Xəbər lenti


ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri erməniləri strateji müttəfiqlərini dəyişdirməyə həvəsləndirib. 


Ovqat.com-un məlumatına görə, artıq bir sıra analitiklər Rusiya və KTMT ilə müttəfiqliyə son qoyub ABŞ və Fransanın himayəsinə bel bağlamağı yeganə çıxış yolu kimi görürlər.


ArmenianReport-un müəllifi Samvel Hovhannisyanın qələmə aldığı «Məsuliyyətdən qaçmaq, itki statistikası və qorxaq ümid haqqında» sərlövhəli məqaləsi də bu qəbildəndir. Məqalənin önəmli hesab etdiyimiz hissəsini oxucularımızla paylaşırıq:


«İkinci Qarabağ savaşını, 44 günlük müharibəni xatırlayaq. Vikipediyaya görə, Ermənistan bu müharibədə 3825 vətəndaşını itirib. Bu ilin fevralında Ermənistanın baş naziri Nikol Paşinyan rəqəmi 3812 nəfər adlandırsa da, görünür, yeni ölənləri nəzərə alsaq, bu rəqəmi artıb. Son statiktikanı əsas götürək.


Bu o deməkdir ki, 44 günlük müharibədə hər gün orta hesabla 87-yə yaxın erməni hərbçisi həlak olub (3825/44=86,9...).


Həmin Vikipediyada eyni müharibədə 2908 azərbaycanlının öldüyü bildirilir. Gəlin, kalkulyatoru işə salaq: 2908/44=66,09 nəfər. Ümumilikdə müharibənin hər günü Azərbaycanın təxminən 66 əsgərinin həyatı bahasına başa gəlib.


Adətən döyüşlərdə müdafiə olunan tərəf hücum edən tərəfə nisbətən daha az itki verir. Amma burada görürük ki, bizim - müdafiə olunan tərəfin itkiləri düşmənin itkisini təxminən 32 faiz üstələyib.


İndi gəlin son toqquşmaların – “13 sentyabr müharibəsi”nin acınacaqlı statistikasına nəzər salaq: Ermənistanda 135, Azərbaycanda 77 qurban var.


Qeyd edək ki, toqquşmalar düz 24 saat deyil, daha çox davam edib - döyüşlər sentyabrın 13-dən 14-nə keçən gecə də davam edib. Nəticədə gündəlik ölüm göstəriciləri artıb. Bundan əlavə, Putinin sözlərinə görə, bu, "tamamilə fərqli bir bölgədir" və buna uyğun olaraq, cəbhə xətti, döyüşün aparıldığı şərait fərqlidir.


Məni başqa bir şey qorxudur. 135-i 77-yə bölün, 1.75 alınır.


Yəni bizimlə onların itkiləri arasında nisbət artıb. Bu, artıq 32% deyil, 75% təşkil edir! Bu o deməkdir ki, biz düşmənlə döyüşlərimizdə daha çox uduzmağa başlamışıq. Əgər Ermənistanın yerinə, Hindistan və ya Çin olsaydı, bu rəqəmlər o qədər də kritik olmazdı. Amma təəssüflər olsun ki, biz əhalisi azalan bir ölkəyik, soyqırımdan, qovulmadan, mühacirətdən, zəlzələdən, müharibələrdən, aşağı doğumlardan bezmişik və çox təəssüf ki, düşmən xalqdan da 3-4 dəfə azıq.


Təəssüf ki, kədərli rəqəmləri təhlil edəndə müşahidə edirik ki, düşmənlə aramızdakı itkilərin nisbəti daha da artıb. Bizim hərbi təhlükəsizliyimiz bir dövlət olaraq ancaq statistik mənada “batıb”.


Və bu o deməkdir ki, biz nəyisə səhv edirik. Çarəsiz oğlanlarımız ölümünə vuruşdular, onlara qarşı heç bir iddiamız ola bilməz. İstər mülki, istərsə də hərbçi rəhbərlərimizdən isə şikayətlər var. İki ildən sonra ordu quruculuğunda nəsə fikirləşmək, nəyisə təkmilləşdirmək, nəyisə dəyişmək olardı. Təkmilləşdirin, dəyişdirin, daha nüfuzlu ekspertlər axtarın. Həm də mütləq rus olmasın, üstəlik, onlarla müttəfiqlik arzuolunmazdır - onların Ukraynadakı məğlubiyyətlərini xatırlayaq. Qərb mütəxəssislərini, ilk növbədə fransızları dəvət etmək lazımdır - axı, bu ölkə Ermənistana kömək etməyə hazırdır.


Təəssüf ki, nə bizi qorumalı olan dövlət qurumlarına, nə də beynəlxalq təhlükəsizlik sisteminə arxalana bilərik.


Təxminən bir saat əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin olduğu təyyarə İrəvana endi.


Düşünürəm ki, Ermənistan rəhbərliyinin təvazökarlığa və ikili formatda hərəkət etməsinə ehtiyac yoxdur: Ermənistan Ordusunu yeni silahlarla gücləndirməli, lazımi təlimlər keçirməli və siyasi müttəfiqlərindən xahiş edilməlidir ki, Bakıya təzyiq göstəilrsin və Ankara beynəlxalq hüquqa hörmətlə yanaşmağa məcbur edilsin.


Pelosinin səfəri çox mühümdür, lakin bu, Qərb dövlətlərinin nümayəndələrinin Ermənistana yeni səfərləri silsiləsinin başlanğıcı olmalıdır. Bizim təhlükəsizliyimiz - həm hərbi-texniki, həm də siyasi - onlara həvalə edilməli, ABŞ və Avropa bizim yeni tərəfdaşlarımız olmalıdır.


Mən dünən və bu gün Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın və parlamentin sədri Alen Simonyanın bəyanatlarını oxudum. Onlar KTMT-nin davranışından açıq şəkildə narazıdırlar.


Ümid edirəm ki, hökumətimiz də nəyisə anlamağa başlayıb...»

Tərcümə Ovqat.com-a məxsusdur





Ana səhifəyə qayıt        Baxış: 6 089          Tarix: 18-09-2022, 00:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma