Ötən gün ABŞ Dövlət Departamentinin katibi Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Ovqat.com xəbər verir ki, Azərbaycan prezidentinin mətbuat xidməti danışıq zamanı İlham Əliyevin Blinkenə bunları dediyini bildirib:
“Yaranmış gərginliyə görə bütün məsuliyyətin rəsmi İrəvanın üzərinə düşdüyünü bildirən Prezident İlham Əliyev qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən hərbi təxribat törədilib və nəticədə Azərbaycan hərbi qulluqçusu həlak olub. Prezident İlham Əliyev Azərbaycan tərəfinin bu hərbi təxribatın qarşısını almaq üçün zəruri cavab tədbirlərini həyata keçirdiyini vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan tərəfi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması məsələsini dəfələrlə gündəliyə gətirib. Amma Ermənistan tərəfindən bu öhdəlik yerinə yetirilmir, müxtəlif bəhanələr və ziddiyyətli bəyanatlar səsləndirilir.
Prezident İlham Əliyev Azərbaycan tərəfindən Laçın dəhlizinə alternativ yolun inşasının başa çatmaq üzrə olduğunu deyib və vurğulayıb ki, bu yol hazır olandan sonra üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı qüvvələrinin kontingenti həmin yola dislokasiya olunacaq.
Telefon söhbəti əsnasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Ermənistan Baş nazirinin mətbuat xidmətinin yaydığı məlumatda isə deyilir:
“Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığı zamanı ABŞ dövlət katibi Entoni Blinkenlə Dağlıq Qarabağda son günlər yaranmış gərgin vəziyyəti müzakirə edib.
Baş nazir Azərbaycanın 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarından kənara çıxmasından narahatlığını ifadə edib və Ermənistan Respublikasının regional sülh və sabitlik məsələsində mövqeyini bir daha təsdiqləyib", - ER hökumətinin mətbuat xidməti bildirib.
Press-relizdə həmçinin deyilir ki, dövlət katibi Blinken gərginlikdən narahatlığını və vəziyyətin sabitləşməsinə kömək etməyə hazır olduğunu vurğulayıb.
Bəs ABŞ Dövlət Departamentinin katibi Antoni Blinken dünənki telefon danışıqları barədə nə deyib və hansı tərəfin mövqeyini haqlı görüb?
ABŞ Dövlət Departamentinin rəsmi Twitter hasabında telefon danışıqları ilə bağlı yaydığı açıqlama bu suala qismən aydınlıq gətirir. Tvitlərdə deyilir:
“ABŞ dövlət katibi Entoni Blinken Paşinyan və Əliyevlə danışıqlar aparıb.
Amerika Birləşmiş Ştatlarının hökumət rəsmisi bu gün Dağlıq Qarabağda və ətrafındakı vəziyyətlə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanla danışıb.
“Mən bu məsələlərin həlli üçün (Paşinyanı) Azərbaycanla davamlı təmkinli olmağa və birbaşa dialoqa çağırdım”, - Blinken rəsmi Twitter hasabında bildirib.
Blinken İlham Əliyevlə telefon danışı barədə paylaşdığı twitində isə bildirib: “Mən İlham Əliyevi əmin etdim ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda davamlı sülhün əldə olunmasına kömək etmək üçün Azərbaycan və Ermənistan arasında dialoq aparmağa və onu asanlaşdırmağa hazırdır”.
Göründüyü kimi, Blinken erməni liderinə Azərbaycanla münasibətlərində “davamlı təmkinli olmağı” məsləhət görüb, İlham Əliyevi isə əmin edib ki, ABŞ sülhün təmin olunması üçün əlindən gələni əsirgəməyəcək və danışıqlar prosesini asanlaşdıracaq.
Bundan əlavə Blinkenin Paşinyanı Azərbaycanla birbaşa danışıqlara səsləməsi də düşündürücüdür. Çünki erməni tərəfi öz öhdəliklərini yerinə yetirmədiyi kimi, şıltaqlığının adekvat cavabını alan kimi dərhal ya Rusiyanın, ya da İranın qucağına sığınır və həmin ölkələri müzakirələrin tərəfinə çevirməyə çalışır. Bu isə sözsüz ki, danışıqlar prosesini əngəlləyir.
Məsələyə bu aspektdən nəzər salanda aydın olur ki, Blinken əslində erməni liderini qabağına qoyub diplomatik üslubla danlayıb.
Ovqat.com
Paylaş: