Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Rusiya Qara dəniz hərbi donanmasının bütün sualtı qayıqlarını döyüş həyəcanı vəziyyətinə gətirib və hamısını eyni anda xidməti təyinat nöqtəsinə göndərib.
Ovqat.com xəbər verir ki, Rusiya Qara Dəniz Donanmasının komandiri, vitse-admiral İqor Osipov dünən Sualtılar gününə həsr olunmuş rəsmi mərasimdə bunu etiraf edib.
Onun sözlərinə görə, Qara dəniz donanmasının 6 sualtısı var və indi onlardan heç biri hazırda hərbi bazasda deyil. Komandir həmçinin bildirib ki, sualtıların eyni anda görəv yerinə göndərilmə faktı "istər Rusiya, istərsə də xarici dövlətlərin donanmaları tarixində misli görünməmiş” hadisədir. Çünki adətən gəmilər və sualtı qayıqlar növbəli şəkildə hərbi patrul xidməti həyata keçirirlər.
Qeyd edək ki, Rusiyanın Qara dəniz donanmasının məsuliyyət sahəsinə Qara dəniz, Azov dənizi və Aralıq dənizi kimi su hövzələri daxildir. Sualtı qayıqlardan birinin Aralıq dənizinə keçdiyi və orada NATO qüvvələrinin gözündən itməyi bacardığı iddia olunur. İqor Osipovun peşə bayramı çıxışında dilə gətirdiyi bəzi fikirlər də bu iddianı təsdiqləyir. “Qara Dəniz Donanmasının sualtıları peşə bayramlarını dənizdəki tapşırıqları yerinə yetirərək döyüş postunda qeyd edirlər. Bəziləri indi uzaq dəniz zonasında - Aralıq dənizindədir”, - vitse-admiral belə deyib.
Rusiya Qara dəniz donanmasının məsuliyyət sahəsinə daxil olan digər su hövzəsi Azov dənizinə gəlincə, Ukrayna Silahlı Qüvvələrinə yaxın dairələr bir neçə gün əvvəl Rusiya Hərbi Dəniz Donanmasına aid ən azı 8 sualtı qayığın bu su hövzəsində aşkarladıqlarını bəyan etmişdilər. Luqansk administrasiyası rəhbərinin müavini Yuri Klimentov tərəfindən irəli sürülən bu iddia şübhə doğurmuşdu. Rus ekspertlər bildirmişdilər ki, Azov dənizinin orta dərinliyi 13.5 metrdir və dayaz olduğundan ora adətən sualtı qayıqlar getmir. Dünən isə Rusiya Qara dəniz Donanmasının komandirinin açıqlamaları Yuri Klimentovun da iddialarını təsdiqləyir. Zira aşağı sürətli sualtıların təyinat nöqtəsinə çatması, mövqeyini möhkəmləndirməsi üçün müəyyən zamana ehtiyac var. Üstəlik, bu barədə rəsmi məlumat dislokasiya tam bitdikdən bir neçə gün sonra da verilə bilər.
Ukrayna rəsmisi ilə Rusiya admiralının verdiyi bilgilər arasında beyinləri ən çox qurcalayan isə sualtıların sayı ilə əlaqədardır. Belə ki, Yuri Klimentov İqor Osipovdan fərqli olaraq 6 yox, ən azı 8 sualtıdan bəhs edir. Elədirsə, Rusiya digər sualtıları niyə gizlədir? Zənnimizcə, digər sualaltıların hərbi bazalarından ayrılıb təmir üçün Sevastopoldakı 13-cü Gəmiqayırma Zavoduna getməsi də mümkündür. Rəsmi məlumata görə, Qara dəniz donanmasında “Alrosa” adlı köhnə bir sualtı qayır var və o, bu yaxınlarda 13-cü Gəmiqayırma Zavoduna yola salınıb.
TASS-ın məlumatına görə, Rusiyanın Qara dəniz donanması sözügedən sualtı qayıqları 2014-cü ildən sonra öz arsenalına qəbul edib və ölkənin ən müasir raketlərindən sayılan “Kalibr”lə silahlandırıb. “Kalibr” raketləri böyük uzaqlıqdakı hədəfləri dəqiq zərbələrlə vurmaq qabiliyyətinə malik silahlardandır. Rusiya 2015-ci ilə Suriyadakı İŞİD hədəflərini Xəzər dənizindən atılan “Kalibr” tipli raketlərlə sıradan çıxarmaqla bunu sübuta yetirmişdi. O zamanadək “Kalibr”lərin 300 km mənzilə sahib olduğu düşünülürdüsə, həmin əməliyyatda rus gəmiləri 1500 km məsafəni vura bilmişdilər.Bu cür ağır silahlarla təchiz olunmuş sualtıların hamısının eyni anda “cəbhə xəttinə” çıxarılması və bunun NATO qüvvələrinin Qara dənizdə fəallaşması fonunda baş verməsi Rusiyanın narahatlığının göstəricisidir.
Rumıniya Hərbi Dəniz Qüvvələrinin qərargahından verilən məlumata görə, NATO-nun Qara dənizdə keçirməyi planlaşdırdığı “Dəniz qalxanı – 2021” təlimləri dünən başlamalı və ayın 29-na qədər davam etməlidir. Təlimlərdə 8 NATO ölkəsinin (ABŞ, Bolqarıstan, Hollandiya, Yunanıstan, İspaniya, Rumıniya, Türkiyə və Polşa) 18 hərbi gəmisi və 10 qırıcı təyyarəsinin iştirakı gözlənilir: dənizdə esminlər, korvetlər və frekatlar, havada NATO-nun təyyarədaşıyan gəmilərində yerləşdirilmiş “F-16 Fighting Falcon”, Rumıniyaya məxsus “MiG-21”-lər və İspaniyaya məxsus “Eurofighter Tayfun” təyyarələri.
Məlumatlara görə, “Dəniz qalxanı-2021” təlimləri təkcə Rumıniyanın deyil, həm də Ukraynanın ərazi sularında keçiriləcək. NATO ölkələri təlimdən əvvəl Rusiyanın Krımı ilhaqını tanımayacaqlarını, yarımadanın Ukraynaya məxsusluğunu açıq bəyan etməklə faktiki olaraq təlimləri Krım sahillərinə qədər “sürüşdürə” biləcəklərinə eyham vurmuşdular. Rusiyanın Qara dəniz donanmasının komandiri İqor Osipovun məhz 19 martda bütün sualtı qayıqlarının xidmət başında olduğu barədə açıqlamasının “Dəniz Qalxanı-2021”-in başladığı zamanla eyni günə düşməsi bu mənada təsadüfi görünmür. Məqsəd Rusiyanın ərazi sularında əzələ nümayiş etdirən NATO qüvvələrinə çəkindirici gücünü göstərmək və onları Qara dənizdəki hərbi manevrlərdən vaz keçməyə vadar etməkdir.
Yeri gəlmişkən, NATO-nin Baş katibi Yens Stoltenberq də bu yaxınlarda verdiyi açıqlamada alyansın Qara dənizdə hərbi manevrlərini artıracağını və bu aktivlikdə məqsədin Moskvanı qonşuların ərazi bütövlüyünə sayqı ilə yanaşmasını təmin etmək olduğunu vurğulamışdı. Görünür, Moskva da 6 sualtı qayığını xidməti təyinat nöqtəsinə göndərməklə onu “nəzakətə” dəvət edən NATO qüvvələrinə “mən bu regionun ağasıyam, nə istərəmsə onu da edə bilərəm” şəklində cavab verməyə çalışır.
Sual oluna bilər: Bəs həmin 6 sualtı qayıqla Rusiya NATO qarşısında çəkindirici ola bilərmi?
Mütəxəssislərin fikrincə, xeyr. Qara dəniz donanmasının bütün sualtı qayıqlarının “Kalibr” raketləri ilə təchiz edilməsi belə, NATO-nun təkcə “Dəniz qalxanı-21” təlimlərinə çıxardığı hərbi texnikaları qarşısında çox duruş gətirə bilməz. Üstəlik, Rusiya mümkün döyüş səhnəsinə Qara dəniz donanmasının bütün potensial gücünü çıxarıbsa, NATO qüvvələri sadəcə kiçik bir qüvvəsini bu su hövzəsinə göndərib.
Bununla belə, başlayacaq hər hansı hərbi qarşıdurmada Rusiyanın da NATO qüvvələrinə böyük itkilər verdirmək imkanı var. Nəzərə alsaq ki, real hərbi əməliyyatlarda aviasiya qüvvələri də iştirak edəcək, o zaman mümkün itkilərin daha böyük olacağı istisna deyil.
Görünən budur ki, Rusiya Qara dəniz hərbi donanmasının bütün potensialını ortaya qoymaqla NATO-ya bəzi mesajlar vermək istəyir. Əsas mesaj isə bundan ibarətdir: “Krım uğrunda bütün potensial gücümlə savaşmağa hazıram”. Burada, əlbəttə, söhbət təkcə Qara dəniz donanmasından da getmir. Qara dənizdə real döyüşlər başlayarsa, bu, nüvə arsenalına malik dövlətlər arasında bütün potensialın ortaya qoyularaq aparılacaq geniş miqyaslı müharibəyə çevrilə bilər. Moskvanın Qara dənizdə bütün hərbi potensialını “cəbhə xətti”nə çıxarması yəqin ki, buna işarədir. Bir müddət əvvəl Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Krımda fəaliyyət göstərən media oranlarından birinə verdiyi müsahibədə dilə gətirdiyi bəzi fikirlər də bu mesajı gücləndirir: “Krım əbədiyyən Rusiyaya məxsus olacaq. ABŞ və bəzi Qərb dövlətləri bunu istəməsələr belə”.
NATO-nun bu kompleks təhdidlər qarşısında geri çəkilib-çəkilməyəcəyi “Dəniz qalxanı-21” təlimlərinin gedişatında bəlli olacaq. Onu da xatırladaq ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Ukrayna və Rumıniya sahillərində işini bitirməmiş, Gürcüstanda da hərbi təlimlərə başlayır. Bu da yaxın günlərdə Qara dənizdə gərginliyin daha da artacağını və Kremlin təhdidlərinin NATO tərəfindən ciddi qəbul olunmadığını göstərir.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar