“İyulun 15-də Brüsseldə keçiriləcək İlham Əliyev-Nikol Paşinyan-Şarl Mişel (Avropa Şurasının prezidenti - red.) görüşündən müsbət gözlənti ola bilməz. Gündəm sırf Azərbaycanla bağlı olduğundan bu, bizə ancaq ziyan vuracaq”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin üzvü, müxalif deputat Andranik Tevanyan öz feysbuk səhifəsində yazıb.
“2018-ci ildə Qarabağ ermənilərinin (qondarma, separat rejim nəzərdə tutulur - red.) danışıqlar masasına gətirilməsindən danışan və 2021-ci ildə öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizə aparacağını vəd edən Nikol Paşinyan indi onu Azərbaycanın bir hissəsi kimi tanıyır. O, Ermənistanın ərazilərini də verməyə hazırdır (onun bir hissəsi artıq verilib).
Nəinki Qarabağ (separatçı rejim - red.), hətta Ermənistan da danışıqlar masasında deyil. Paşinyan İlham Əliyevlə təslim olmaq mövzusunu müzakirə edir və Ermənistan daxilində bunu yalançı “sülh” şüarı ilə təqdim etməyə çalışır. Azərbaycan-Ermənistan münasibətlərini bir-biri ilə rəqabət aparan geosiyasi platformalarda müzakirə edən iqtidar bizim üçün yalnız məğlubiyyətləri müəyyənləşdirir və Azərbaycan üçün geniş imkanlar açır. Bunun üçün qarşıdakı gündəmdə əsas müzakirəçinin (Paşinyanın) dəyişdirilməsi durmalıdır”, - deyə erməni deputat qeyd edib.
Paylaş: