ABŞ Hərbi Dəniz Qüvvələri dünən elan edib ki, İranın neft tankerlərini ələ keçirməsinin qarşısını almaq planı çərçivəsində 3000-dən çox Amerika əsgəri Qırmızı dənizdəki iki hərbi gəmiyə köçürülüb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının bəyanatında qeyd edilib ki, ABŞ dənizçiləri avqustun 6-da Süveyş kanalından keçərək Qırmızı dənizə daxil olublar. Açıqlamada əsgərlərin Beşinci Donanmanın fəaliyyət qabiliyyətini gücləndirəcək “Bataan” və “Karter Holl” desant gəmilərinə yerləşdirildiyi vurğulanıb.
Beşinci Donanmanın sözçüsü Tim Havkins bununla bağlı deyib: “Bu birləşmələr İranın sabitliyi pozan fəaliyyətlərinin qarşısını almaq və ticarət gəmilərinə təcavüzü nəticəsində yaranan regional gərginliyi neytrallaşdırmaq üçün çeviklik və təsirli əməliyyat qabiliyyəti təmin edir”.
Bölgədə qüvvələrini artıran ABŞ iyul ayında orada bir döyüş gəmisini, eləcə də “F-35” və “F-16” döyüş təyyarələrini yerləşdirəcəyini də açıqlamışdı.
ABŞ rəsmisi keçən həftə bildirib ki, Vaşinqton İranın gəmiləri ələ keçirməsinin qarşısını almaq niyyəti ilə Fars körfəzindən keçən kommersiya tankerlərinə dəniz piyadaları göndərməyə hazırlaşır.
“ABŞ bu addımları ilə naviqasiya azadlığının təmin edilməsinə və İranın sabitliyi pozan fəaliyyətlərinin qarşısının alınmasına sadiqliyini nümayiş etdirir” - deyə, bəyanatda bildirilir.
Azad İran
Paylaş: