1993-cü ildən bağlanan Ermənistan-Türkiyə sərhədindəki Marqara körpüsü 30 ildən sonra yenidən açılıb və böyük ehtimalla bir daha bağlanmayacaq.
Ovqat.com-un məlumatına görə, bu fikirləri erməni türkoloq Nelli Minasyan Sputnik Ermənistan-a açıqlamasında deyib.
Məlumata görə, fevralın 11-də Ermənistan Türkiyəyə humanitar yardımla yük maşınları göndərib. Yük maşınları Ermənistan-Türkiyə sərhədindəki Marqara körpüsünü keçərək zəlzələdən zərər çəkmiş bölgəyə yollanıb.
“Sərhədin açılması, əslində, Ermənistan-Türkiyə danışıqlarının nəticələrinə əsasən planlaşdırılmışdı. Humanitar yardım şəklində “qanuni” səbəb olduğu üçün zəlzələ bu prosesi müəyyən qədər sürətləndirdi. Amma mən hesab edirəm ki, quru sərhədinin açılması ilə bağlı müəyyən proses gedir və əslində belə xəbərləri gözləmək lazımdır”, - deyə Minasyan bildirib.
Yayımlanan videoda körpünün təmir olunduğu görünür. Mümkündür ki, təmir işləri Ermənistanla Türkiyə arasında quru sərhədinin rəsmi açılışına hazırlıq çərçivəsində aparılıb.
Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Twitter-də bu humanitar addıma cavab olaraq Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyana və Ermənistanın xüsusi nümayəndəsi, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyana təşəkkürünü bildirib.
“Hörmətli Vahan Kostanyan, hörmətli Ruben Rubinyan, bunun sayəsində mümkün olan səylərinizə görə təşəkkür edirəm. Ermənistan xalqının zəlzələdən zərər çəkmiş xalqımıza əzablarını yüngülləşdirmək üçün göstərdiyi səxavətli yardımı həmişə xatırlayacağıq”, - Kılıç yazıb.
Paylaş: