Xəbər lenti
 

Rusiya Ukraynaya qarşı müharibəyə başlayacağı barədə hələ 2008-ci ildə NATO dövlətlərinə xəbərdarlıq edibmiş.
 
Ovqat.com-un məlumatına görə, Rusiyanın “Kommersant” qəzeti bunu hələ 2008-ci ilin 7 iyul tarixində yayımladığı bir məqalədə  etiraf edib.
 
Qeyd edək ki, həmin il Gürcüstan və Ukraynanın NATO-ya qəbulu müzakirə olunur, Moskva isə buna sərt təpki göstərirdi. “Kommersant” qəzeti isə həmin vaxt yazırdı ki, Putin 2008-ci ilin aprelin 4-də Buxarestdə Rusiya-NATO Şurasının qapalı iclasında rəqibləri ilə görüşüb. Rusiya prezidenti görüşdə açıq şəkildə bildirib ki, NATO-nun Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşmasını rəsmi Moskvanın maraqlarına real təhlükə kimi qəbul edir və adekvat tədbirlər görəcək. O, xüsusilə Ukraynanın alyansa üzv olacağı ehtimalı ilə barışmayaraq ABŞ-ın o dövrdəki prezidenti Corc Buşa hədə-qorxu gəlib. Bunu “Kommersant” nəşri NATO ölkələrindən birinin nümayəndə heyətinin tərkibindəki mənbəyə əsaslanan irəli sürüb. “Kommersant”a görə, Rusiya prezidenti sözügedən görüşdə Gürcüstan haqqında danışarkən özünü kifayət qədər sakit və mövzunun üstündən sanki geçirmiş kimi aparırmış. “Söhbət Ukraynaya gələndə isə Putinin özündən çıxdı. Buşa müraciət edərək dedi: Corc, Ukrayna hətta dövlət deyil! Ukrayna haradır, bilirsiniz? Onun ərazisinin bir hissəsi Şərqi Avropadır, bir hissəsi, özü də əhəmiyyətli bir hissəsi isə bizim tərəfimizdən bağışlanmışdır!” Sonra o, çox açıq şəkildə eyham vurdu ki, buna baxmayaraq əgər Ukrayna NATO-ya qəbul edilsə, bu dövlət sadəcə olaraq mövcudluğunu itirəcək. Yəni əslində o, Rusiyanın Krımın və Şərqi Ukraynanın bu ölkənin tərkibindən ayrılmasına başlaya biləcəyi ilə hədələdi”.


 
Gürcüstanın NATO-ya üzvlüyünə gəlincə, Putin həmin gizli görüşdə vurğulayıb ki, bu təşəbbüsün qarşısı Abxaziya və Cənubi Osetiyanın müstəqil dövlətlər kimi tanınması ilə nəticələnəcək və beləcə, NATO qüvvələri ilə Gürcüstan arasında bufer zonası yaradılacaq. Bunun üçün isə Kosova presedentinə istinad olunacaq.
 
Xatırladaq ki, Vladimir Putin 2022-ci il aprelin 26-da BMT-nin baş katibi ilə görüşündə həqiqətən də Rusiyanın Kosovo presedentinə istinadən DXR və LPR-ni tanıdığını bildirmişdi.
 
Maraqlıdır ki, Putinin o vaxt Corc Buşa etdiyi xəbərdarlıq nəinki NATO ölkələri arasında, hətta Gürcüstanda belə ciddi qarşılanmayıb. Buxarest sammitindən qayıdarkən jurnalistlərin bu barədə suallarını cavablandıran Saakaşvili deyib: “Gürcüstan mütləq NATO-ya üzv olacaq, bunu bütün Avropa liderləri açıq şəkildə bəyan ediblər və bu, fəaliyyət planının faktiki təqdimatından daha yaxşı nəticədir”.
 
Saakaşili həmçinin bildirmişdi ki, Rusiya Gürcüstanın alyansa daxil olmaq planını əngəlləmək üçün əlindən gələn hər şeyi etməyə çalışıb: “O, şantaj və təzyiqlərə əl atdı, amma yenə də hər şey əksinə oldu. Yekun kommünikedə birbaşa deyilir: “26 dövlətin başçısı bizə təminat verdi və Gürcüstan və Ukraynanı NATO-ya qəbul etməyi öhdəsinə götürdü”.
 
Mixail Saakaşvilinin iddiasına görə, Büxarest sammitində xüsusilə ABŞ, Baltikyanı ölkələr və Polşa Gürcüstanı ən yüksək səviyyədə müdafiə edib. "Onlar bizim üçün öz ölkələrinin maraqları uğrunda mübarizə apardıqları kimi mübarizə aparıblar və biz bunu heç vaxt unutmayacağıq". Biz artıq əsl dostlarımızın kim olduğunu bilirik". 


 
Gürcü lideri həmçinin vurğulamışdı ki, hələ o vaxt da Almaniya və Fransa Ukrayna və Gürcüstanın alyansa qəbuluna qarşı çıxırmış: “Corc Buş və bir sıra ölkələrin liderləri isə Almaniya və Fransa liderləri ilə səhər saat altıya qədər mübahisə ediblər”.
 
Saakaşvilinin bütün müsbət proqnozlarına baxmayaraq, Buxarest sammitindən bir neçə ay sonra Rusiya Gürüstana hərbi müdaxilə etdi və Cənubi Abxaziya və Osetiyanın “müstəqilliyini” tanıdı. 6 ildən sonra isə Ukrayna onun hədəfinə çevrildi. Donbass və Krımı işğal edən Rusiya bugünkü savaşın da təməllərini atdı.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 7 044          Tarix: 1-05-2022, 13:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma