Xəbər lenti

 
İran İslam Respublikası Ayətullah Şəriətmədarinin Qum şəhərindəki şəxsi əmlakını qanunsuz olaraq müsadirə edib və hərraca çıxarıb.
 
Bəs, 36 il əvvəl vəfat edən Şəriətmədariyə qarşı bu düşmənçilik nədən qaynaqlanır?
 
Məhəmməd Kazım Şəriətmədarı vaxtilə İranın Ayətullahi-üzma adı daşıyan nadir şəxsiyyətlərdən olub. Əslən Azərbaycan Türkü olan və 1906-cı ildə Təbrizdə doğulan bu adamın ən böyük günahı Ruhullah Xomeynini himayə altına alması, ona böyük ayətullah (ayətullahi-üzma) ünvanı verməklə həbslərdən, hətta dar ağacında asılmaqdan qoruması idi. İranda Pəhləvi rejimi dövründə bu ünvanı daşıyan din xadimləri həbs oluna bilməzdilər.
Şəriətmədarinin bu böyük səhvi 60 milyonluq (o vaxt bu qədər idilər) İran xalqını orta əsrlər qaranlığına sürükləməklə qalmadı, Şəriətmədarinin özünün də şəxsi fəlakətlərinə səbəb olur. Pəhləvi rejimi zamanı belə, həbsdən, hər cür təqiblərdən uzaq tutulan bu böyük ayətullah İslam İnqilabının qurbanına çevrilir.
 
Amma təbii ki, İran rejimi onu bu böyük və səl günahına görə cəzalandırmırdı. “İslam” rejiminin nəzdində Şəriətmədarinin tamamilə başqa günahları vardı. Bunlardan biri onun Vilayəti-Fəqih nəzəriyyəsini qəbul etməməsi, digəri isə İranı federal dövlət kimi görmək və Cənubi Azərbaycan üçün muxtar hüquqlar istəməsi idi.


Şəkildə:Şəriətmədarinin əmlakının hərraca çıxarılması barədə elan
 
İslam İnqilabından sonra Şəriətmədarinin başına gələnlər belə nəql olunur:
 
Böyük Ayətullah Şəriətmədari 1979-cu ildə şah rejiminin devrilməsindən sonra Fransadan İrana qayıdan Ruhullah Xomeyniyə mötədil siyasət yürütmək nəsihəti vermiş və qan tökməkdən vaz keçmək üçün ciddi səylər göstərmişdi. O, Xomeyninin dini dövlət (Vilayəti-Fəqih) nəzəriyyəsini tənqid etmiş və bu cür yanaşmanın şiəlikdə heç bir elmi əsasının olmadığını bildirmişdi.
 
Xomeyninin fundamentalist yanaşmasından narahat olan Şəriətmədari tərəfdarları 1979-cu ildə Müsəlman Xalq Respublikası Partiyası yaradırlar. Partiya Şəriətmədarinin də xeyir-duasını alır.
 
Tezliklə Şəriətmədari ilə Ruhulla Xomeyni arasında fikir ayrılığı açıq qarşıdurmaya çevrilir. Şəriətmədarinin İranda dini dövlət qurulmasını nəzərdə tutan konstitusiya layihəsini rədd etməsi Xomeyni ilə aralarındakı rabitə bağlarını tamamilə qoparır.
Xomeyni 1979-cu ilin dekabr ayında Şəriətmədarini ev dustağına çevirir və Müsəlman Xalq Respublikası Partiyasını qadağan edir.
 
Xüsusi xidmət orqanlarının nəzarətinə götürülən Ayətullah Şəriətmədari ömrünün son günlərinə qədər həbsdə saxlanılır.
 
1982-ci ildə İran televiziyası keçmiş xarici işlər naziri Sadıq Qütbzadənin etiraflarını yayımlayır. Qütbzadə Şəriətmədarinin tapşırığı ilə Xomeyniyə sui-qəsd hazırladığını bildirir. Bu iddiadan az sonra onun edamı gündəmə gəlir. Lakin Xomeyni  guya edama razı olmur və müctəhidlərin edam edilməyəcəyi barədə fitva verir.  1986-cı ildə isə Şəritmədari müəmmalı şəkildə həyatını itirir.
 
Şəriətmədarinin ölümündən 36 il vaxt keçir. Bu gün belə, ondan miras qalan mülkiyyətin müsadirə olunması İran İslam rejiminin Şəriətmədariyə duyduğu nifrətdən vaz keçmədiyini göstərir.
 
Ovqat.com





Ana səhifəyə qayıt        Baxış: 5 916          Tarix: 1-05-2022, 06:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma