![](/templates/Wmediat51/images/vetendash.jpg)
İki gün öncə İstanbulun Dolmabağça sarayında Türkiyə, Rusiya, Ukrayna və BMT arasında Ukrayna limanlarından taxıl məhsullarının daşınmasına dair sənəd arasında imzalanmışdı. Acınacaqlıdır ki, sənədin mürəkkəbi qurumamış Rusiyanın Odessa limanını yerlə yeksan etməsi barədə məlumat yayılıb.
Ovqat.com-un məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Xanım diplomat bu gün Telegram hesabında yazıb ki, "Kalibr" raketləri Odessa limanındakı hərbi infrastrukturu yüksək dəqiqliklə məhv edib.
Faktı Ukrayna ordusunun sözçüsü Yuri İqnat da faktı təsdiqləyib. “İxracdan əvvəl taxılın emal edildiyi Odessa limanı hədəfə alınıb. Biz iki raketi vurduq, digər ikisi isə taxılın saxlanıldığı limana düşdü”.
Odessa qubernatoru Maksim Marçenko hücum zamanı yaralananların olduğunu və liman infrastrukturunun zədələndiyini bildirib.
Məlum olduğu kimi, Odessa Qara dəniz sahilinin ən böyük şəhəri və ən mühüm limanıdır. Ona görə də bu liman Ukraynanın taxıl ixracının bərpası üçün zəruri başlanğıc nöqtəsi hesab olunurdu.
Qeyd edək ki, iyulun 22-də İstanbulda keçirilən Türkiyə, Ukrayna və Rusiya nümayəndələrinin görüşündə bağlanmış müqavilə sammit iştirakçıları və dünya liderləri tərəfindən yüksək qiymətləndirilmişdi. Tükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadan taxıl daşınması müqaviləsi ilə bağlı demişdi: “Gəmilərin yola salınmasından təhlükəsiz yola salınmasına və təyinat limanına çatmasına qədər bütün proseslərdə razılığa gəldik... Bu, son dərəcə mühüm planın icrası və nəzarəti İstanbulda yaradılacaq müştərək koordinasiya mərkəzi tərəfindən həyata keçiriləcək”.
Ərdoğan çıxışında razılaşdırılan mətnlə dünyada milyardlarla insanı gözləyən aclıq təhlükəsinin qarşısının alınmasına töhfə veriləcəyini bildirmişdi.
İmzalanma mərasimindən əvvəl BMT-nin baş katibi Quterreş açıqlama verərək, müqavilə imzalamaqdan məmnuniyyətini dilə gətirmişdi.
“Bu gün Qara dənizdə bir rahatlıq əlaməti və dünyanın hər zamankindən daha çox ehtiyac duyduğu bir ümid şüası var”, - deyən Baş katib bu sazişin imzalanmasında mühüm rol oynadıqları üçün prezident Ərdoğana və Türkiyə hökumətinə təşəkkür etmişdi: “(Taxıl dəhlizi sazişi) Cənab Prezident Ərdoğan və Türkiyə hökuməti, sizin bu prosesi asanlaşdırmağınız və əzmkarlığınız həyati əhəmiyyət kəsb edir”.
Bənzər açıqlamalar Fransa, ABŞ, Böyük Britaniya və İtaliya liderlərindən də gəlmişdi. Sazişin imzalanmasından 2 gün keçdikdən sonra Rusiyanın Odessa limanını hədəfə alması isə bütün ümidlərin üstündən xətt çəkir.
Paylaş: