Xəbər lenti

 
Ukrayna və Rusiya nümayəndələrinin İstanbuldakı görüşündə Kiyevin təhlükəsizlik zəmanətləri ilə bağlı tələbləri üzərində razılıq əldə etmək mümkün olmayıb.
 
Ovqat.com-un məlumatına görə, Ukrayna nümayəndə heyətinin yaydığı yazılı açıqlamada belə deyilir. 
 
Açıqlamaya görə, Ukrayna tərəfi İngiltərə, Çin, ABŞ, Fransa, Türkiyə, Almaniya, Kanada, Polşa və İsraili qarant dövlət  kimi görmək istəyir. 
 
Bəs qarant dövlətlər hansı funksiyanı yerinə yetirəcəklər?
 
Açıqlamada bu barədə deyilir:
 
 “Əgər bizə hücum ediləcəksə, hərbi əməliyyat keçiriləcəksə, təcili zirvə çağırmaq hüququmuz olmalıdır. Bu sammitdə bir şey həll olunmasa, həmin ölkələr bizə dəstək göstərməlidir. Bu, bizim ən vacib maddəmizdir. Bu bəndi əlavə edə bilsək, Ukrayna indiki statusunu sabitləyəcək”. 
 
Açıqlamada Ukraynanın NATO-ya üzvlükdən imtina etməsi məsələsinə də aydınlıq gətirilib: “Xarici mərkəzlərimizdə əcnəbi əsgər olmayacaq. Biz NATO-ya daxil olmayacağıq. Amma bu, bizim Avropa İttifaqına daxil olmağımıza heç bir maneə yaratmayacaq. Bu, müqavilənin ən mühüm məqamlarından biridir. Təhlükəsizliyimiz təmin olunarsa, neytral statusa keçərik. Krım və buna bənzər bölgələr isə ayrıca dəyərləndirilməlidir”. 
 
 
Qeyd edək ki, Rusiya hərbi əməliyyatlara başlamazdan əvvəl bir neçə tələb irəli sürmüşdü. Ukrayna üçün bu tələblər qəbuletməz idi və faktiki kaputilyasiya aktına imza atması anlamına gəlirdi. Son zamanlar Ukraynada ciddi müqavimət ilə üzləşən Rusiya nəhayət, demək olar ki, bütün iddialarından geri çəkildi, yalnız Donbass və Krım məsələsi üzərində dayandı. Moskvanın tələblərinə əsasən, Ukrayna Krımın Rusiya ərazisi olması ilə razılaşmalı və Donbassın müstəqilliyini tanımalıdır. Ukrayna isə bunun yalnız bir halda mümkün olacağını bildirir: Tələb ilk növbədə Ukraynanın təhlükəsizliyinə zəmanət verən dövlət tərəfindən təsdiqlənməli, daha sonra Ukrayna xalqının mövqeyini öyrənmək üçün referendum keçirilməlidir. Referendum keçirilməsinin də özünəməxsus şərtləri var. Əvvəla, Konstitusiyada müəyyən düzəlişlər aparılmalıdır. İkincisi isə referendumun demokratik və azad keçirilməsi naminə rus qoşunları Ukrayna ərazisindən çıxarılmalıdır. Ukrayna nümayəndə heyətinin yazılı açıqlamasında da bu xüsus öz əksini tapıb. “Heç bir referendum təzyiq altında keçirilməməlidir”, - açıqlamada bildirilir.
 
 
Bütün bu şərtlər Rusiyanın nəzərincə icrası mümkün olmayan prinsiplərdir və çox güman ki, danışıqlarda əsas problemlər məhz bu nöqtədə düyünə düşür. 
 
Görüşdən sonra mediaya açıqlama verən Rusiya nümayəndə heyətinin üzvü, prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski də maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, Ukrayna Krımın və Donbassın hərbi yolla qaytarılmasından yazılı şəkildə imtina etməyə hazırdır.
 
“Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı təklifləri Krım və Sevastopol ərazilərinə şamil edilmir, yəni Kiyev Krımı, Sevastopolu hərbi yolla qaytarmaq istəyindən əl çəkir və bunun yalnız danışıqlar yolu ilə həllinin mümkünlüyünü təsdiqləyir”, - Medinski Rusiyanın Birinci Kanalına açıqlamasında deyib. 
 


Ana səhifəyə qayıt        Baxış: 4 189          Tarix: 29-03-2022, 18:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma