Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Bertran Buhvalter və Xarici İşlər Nazirliyinin Kontinental Avropa şöbəsinin müdiri, ATƏT-in Minsk qrupunun həmsədri Bris Rokfeyl ilə ikitərəfli münasibətləri müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb.
“İyunun 19-da katib Armen Qriqoryan Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Bertran Buhvalter və Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa şöbəsinin müdiri, ATƏT-in Minsk qrupunun həmsədri Bris Rokfeyl ilə işgüzar nahar edib”, – qurumun mətbuat xidməti qeyd edib.
Bildirilib ki, görüşdə “Ermənistan – Fransa ikitərəfli çoxşaxəli əlaqələrin inkişafı” müzakirə edilib.
“Ermənistan – Fransa əməkdaşlığının perspektivləri və çoxtərəfli platformalar məsələlərinə toxunulub”, – məlumatda bildirilib.
Xatırladaq ki, daha öncə Ermənistanın Fransadan 36 ədəd “Caesar” özüyeriyən artilleriya sistemi aldığına dair məlumat yayılmışdı.
İyunun 18-də Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq.
Paylaş: