Xəbər lenti

 

Vladimir Zelenski müdafiə naziri Oleksey Reznikovu istefaya göndərib və onun yerinə Rüstəm Ömərovu təyin edib.

 

Ovqat.com-un məlumatına görə, Ukrayna prezidenti bu kadr dəyişikliyini “Rusiyaya qarşı müharibənin yeni yanaşma tələb etməsi” kimi mücərrəd sözlərlə əsaslandırıb.

 

Ukraynanın müdafiə nazirini dəyişməyə qərar verdim. Oleksey Reznikov 550 gündən çox genişmiqyaslı müharibə keçirdi. İnanıram ki, nazirliyin həm ordu, həm də bütövlükdə cəmiyyətlə yeni yanaşmalara və digər qarşılıqlı əlaqə formatlarına ehtiyacı var”, - deyə Zelenski bildirib.

 

 

Müşahidəçilər isə Reznikovun istefaya göndərilməsinin əsl səbəbini adının korrupsiyaya bulaşması ilə əlaqələndirirlər. 

 

2021-ci ilin noyabr ayından müdafiə naziri olan Reznikov müharibəyə kömək üçün milyardlarla dollarlıq qərb hərbi yardımının təmin edilməsində mühüm rol oynayıb, lakin o, fəaliyyəti dövründə ciddi korrupsiya ittihamları ilə üzləşib. Özü bunun ona atılmış böhtan olduğunu desə də, görünür, ictimai rəydə yaranmış və Ukraynanın beynəlxalq tərəfdaşlarını da narahat edən bu iddialar Reznikovun işdən uzaqlaşdırılması ilə nəticələnib. 

 

Reznikovun müdafiə naziri postundan uzaqlaşdırılması Zelenski üçün asan olmayıb. Çünki o, vəzifədə olduğu dövrdə Almaniya istehsalı olan əsas döyüş tanklarından tutmuş “Himars” reaktiv raketlərinə qədər güclü texnikalar başda olmaqla, Ukraynaya hərbi ləvazimatların verilməsində müxtəlif tabuları aradan qaldırmaq üçün Qərbdə uğurlu lobbiçiliyi ilə yadda qalıb. Məhz onun lobbiçiliyi sayəsində Kiyev tezliklə ABŞ istehsalı olan F-16 qırıcılarını almağa hazır görünür.

 

Bununla belə, Reznikov nazirliyinin şişirdilmiş qiymətlərlə ərzaq alınmasında ittiham olunurdu. O, ərzaq müqaviləsində şəxsən iştirak etməsə də, bəzi ukraynalı şərhçilər baş verənlərə görə siyasi məsuliyyəti öz üzərinə götürməli olduğunu bildirirdilər.

 

Ötən ay Ukrayna mediası onun nazirliyi dövründə ordu üçün qış paltolarının alınması zamanı korrupsiya faktlarını ifşa etmişdi. Reznikov bu ittihamlara cavabında hər hansı qanun pozuntusunun olmadığını və özünün dəfələrlə qarayaxma kampaniyasının hədəfinə çevrildiyini bildirmişdi. 

 

Reznikovun bundan sonra Londona səfir göndərilməsi ehtimal olunur.

 

Kiyev Aİ-yə üzv olmaq üçün müraciət edib, Aİ-nin ən mühüm tələblərindən biri isə korrupsionerlərə qarşı mübarizədir. Müharibənin sonu görünmədiyindən həm Qərb, həm də Ukrayna ictimaiyyət korrupsiyaya qarşı çox həssaslaşıb və bu da Zelenskini bu qərarı verməyə vadar edib.

 

Zelenskinin yeni Müdafiə naziri təyin etdiyi və qərarının parlament tərəfindən təsdiqlənəcəyi gözlənilən Rüstəm Ömərova gəlincə, onun 41 yaşı var, keçmiş deputatdır və əslən Krım tatarıdır. 2022-ci ilin sentyabrından indiyədək Ukraynanın Dövlət Əmlak Fonduna rəhbərlik edən Ömərov Qara dəniz taxıl müqaviləsi ilə bağlı həssas danışıqlarda mühüm rol oynayıb.




Ana səhifəyə qayıt        Baxış: 5 710          Tarix: 4-09-2023, 09:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma