məlumata görə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Kiyevin Ukraynanın cənub-şərqində gərginliyi artırmağa yönəlmiş kursunun təhlükəli olduğunu həmkarının diqqətinə çatdırıb. O, Ankaranı Ukraynanın hərbi cəhətdən güclənməsinə töhfə verən Türkiyə-Ukrayna arasındakı hərbi-texniki əməkdaşlıqla bağlı  Moskvanın narahatlığını ciddi qəbul etməyə çağırıb.
 
 
Rusiya XİN-in açıqlamasında o da vurğulanıb ki, tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Lavrov bildirib ki, Kiyevin Qərb ölkələrinin dəstəyi ilə ölkənin cənub-şərqindəki fəaliyyəti bölgədəki sabitliyin tamamilə pozulmasına gətirib çıxara bilər.
 
Ukraynadakı gərginlik vurğulanmaqla regional vəziyyət əsaslı şəkildə müzakirə edilib. Rusiya tərəfi vurğulayıb ki, Ukraynanın cənub-şərqində Kiyevin qərbli tərəfdaşları tərəfindən təşviq edilən gərginliyin artırılması kursu vəziyyətin təhlükəli səviyyədə sabitsizləşdirilməsi təhlükəsi yaradır”, - Rusiya XİN-nin bəyanatında belə deyilir.
 
Qeyd edək ki, Türkiyənin Ukraynaya satdığı “Bayraktar TB2” silahlı PUA-sı Moskvada ciddi təşviş yaradır. Ukrayna Donbassdakı rus separatçılarına qarşı bu silahdan istifadə edir və separatçıların isə bu silaha qarşı müqavimət göstərmək imkanları yoxdur. Bundan əlavə, Ukrayna öz hərbi vertolyotlarını da Türkiyədən aldığı digər hərbi sursatlarla təchiz edib. Hədəflərə dəqiq kilidlənən Türk silahları belə görünür ki, Moskvanın da kürkünə birə salıb.
 
Bir çox rus analitikləri bildirirlər ki, Ukrayna ilə Rusiya arasında konflikt çıxarsa, Ankara açıq şəkildə Kiyevi dəstəkləyə bilər. Sözsüz ki, NATO-nun bir çox dövlətləri, xüsusilə ABŞ və Böyük Britaniyanın da Ukraynanı tərəfində yer alacağı şübhə doğurmur. Moskvanın indiyədək Ukrayna qarşısında ləng hərəkət etməsi də bu təhlükə ilə əlaqələndirilir.
 
Moskvanı narahat edən digər xüsus Türkiyənin Orta Asiya ölkələri və Azərbaycanla birlikdə yeni ittifaq quruculuğu istiqamətində iş aparmasıdır. Ötən günlərdə Türk Dövlətləri Birliyinin İstanbulda keçirilən 8-ci sammitində verilən mesajlar bölgəyə özünün arxa bağçası kimi baxan Moskvanı narahat etməyə bilməzdi. Üstəlik, bu zirvə toplantısından sonra MHP sədri Dövlət Bağçalının Türkiyə Prezidenti Ərdoğana bağışladığı Turan xəritəsində Rusiyanın ərazilərinin mühüm qisminin də əks olunması Ankaranın təkcə Orta Asiya ilə qalmayacağına işarə idi. Görünən budur ki, Türkiyə hər tərəfdən Rusiyaya psixoloji həmlələr edir və bu ölkədə yaşayan Türk xalqlarını müstəqillik mübarizəsinə həvəsləndirir. Tatarıstan, Başqurdıstan kimi bölgələrdə artıq bu istiqamətdə müəyyən canlanmalar da müşahidə olunur.
 
Son zamanlar Rusiyanın ermənilərdən istifadə edərək Azərbaycana qarşı təxribatlarını gücləndirməsinin başlıca səbəblərindən biri də Türk Birliyi çalışmaları ilə əlaqələndirilir. 
 


Ana səhifəyə qayıt        Baxış: 5 684          Tarix: 19-11-2021, 21:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma